Çoxlarınız yəqin ki, ötən əsrdə - yenidənqurma zamanı böyük cinayət prosesi “pambıq işi” haqda eşitmisiniz. Bilirsiniz, bu necə və nə vaxt baş verib? Təxminən 23 il əvvəl – 1991-ci il dekabrın 25-də. Özbəkistan prezidenti İslam Kərimov “özbək işi” ilə bağlı həbs olunaraq cəzalarını respublika ərazisində çəkənlərin hamısınlı əfv edib. İndi Özbəkistanda o tarixi belə qiymətləndirirlər: “80-ci illərin sonlarında “pambıq işi” uydurulmuşdu, “özbək işi” kimi də adlanırdı və özbək xalqının mənliyinin aşağılanmasına səbəb olmuşdu.
O zaman baş verənləri SSRİ-nin elə bir yeri olmazdı ki, bilməsin. Pambıq əkini, məhsul yetişəndə elliklə hamının “ağ qızıl” tarlalarına məcburən göndərilməsi bir ənənəyə çevrilmişdi. Pambıq yığımı zamanı toy etmək belə, qadağan olunurdu. “Ağ qızıl” o çağlarda hər kəsin ömründə ağ xatirələrlə qalmırdı, sosializm yarışında geridə qalan, planı artıqlamasilə yerinə yetirməyənlərin ömrünə qara səhifələr yazılırdı.
Modern.az saytının məlumatına görə, Özbəkistanda “ağ qızıl”la bağlı vəziyyət indi də keçən əsrdəkindən fərqlənmir. Sentyabr ayı başlayanda özbəklərin “qara günləri” də başlayır.
Özbəkistanın Cizak vilayətinin Yanqiobodski rayonunun sakinlərinə pambıq yığımı başa çatana qədər nikah mərasimlərinin keçirilməsi qadağan olunub. Göstəriş bu il avqustun 25-dən qüvvədədir. Yerli özünüidarəetmə orqanlarının bu il avqustun 25-dən qüvvədə olan qadağası pambıq yığımının nə qədər sürətlə getməsindən asılıdır və iki-üç ay çəkir.
Özbəkistanda əvvəlki illərdən fərqli olaraq pambıq üçün yeni bir vasitə tətbiq olunur. Yerli hakimiyyət strukturları yığımdan əvvəl “könüllülərin” siyahısını hazırlayır. Bu siyahıya yazılanların əksəriyyəti büdcə təşkilatlarında çalışanlar olur. Onlar iş yerlərində problemlə üzləşməmək üçün pambıq yığımında iştirak etmək arzularını bildirirlər. Məsələn, Səmərqənddə hökumət sentyabrın 5-dən tibb işçilərini pambıq tarlalarına yollayıb. Urqutski rayonundakı xəstəxanalardan birinin həkimi deyib ki, tibb müəssisəsinin bütün əməkdaşlarından baş həkim məcburi qaydada pasportların surətini alaraq onların adlarını pambıq yığanların siyahısına yazıb. Pambıq yığımında iştirakdan imtina edən hər kəs isə canını 500 dollar verməklə qurtarıb.
Ekspertlərin fikrincə, bu situasiya Özbəkistan hakimiyyətinin tələb olunan normada pambıq yığmaq tələbi nəticəsində yaranıb. 2013-cü ildə isə pambıq yığımında məktəblilərdən də istifadə olunub.
Təhqir olunan fermer özünü asıb
Pambıq yığımına getməkdən canını rüşvət verməklə qurtarmaq Özbəkistanda bu ildən tətbiq olunur. Bu səbəbdən ötən illərlə müqayisədə builki yığım kampaniyasında baş verən faciələrlə bağlı geniş məlumat yoxdur. Ancaq təkcə ötən il Özbəkistanın pambıq tarlalarında baş verən olaylara nəzər yetirmək bu ölkədə hələ də keçmiş SSRİ zamanındakı ab-havanın hökm sürdüyünü təsdiqləyir.
38 yaşlı özbək fermer Safarbay Karimov pambıq tarlasında özünü öldürüb. İnsident Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasının Turtulski rayonunda baş verib. Ölən “Karimov Safarbay” fermer təsərrüfatının rəhbəri olub. İntihara üç gün qalmış o, hakimiyyət və prokurorluq nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda pambıq planını yerinə yetirmədiyinə görə təhqir olunub. Məmurlar hətta fermerə ötən yazda taxıl kəsirini də xatırladıblar: “Taxıl planını yerinə yetirmədin, pambıq planını da yerinə yetirmirsən. Artıq sənin üçün ən yaxşısı intihar etməkdir. Onsuz da səni həbs edəcəyik”.
Bundan bir sutka sonra Karimovun cəsədi ağacdan asılmış vəziyyətdə tapılıb. Fermerin 4 uşağı atasız qalıb. Onun ölümü ilə bağlı cinayət işi qaldırılıb.
Özbəkiatanda ildə 3,5 milyon tona yaxın pambıq çiyidi, 1 milyon ton pambıq lifi yığılır. Bu məhsulun ixracı respublikaya yüz milyonlarla dollar gəlir gətirir. Hüquq müdafiəçiləri dəfələrlə pambıq yığımı zamanı baş verən çoxsaylı qanunsuzluqlarla bağlı faktlara istinad edərək deyiblər ki, ölkənin hər yerində məcburi əməyə cəlbetmədən istifadə olunur.
Planı yerinə yetirməyən fermerlər təhqir olunur və cərimə ilə üzləşirlər. Bəzən isə məsələ cinayət təqibinə qədər gedib çıxır.
Pambıq planını yerinə yetirməyən fermerlər ölkədən qaçıblar
Özbəkistanda pambıq yığımı zamanı nələr baş vermir? Məsələn, Namanqan vilayətinin Çustski rayonunda pambıq tarlasına gedən avtomobilin qəzaya uğraması nəticəsində bir qız ölüb, bundan əvvəl H.Normatov adlı şəxs də pambıq yığdığı yerdə dünyasını dəyişib, Nukusski tibb kollecinin ikinci kurs tələbəsi intihar edib, tələbələr arasındakı münaqişə birinin ölümü ilə nəticələnib, elektrik vurması nəticəsində tələbə ölüb, 6 yaşlı uşaq traktorun yük yerində pambıq altında boğularaq ölüb.
Üç özbək fermer pambıq planını yerinə yetirə bilmədiklərinə görə ölkədən qaçıblar. Onlar Qaraqalpaqın Turtukulski rayonundakı üç fermer təsərrüfatının sədri Muxtar Bekimbetov, Anvar İsmoilov və Hamidjon Mirzayev olub. Bir həftə əvvəl onlar vətənlərində həbsxanaya göndərilməkdən qorxaraq Qazaxıstan vasitəsilə Rusiyaya gediblər. Mənbənin sözlərinə görə, hər 3 fermer həmin müddətə qədər pambıq yığımını 30-40 faiz yerinə yetirə biliblərmiş.
Mənbənin digər məlumatına görə, buna bənzər hadisə Özbəkistanda əvvəllər də olub: “Ötən il fermer Maksud Bobojnov hakimiyyət nümayəndələrinin təhqirləri və təqiblərinə dözməyərək Rusiyaya qaçıb”. O deyib ki, Xusanboy və Kurbondurdi adlı fermerlər isə planlaşdırılandan az pambıq təhvil verdiklərinə görə həbs olunublar.
Müğənni pambıq yığımına diqqət vermədi, cəzalandı
Estrada müğənnisi Jasur Umirov pambıq yığımı kampaniyasılnda iştirakdan imtina etdiyinə görə cəzalandırılıb. Bu məsələ “Uzbeknavo” konsert-estrada birliyinin iclasında müzakirə olunub. Umirovu özünü xəstəliyə qoyaraq pambıq yığımına getməkdən imtinaya görə günahlandırıblar. Nəticədə müğənninin lisenziyasının geri alınması qərarı verilib. Bu qərar formal olaraq belə əsaslandırılıb, o, guya lisenziya verilən zaman nəzərdə tutulan tələblərə cavab vermədiyinə görə cəzalandırılıb. Lisenziya ifaçıya konsertlərlə çıxış etmək və qastrollara getmək hüququ verirdi. Bununla onu faktiki olaraq işləməkdən məhrum ediblər. Umirovun yalnız toylarda çıxış etmək imkanı qalıb. Özbək müğənniləri üçün də əsas gəlir yeri toydur. Amma toylarda lisenziyasız çıxış etmək vergi xidməti tərəfindən mənfi qarşılana bilər.
Müğənninin lisenziyasının ləğvindəki digər bəhanə mahnsının milli mentatlitetə uyğun gəlmədiyi əsas gətirilib. Məhz bu bəhanə ilə izah ediblər ki, Umirovun sonuncu klipinin lirik qəhrəmanı “Maşa” sevdiyi qız başqasına ərə getdiyinə görə məzəmmət edir. Umirovun liseniyasının alınmasına səbəb olan “Jumaqul, Oysarı-apanın qızı” klipində böyük şəhərə gələn sadə kənd qızının dəyişə bilməməsindən də bəhs olunur.
Tələbə pambıq yığımında özünü asıb
Özbəkistanda pambıq yığımında iştirak edən kollec tələbəsi özünü öldürüb. Onun müəllimləri tərəfindən təhqir olunduğu səbəbindən intihar etdiyi bildirilib. Məlikə adlı tələbə qız Nukusski tibb kollecinin ikinci kursunda oxuyurdu. Onu və digər tələbələri Özbəkistanın Qaraqalpaq ərazisindəki pambıq yığımına cəlb ediblər. Məlikənin bir oğlanla gəzdiyini görən müəllimlər onu digər tələbələr qarşısında təhqir ediblər, onu gəzəyən qız kimi təqdim etməyə çalışıblar. Bundan sonra tələbə qız pambıq tarlası yaxınlığında asılmış vəziyyətdə tapılıb. Bu, Özbəkistanda pambıq yığımı zamanı ilk tələbə faciəsi deyil. 2008-ci ildə bir tələbə qız gündəlik yığım normasını yerinə yetirmədiyinə görə danlandığı üçün özünü öldürüb.
Aqrar sənaye kollecində təhsil alan başqa bir tələbə qız isə pambıq tarlası yaxınlığındakı yataqxanada elektrik cərəyanı vuirması nəticəsində ölüb. Bundan əlavə, pambıq yığımı zamanı baş verən insident zamanı da bir tələbə ölüb, bir neçəsi yaralanıb. Münaqişənin yuxarı kurs tələbələri - “dedovşinsa”lar tərəfindən qızışdırıldığı bildirilib.
Ağ xalatlılara “ağ qızıl” yığdırılır
Pambıq yığımı başlayanda Özbəkistanın səhiyyə müəssisələrinin başı üzərini qara buludlar kəsdirir. Psaytaxt Daşkənndə belə, ağ xalatlılar “ağ qızıl” yığmağa səfərbər olunurlar. Xəstəxanalarda hətta pambıq yığımına görə xəstə qəbulu və əməliyyatlar dayandırılır. 1 nömrəli Respublika Klinik Xəstəxanasının cərrahları və reanimatoloqları da pambıq tarlasına aparılırlar. Xəstəxanada tibb personalının 30 faizə qədəri saxlanılır. Tibb işçilərinin pambıq yığma kampaniyasına cəlb olunmasına “təcili yardım mərkəzi” də adlanır.
“Əgər hamı pambıq yığımana cəlb olunursa, insanlara ekstern tibbi yardımı kimlər edəcək?” deyə həkimlərdən biri deyib. Bəzən pambıq yığımına hətta təcili yardım briqdaları da cəlb olunur. Bu zaman çağırışlara həkimlərin yerinə tibb bacıları gedir.
Daşkəndli pensiyaçı Zinaida Şuşkovanın sözlərinə görə, ürək tutmasına görə təcili yardım çağıraraq onu xəstəxanaya yerləşdirməyi xahiş edib. Amma çağırışa gələn tibb bacıları deyiblər ki, həkim olmadan bunu edə bilməzlər: “Tibb bacıları məni aparmaqdan imtina etdilər. Dedilər ki, mənə hətta xəstəxananın qəbul otağında təcili yardım həkimin rəyi olmadan baxmayacaqlar.
Tibb bacıları bildirirlər ki, həkimlərlə birgə pambıq yığımına təcili yardım xidmətinin bəzi sürücüləri də aparılırlar”.
Sahibkarlar, eyni zamanda Daşkənddə atraksion biznesi ilə məşğul olanlar da məhsul yığımına cəlb edilirlər. Sırdərya vilayətində isə könüllü olaraq pambıq yığımına getməyən biznesmenlər fəaliyyətlərinin yoxlanılacağı, hətta barələrində cinayət işi açılacağı ilə hədələniblər. Hakimiyyət analoji üsulları digər kateqoriyadan olan vətəndaşlara – ruhanilərə, sənaye müəssisələrinin işçilərinə də tətbiq edir.
Özbək milisləri pambıq yığanı öldürüblər
2012-ci ildə Kaşkadərya vilayətinin Şahrisab şəhərində milis əməkdaşları 18 yaşlı pambıq yığanın öldürülməsində şübhəli bilinərək barələrində cinayət işi qaldırılıb. Verilən məlumata görə, oktyabrın 6-da 18 yaşlı Navruz İslamov pambıq tarlasına müəllim işləyən anasının əvəzinə gəlib. O, bir müddət işlədikdən sonra özünü pis hiss etdiyindən evə getmək istəyib. Amma pambıq yığanlara nəzarət edən iki milis əməkdaşı gənc oğlanı saxlayıblar. Milislər işləməkdən imtinaya görə onu möhkəm döyüblər. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan İslamov orada dünyasını dəyişib. Analoji hadisənin Kamaşinski rayonunda da baş verdiyi bildirilib. Orada isə içkili milislər pambıq yığanı ölənədək döyüblər.
Tələbəni onun yerinə pambıq yığan qadın öldürüb
Əndican Dövlət Universitetinin üçüncü kurs tələbəsi 21 yaşlı Zulfira Əhmədova səhhətindəki problemə görə pambıq yığmaqdan imtina edib. O, dekanlığa lazım olan bütün tibbi arayışları təqdim edib, amma orada ona deyiblər ki, mütləq tarlaya getməlidir, ya da öz yerinə başqasını göndərməlidir. Bu zaman tələbə qız Cəlalolkudukski rayon sakini 25 yaşlı Botira Yulboevanı bu işə cəlb edib.
Botira pambıq yığımından qayıdanda Zulfiranın yanına gedərək vəd olunan pulu istəyib. Bu zaman aralarında münaqişə yaranıb. Botira bıçaqla Zulfiraya və onun anasına hücum çəkib. Nəticədə tələbə aldığı xəsarətdən yerindəcə keçinib, anası isə xəstəxanaya yerləşdirilib.
Modern.az