Modern.az

Evində azərbaycanlını əsir saxlayan erməni general - Onu məhkəməyə vermək istəyirlər…

Evində azərbaycanlını əsir saxlayan erməni general - Onu məhkəməyə vermək istəyirlər…

5 Noyabr 2014, 23:19


Ermənistanda hüquq müdafiəçisi hesab edir ki, istefada olan general Manvel Qriqoryanın Qarabağ müharibəsindən sonra evində azərbaycanlı əsir saxladığına dair etirafı “Cenevrə Konvensiyasının pozulması haqqında cinayət barədə məlumat” kimi nəzərdən keçirilməli və bunun əsasında cinayət işi açılmalıdır.

Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin rəhbəri Artur Sakunts hesab edir ki, hakim Respublikaçılar Partiyasının parlament üzvü Manvel Qriqoryanın “etirafı” Ermənistan Milli Məclisində müzakirə olunmalı və “hüquq mühafizə orqanlarının diqqətini çəkməlidir”.

Öz növbəsində Artur Sakunts generalın bəyanatı əsasında araşdırma başlamaq üçün Ermənistan Baş Prokurorluğuna müraciət etməyə hazırlaşır.

Modern.az saytı “BBC Azərbaycanca”ya istinadən xəbər verir ki, Manvel Qriqoriyandan bu bəyanata reaksiya almaq hələlik mümkün olmayıb.

Ermənistan tərəfindən 1992-ci ildə imzalanmış Cenevrə Konvensiyalarına əsasən, hərbi əsirlər ayrı-ayrı şəxslərin evində, yaxud başqa yerdə saxlanıla bilməz, onlar müharibə tərəflərinin nəzarətində olmalıdırlar.

“Yüzlərlə əsir...”

Şənbə günü Müdafiə Nazirliyi ilə rəhbərlik etdiyi “Yerkrapah” müharibə veteranları təşkilatının birgə tədbirində iştirak edən istefada olan general-leytenant, 2000-2008-ci illərdə Ermənistan müdafiə nazirinin müavini Manvel Qriqoryan jurnalistlərə Qarabağ müharibəsindən Ermənistana yüzlərlə azərbaycanlı əsirlə qayıtdığını deyib.

“Azadlıq” radiosunun erməni xidmətinin dəqiqləşdirici sualını cavablayan general azərbaycanlı əsirlərdən birini iki il Mardakertdə, iki il də Eçmiədzində öz evində saxladığını və ona “Simon Simonyan” adını verdiyini deyib.

“Sonra göndərmişəm, gedib... Qırmızı Xaça vermişəm, aparıb onlara təhvil veriblər. Çünki anası, bacısı, nişanlısı var idi... Evə getməyi çox istəyirdi, mən də buraxdım, getdi”, - general Manvel Qriqoryan deyib.

Müxbir azərbaycanlı əsirin 15-16 yaşı olduğunu deyəndə, Manvel Qriqoryan razılaşmayıb: “Xüsusi təyinatlı olub. Təlim keçmiş, hazırlıqlı, öküz kimi... Yox bir, 15 yaşında!.. Onu əsir götürüncə nə cətinliklərdən keçmişik...”.

“Baş başa dəyişmə”

Hüquqi Zorakılıq Əleyhinə ictimai təşkilatın rəhbəri Larisa Alaverdyan iddia edir ki, Qarabağ müharibəsi illərində həm Azərbaycan, həm erməni tərəflərində bəziləri "əsir düşmüş qohumlarını dəyişmək üçün evlərində əsir saxlayırdılar”.

“Hər necə olsa da, əgər general Qriqoryan biz Cenevrə Konvensiyasına qatıldıqdan sonra iki il evində əsir saxlayıbsa, bu, beynəlxalq hüquq pozuntusudur”, - Alaverdyan deyib.

Larisa Alaverdyan özü də vaxtilə dövlət səviyyəsində əsir mübadiləsində iştirak edib. “Müharibədən sonra prezident Levon Ter-Petrosyana müraciət etdik ki, əsirlərin qaytarılması işi dövlət nəzarəti altına alınsın. Ter-Petrosyan belə fərman verdi”, - Larisa  Alaverdyan xatırlayır.

Helsinki Assambleyası Vanadzor ofisinin rəhbəri Artur Sakunts Qarabağ müharibəsinin “fərdi əsir mübadiləsindən başqa qaranlıq səhifələrinin də" olduğunu və onların araşdırılması və qiymət verilməsinin zəruriliyini bildirir.

Ermənistan Baş Prokurorluğu bir gündən sonra “generalın etirafını” hüquqi baxımdan nəzərdən keçirərək, münasibət bildirəcəyini vəd edib.

Modern.az-ın məlumatına görə, Ermənistan parlamentinin deputatı, “Yerkrapa” Qarabağ müharibəsi veteranları birliyinin sədri Manvel Qriqoryan bir müddət öncə girovluqda olan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində hədə dolu bəyanatlar səsləndirib. O, jurnalistlərə açıqlamasında deyib: “Əgər azərbaycanlılar əlimə keçsəydilər, sağ qazlmazdılar”.

Ümumiyyətlə, 1991-1993-cü illərdə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda Eçmiədzin batalyonunun komandiri kimi aktiv iştirak etmiş Qriqoryan daim türklərə nifrəti ilə seçilib. O, müəyyən məqamlarda xal toplamaq üçün millətçi tonda populist çıxışlar tez-tez edir. Çünki 1994-cü ildə Qarabağ müharibəsinin bitməsinin ardından Manvel Qriqoryan ölkə hakimiyyətinin qeyri-rəsmi razılığı ilə Eçmiədzin şəhərinin sahibinə çevrilib. Bundan başqa, o, 8 il Ermənistan müdafiə nazirinin müavini kimi çalışaraq, general-leytenant rütbəsinə qədər yüksəlib. Hazırda iqtidardakı Respublika Partiyasından parlamentə üzv olan Qriqoryan qanunla qadağan olunsa da, bizneslə məşğul olur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu