Modern.az

Rusiyanın azərbaycanlıları da öldürən ən dəhşətli skinhedləri - ARAŞDIRMA

Rusiyanın azərbaycanlıları da öldürən ən dəhşətli skinhedləri - ARAŞDIRMA

Reportaj

25 Noyabr 2014, 14:40

Sovet İttifaqının dağılması Rusiyada ağır iqtisadi-siyasi duruma səbəb oldu. Bir anda ideoloji boşluğa düşən ruslar qeyri-stabil iqtisadi və siyasi problemlərdən əziyyət çəkirdilər. Digər tərəfdən, ölkəyə keçmiş sovet respublikalarından axın edən mühacirlər və Çeçenistanda başlayan müharibə daim “böyük xalq” sindromundan əziyyət çəkən ruslarda milli hisslərin güclənməsinə səbəb oldu.

90-cı illərin ikinci yarısındakı iqtisadi böhran zamanı əmək bazarında Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindən gələn çoxsaylı əmək mühacirləri ilə gərginləşən iş rəqabəti də “böyük rus şovinizmi”nin qızışmasına təkan verirdi. Təsadüfi deyil ki, 90-cı illər Rusiyada faşizm və neonasizm ideologiyasına xidmət edən, Adolf Hitleri “bütləşdirən”, əsasən aztəminatlı ailələrdən olan gəncləri öz sıralarında birləşdirən təşkilatlar və qruplaşmalar yaranmağa başladı. Özlərini Hitlerin elan etdiyi “ali irq”ə - arilərə aid edən bu gənclər Rusiyada mühacirlərin azlıq olduğu bütün iri şəhərlərdə qrup halında birləşməyə başladılar. Həyatda öz yerini tapmayan bu gənclərin məqsədi “rus torpağını miqrantlardan təmizləmək” idi. Skinhed jarqonunda belə miqrantlar həqarətlə “işğalçı”, yaxud “biokütlə” adlanırdı.

Skinhedlər, adətən öz hücum obyektlərini seçərkən ilk növbədə onun xarici görünüşünə diqqət edir və sırf vizual görüntü əsasında qarşılarındakı şəxsin “qeyri-slavyan milliyəti”ndən olduğunu müəyyən edirdi. 90-cı illərin sonlarından başlayaraq milli zəmində qafqazlı və asiyalı şəxslərə hücumlar geniş miqyas aldı. Lakin Rusiya hüquq-mühafizə orqanları inadla bu kimi faktları “milli” kontekstdən çıxarır və daha çox xuliqanlıq kimi təsnif edirdi. Təsadüfi deyil ki, Rusiyada “milli, irqi, cinsi, yaxud dini zəmində qətl” maddəsi ilə günahları sübuta yetirilən ilk şəxs yalnız 2003-cü ildə mühakimə olunub. Maraqlıdır ki, bu şəxs beynəlmiləl ailədə doğulan azərbaycanlı Zaur Rəfiyev idi. Anası rus, atası azərbaycanlı olan Rəfiyev 2002-ci ildə Vyatka şəhərində Ermənistan vətəndaşını qətlə yetirib.

Modern.az saytı bu yazıda müasir Rusiya tarixinin ən qanlı skinhed qruplaşması – Artur Rıno və Pavel Skaçevaskinin başçılıq etdiyi kriminal dəstənin törətdiyi silsilə qətllərdən bəhs edəcək. Xatırladaq ki, qruplaşma Azərbaycan vətəndaşı da daxil olmaqla 20 nəfəri qətlə yetirməkdə, 12 nəfəri isə ağır yaralamaqda ittiham olunur. Halbuki, Artur Rıno ibtidai istintaq zamanı 37 nəfərin öldürüldüyünü səmimi etiraf edib.



