Modern.az

“Nə güllə səsi, nə hay- küy qorxudur bizi” - Qazaxın cəbhə xəttindəki məktəbindən REPORTAJ

“Nə güllə səsi, nə hay- küy qorxudur  bizi” - Qazaxın cəbhə xəttindəki məktəbindən REPORTAJ

24 Oktyabr 2014, 15:20


30-dan çox media orqanının nümayəndəsi Təhsil və Müdafiə nazirliklərinin cəbhəyanı bölgələrə təşkil etdiyi iki günlük səfər çərçivəsində bu gün Qazax rayonunun Asalnabəyli və 2 saylı Çaylı tam orta məktəbində olublar.  

Salam!
Hazırda mənim məzarımı ziyarət edirsiniz. Hamınız gözlərimin içinə baxıb deyirsiniz ki, onun gözlərindəki işığa bax. Baxın və tanıyın. Mən Əhmədov Yaşar. 1970-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşam. Birazdan ziyarət edəcəyiniz Aslanbəyli kənd tam orta məktəbini bitirmişəm. Pilot idim və 2013-cü ilin fevralında yaralı hərbçiləri gətirmək üçün təyyarəmi işə salanda, təyyarə havada şıltaqlıq etdi. Ya təyyarəni “Sədərək” Ticarət Mərkəzinin üzərinə salmalı idim, ya da havada partlayana qədər sürməli idim. İkincini seçdim və gölə düşüb həlak oldum. Bu gün bizim kəndimizə gəlmisiniz. Necə deyərlər, Xoş gəlmişsiniz. Buyurun kənd məktəbi sizi gözləyir.

Doğurdan da kənd məktəbi bizi gözləyirdi. Şagird, müəllim kollekviti və hətta veteran müəllimləri ilə birgə. Məktəbin qapısında iki veteran müəllimlə qarşılaşdım.

Şair Məmməd İlqarın atası, 87 yaşlı Mədət müəllim:

Məmmədov Mədət: “Ali məktəbi bitirəndən bu məktəbdə dərs demişəm. 1949-cu ildən bu yana 63 il şagirdlərə ədəbiyyat tədris etmişəm. Direktor olmuşam, müavin olmuşam. Veteran müəllim ağsaqqal müəllimdir, yetişdirdiyi uşaqları ilə fəxr edir. Tanınan aşıqlarımız, şairlərimiz var. İndi də gəlib bizi yada salan, yaxşı vəzifələrdə çalışan yetirmələrimiz var. Düşməndən qətiyyən qorxmuruq. Bura neçə dəfə bombalanıb, amma bir adam bu torpağı tərk etməyib. Qaçqınlarımız əziyyət çəkir, amma mən onları xoşlamıram. Niyə qaçırsan? Öl torpağında. Bizimlə sərhəddəkilərin hamısı erməni kəndləridir. Mal-qoyun otaranda atırlar. Amma kəndi qoyub qaçmırıq. Bizim kənd Qarabağ müharibəsində 24 şəhid verib. Yaşar Əhmədov da bizim şagirdimiz idi. Çox sakit təbiətli oğlan idi. Öz direktor müavinimizin oğlu idi. İki uşağı var. Amma burda yaşamırlar. Bir də bir şey deyim. İndiki gənclər, bölgədə işləmək istəmir. Hamısı qaçır. Amma qınamıram bəzən. Evimdə 5 ali təhsilli gənc xanım var. Amma onlar iş tapa bilmirlər”.



30 il Zəngilanda dərs demiş veteran müəllim Ziyad Nəsibov:
“60 il müəllim işləmişəm, 30 il Zəngilanda 30 il burda. Fizika-riyaziyyat müəllimi olmuşam. 82 yaşım var. O vaxt Zəngilana təyinatla getmişdim. Təyinatdan kənara çıxmaq olmazdı. Sonra həyat yoldaşım vəfat etdi və öz doğma kəndimə qayıtdım. Zəngilan Azərbaycanın ən ucqar rayonu idi, təyinatla ora getdim. Amma indiki gənclər gəlib kənddə işləmək istəmir. Hamı şəhərə qaçır”.  

Bəli hamı şəhərə qaçır, amma şəhərə qaçmayan və 28 ilini bu məktəəb həsr edən bir müəllimə ilə tanış oldum. Bakı Dövlət Universitetinin Mekanika-riyaziyyat fakültəsini bitirib, ADPU-də ibtidai sinif müəllimi təhsilini alan ibtidai sinif müəllimi Səbiyyə müəllimə.

“Həm Gürcüstan, həm də Ermənistanla sərhəddəyik. Üç qonşu kəndik və İncə dərədə yerləşirik. Alimlər deyir ki, İncə dərəni kosmosdan çəkəndə quruluşu saz formasını xatırladır. Siz bizi cəbhə bölgəsi kimi təqdim edirsiniz. Biz özümüzü cəbhə bölgəsi, güllə altında qalan kənd  kimi görmürük. Öz doğma yurdumuzdur. Heç bir güllə səsindən narahat olmuruq, hay-küy bizi qorxutmur. Şəhərin mərkəzində necə yaşayrılar  necə dərs deyirlər, biz də də elə. Mənim yaxınımı, Müşfiq Məmmədovu Qarabağ müharibəsində itirmişəm. Bu məktəb bir çox tanınmışlar yetirib. Deputat Səməd Seyidovun babası Əhməd Seyidov bu məktəbin məzunudur. Dəfələrlə müraciət etmişik ki, məktəb onun adını daşısın, amma müraciətimiz qəbul olunmayıb”.

İndi də əl işlərinə heyran olduğumuz Xədicədən danışım sizə. Xədicə Qasımova 8-ci sinif şagirdidir: “4-5 yaşımdan bu işlə məşğulam. Qayalıqlarda bitən mamırlar, güllər mənim əl işlərimi düzəltməyimdə ən böyük köməkçilərimdir. “Ətraf mühitə töhfəmiz” sərgisində 3-cü yer qazanmışam. Amma özüm hüquqşünas olmaq istəyirəm. Çox qanunsuzluq görmüşəm, insanları müdafiə etmək istəyirəm”.



Nə qədər kənd məktəbinə müəllim gəlməz deyirlərsə, Liana Vəliyeva sərhəd kəndinə gələnlərdəndir:

“1989-cu ildə Ağstafada anadan olmuşam. 2011-ci ildə ali məktəbi bitirmişəm. 2013-cü ildə müəllimlər üçün imtahanda 31 bal toplamışam. Və Qazaxın Aslanbəyli kəndini seçmişəm. Şagirdlərimə coğrafiya fənnini tədris edirəm. Hər gün dərsimdə oluram. Nə güllə səsi, nə hay- küy məni qorxudur”.

Bəli, doğurdanda onları heç nə qorxutmur. Ən azından onların gözündə qorxu hissi görmədik. Bizi gülərüzlə qarşılayıb və gülərüzlə yola salan cəbhə məktəbləri görüşənədək.

Rüfanə GÜNƏŞ

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu