Modern.az

Nüvə silahının kodunu itirən Nobel mükafatlı prezident

Nüvə silahının kodunu itirən Nobel mükafatlı prezident

Reportaj

19 Noyabr 2014, 22:31

Amerika Birləşmiş Ştatlarında prezidentlik dövründən sonra ən çox yaşayan eks-prezident Cimmi Karterdir. Bu il 90 yaşını qeyd edən Karter 33 il bundan öncə ikinci müddət prezident seçkilərinə qatılsa da, siyasi rəqibi Ronald Reyqana məğlub olub.

Modern.az saytının məlumatına görə, son illər Amerika siyasətini tənqid edən, ölkəsinin ünvanına “Bu gün Amerika Birləşmiş Ştatlarında demokratiya adlı bir şey yoxdur” fikrini cəsarətlə ifadə edən Karter prezident kimi fəaliyyətə başladığı ilk gün amerikasayağı demokratiya ilə üzləşib. Belə ki, Karter Ağ Evin “Oval” kabinetinə prezident kimi birinci dəfə daxil olanda xoşagəlməz qoxu hiss edib və təcili olaraq adminstrasiya rəhbərliyini çağırtdıraraq qoxunun səbəbini aydınlaşdırmağı xahiş edib. Məlum olub ki, prezidentin otağından ölmüş siçovulun üfunətli iyi gəlir. Bundan əsəbləşən Karter vaxtında ölmüş siçovulun kabinetdən götürülməməsini adminstrasiya rəhbərliyinə irad tutanda çox qəribə bir cavabla rastlaşıb. Ağ Evin inzibatçıları bu işin onların səlahiyyəti daxilində olmadığını söyləyiblər və qeyd ediblər ki, bu məsələ ilə Daxili İşlər Nazirliyi məşğul olmalıdır. Çünki ölkədə ekoloji məsələlər, heyvanların mühafizəsi, qorunması, bu sahə ilə bağlı problemlər də məhz onların səlahiyyəti daxilindədir.
Təbii ki, bu cavabdan sonra Karter Daxili İşlər Nazirliyinin rəhbərliyini Ağ Evə dəvət edib. Məsələni onlara agah edəndə bu dəfə də qəribə cavab alıb. Nazirlik nümayəndələri bildiriblər ki, “biz Ağ Evin həyətindəki yaşıllıqlarda, bağlarda olan vəziyyətə cavabdehik, siçovul isə artıq içəridədir və ona adminstrasiya məsuliyyət daşıyır”.
Səbri tükənən Karter hər iki qurumun rəhbərliyinə tapşırıb ki, birgə bu məsələni təcili həll etsinlər. Adminstrasiya və nazirlik nümayəndələrindən ibarət komissiya yaradılıb və siçovulun prezident kabinetindən kənarlaşdırılması nəhayət ki, təmin olunub. Problem həll olunduqdan sonra Karter bu məsələyə bircə sözlə münasibət bildirib: “Demokratiya”.

1977-1981-ci illərdə Amerikanın 39-cu prezidenti olmuş Cimmi Karterin siyasətində insan hüquqları məsələləri əsas yer tutub. O öz prezidentliyi dövründə İsrail ve Misir arasında müharibəyə son qoyan Kemp Devid müqaviləsinin imzalanmasına nail olması ilə yadda qalıb. Həmçinin Cimmi Karter tarixə Çin dövləti ilə diplomatik münasibətlərin bərpa olunması ilə düşüb.

Karter prezidentliyi dövründə SSRİ-nin Əfqanıstana ordu yeritməsini də sərt tənqid edib. O bununla bağlı Leonid İliç Brejnevə xəbərdarlıq edib ki, SSRİ tərəfindən hərbi əməliyyatların keçiriləcəyi təqdirdə Amerika silahlı qüvvələri bunu cavabsız qoymayacaq.

Onu da qeyd etmək yerinə düşər ki, Cimmi Karter Brejnevin yağlı öpüşlərini könüllü qəbul edən, ondan yayınmağa çox da cəhd göstərməyən siyasi liderlərdən biri olub.

Karterin ikinci müddət prezident seçilməməsinə əsas səbəblərdən biri həmin dövrdə İranı bürüyən siyasi dalğalar zamanı Amerika Birləşmiş Ştatlarının Tehrandakı səfirliyindən 53 nəfər amerikalının əsir götürülməsi olub. Karterin xüsusi tapşırığı ilə əsir düşmüş amerikalıların azad olunması üçün hərbi əməliyyat hazırlansa da, uğursuzluqla nəticələnib. Reyqanın seçkilərdə qələbəsindən dərhal sonra isə amerikalılar azad olunub. Bu hadisə Reyqanın siyasi reytinqini yüksəldib.



Karterin siyasi karyerasına zərbə vuran digər səbəblərdən biri isə onun hakimiyyəti illərində neftin qiymətinin sıçrayışla yüksəlməsi olub ki, bunun da nəticəsində işsizlik və infilyasiya ən yuxarı həddə çatıb və 1979-cu ildə Amerika faktiki olaraq iqtisadi fəlakətin astanasında dayanıb.

Eks-prezident 28 kitabın müəllifidir. O, bir dəqiqədə 2000 söz oxumaq bacarığına malikdir.

2002-ci ildə Cimmi Karter “Dünyadakı münaqişələrin sülh yolu ilə həlli üzrə səylərinə və insan haqları uğrunda mübarizəyə görə ”Nobel Sülh mükafatı”na layiq görülüb.

Cimmi Karterin prezidentliyi dövründə yaddaqalan hadisələrdən biri onun Amerika Birləşmiş Ştatlarının nüvə silahlarının kodu yazılmış kartı itirməsidir. Karter pencəyini kimyəvi təmizləməyə göndərəndə kartı onun cibindən götürməyi unudub. Nüvə silahının kodunun itirilməsi Amerika prezidentləri tərəfindən bir-neçə dəfə baş verib. Əgər Karterin itirdiyi kod kartı tez bir zamanda tapılıbsa, Klintonun itirdiyi kod ümumiyyətlə tapılmayıb və kodlar yenilənib.

Daha bir maraqlı və kütləvi informasiya vasitələrində geniş yer almış olaylardan biri isə Karterin balıq tutduğu vaxtda baş verən hadisə olub. Karter balıq tutan zaman böyük bir çöl dovşanı onun qayığına cumub. Prezident onu yalnız avarla uzaqlaşdıra bilib. Səhərisi gün “Karterə dovşan hücum edib” başlıqlı yazılar mətbuatda əsas mövzuya şevrilib. Bəzi siyasətçilər isə buna siyasi don geyindirərək, dovşanın Karterə hücumunu onun zəif prezident olması kimi qiymətləndiriblər.

Dovşanın Karterə hücumu onu çox sevdiyi məşğuliyyətindən, balıq tutmaq həvəsindən ayırmayıb. 90 yaşlı eks-prezident bu həvəsə görə bu il Rusiyanın Murmansk vilayətinə gəlib. Balıqçılıq üçün çox əlverişli və münasib sayılan Ponoy çayında balıq tutmaq Karterin çoxdankı arzusu olub.

Prezidentlik müddəti başa çatdıqdan sonra Cimmi Karter dünyanın bir çox dövlətlərinə səfər etməyə başlayıb. O öz siyasi fəaliyyətini dünyada baş verən hərbi münaqişələrin və siyasi problemlərin həllinə yönəldib.

Amerikalılar Cimmi Karterin prezidentlik dövründən sonrakı siyasi fəaliyyətini prezident olduğu dövrdən daha çox qiymətləndirirlər. Eks-prezident isə ömrünün ahıl çağında da siyasi çəkişmələrin qurbanı olan insanlara kömək etməkdən usanmır. Özünün dediyi kimi: “Əgər başqalarının bədbəxtliyinə laqeydsinizsə, onların taleyi sizdə iztirab hissi yaratmırsa, demək sizi insan adlandırmaq olmaz”.

İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu