ATV telekanalındakı “Səni axtarıram” verilişinin aparıcısı, “Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızının türkiyəli müğənni Doğuşa (əsl adı Orxan Baltaçı-red.) ərə getməsi xəbəri neçə gündür Azərbaycan mediası və sosial şəbəkələrin müzakirə mövzusudur.
Son üç gündə media və sosial şəbəkələrdə Xoşqədəm Hidayətqızı ilə Doğuşun toy şəkillərinin və nikah mərasimindən hazırlanan videonun yayılmasına, bu şəkillərə yazılan çoxsaylı şərhlərə xanım teleaparıcı tərəfindən aydınlıq gətirilməməsi əlavə suallar doğurmuşdu. Kimi bu şəkilləri “Səni axtarıram” verilişinin reytinqi aşağı düşdüyünə görə Xoşqədəm Hidayətqızının hazırladığı “piar”, kimi Doğuşun mahnılarından birinə çəkilən klip, kimi də hansısa filmdən kadrlar hesab edirdi.
Eyni zamanda, Xoşqədəmin Doğuşa gerçəkdən ərə getdiyinə inanlar da az deyildi.
Modern.az saytı xəbər verir ki, nəhayət oktyabrın 26-da Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişində məsələyə aydınlıq gətirdi. O, Doğuşa ərə getdiyini təsdiqləyib: “Mən normal şəkildə, böyüklərimin icazəsiylə ailə qurdum”.
Müğənni Doğuş Türkiyədə olduğu kimi, Bakıda da toy etməyə hazırlaşdıqlarını bildirib.
ATV telekanalındakı “Səni axtarıram” verilişinin aqibətinə gəlincə, Xoşqədəm Hidayətqızı bu projenin davam etdiriləcəyini və Azərbaycanı tərk etmək haqda düşünmədiyini vurğulayıb. Onun sözlərindən belə anlaşılıb ki, cütlük gah Türkiyədə, gah da Azərbaycanda yaşayacaq. Doğuş da “Səni axtarıram” verilişinin davam etdirilməsi işində X.Hidayətqızına dəstək olacağını söyləyib.
Modern.az