Artur Rıno-Pavel Skaçevski qruplaşması 2006-cı ilin avqustunda, Rusiyada millətçiliyin və skinhed qruplaşmalarının kəskin aktivləşdiyi dövrə təsadüf edir. Təsadüfi deyil ki, 2006-cı il avqustun 21-də Moskvada ən çox mühacirin çalışdığı Çerkizov bazarında törədilən terror aktı millətçi Artur Rınonu mühacirlərə təklikdə hücum edərək öldürən skinhed qruplaşması yaratmağa sövq edib. Xatırladaq ki, Çerkizov bazarındakı partlayış zamanı 14 nəfər həlak olub, 61 nəfər xəsarət alıb. Hadisəni törədən “Spas” millətçi rus təşkilatının bütün 5 üzvü buna görə həbs olunub.

Məhz hadisənin baş verdiyi 2006-cı ilin avqustunda Rusiya Rəssamlıq Kollecində təhsil alan 17 yaşlı ikonaçı rəssam Artur Rıno Moskvada tanış olduğu dostu – məktəbi qızıl medalla bitirən, Rusiya İdman Akademiyasında oxuyan Pavel Skaçevski ilə birlikdə ultramillətçi görüşlərə malik radikal skinhed qruplaşması yaradır. İmkanlı ailələrdən olan və yetkinlik yaşına çatmamış Nikolay Daqayev, Denis Lavrinenkov, İvan Kitaykin, Aleksandr Anikin, Vladimir Nikitin və Roman Kuzin də sonradan qruplaşmanın üzvü olurlar.
2006-cı ilin avqustundan 2007-ci ilin aprelinə, yəni qruplaşma zərərsizləşdirilənə qədər “Artur Rıno və dostları” 37 nəfər insanın həyatına son qoyacaqdılar. Sonralar istintaqa ifadəsində onlar cinayətlərinin motivi kimi “Moskvanın qeyri-slavyan görkəmli şəxslərlə dolu olmasını” səbəb gətirdilər.

Burada haşiyəyə çıxaraq qruplaşma lideri Artur Rınonun tərcümeyi-halına nəzər salmaq lazımdır

1989-cu ildə Yekaterinburqda anadan olan Artur “ali irq” və “rus millətinin təmizliyi” uğrunda mübarizə aparsa da, özü heç də ideal arilərdən deyildi. Onun atası Yuri milliyyətcə çukça idi və rəsmi sənədlərdə Artur Rınonun milliyyəti məhz “çukça” idi. Lakin bu yalnız o həbs edilərkən aydın olur. Yuri Rıno oğlu 3 yaşında olarkən keçirdiyi yol qəzasında həlak olur və onun tərbiyəsi ilə anası Svetlana məşğul olur. Sonralar Rıno istintaqa ifadəsində yalandan atasının ailəsini atdığını deyəcəkdi: “Atam ailəmizi atmışdı, anam isə həmişə işdə olurdu. Qaldığımız kommunal yataqxanadakı qonşularımızın çoxu “xaçlar” (qeyri-slavyanlara qarşı istifadə olunan həqarətli ifadə) idi və onlarla tez-tez münaqişəm olurdu”.
Artur Rınonun vəkilləri istintaq zamanı müdafiə etdikləri şəxsdə millətçilik hisslərinin yaranmasına məktəb vaxtı çeçen yoldaşları tərəfindən döyülməsinin rəvac verdiyini söyləyirdilər.



Dəstənin ikinci əsas siması Pavel Skaçevski isə 1989-cu ildə Moskvada anadan olmuşdu. Onun atası şəhər məktəblərindən birinin direktor müavini idi. Skaçevski isə millətçi hisslərin onda 1999-cu ildə Moskvada yüzlərlə insanın ölümünə səbəb olan yaşayış binalarının partladılması ilə əlaqədar yarandığını etiraf edirdi:

“Mən Quryanov küçəsi ilə üzbəüz yerləşən binada yaşayırdım. 1999-cu ildə çeçenlər həmin binanı partladanda mənim bir çox tanışlarım da orda həlak olmuşdu”.

2006-cı ilin yayında 17 yaşlı Rıno Yekaterinburqdan Moskvaya – Rəssamlıq kollecinə oxumağa gəlir. O bu zaman artıq ultramillətçi və şovinist görüşlərə malik idi. Tezliklə Moskvadakı skinhed və millətçi dairələrlə əlaqə quran Rıno özü kimi 1989-cu ildə anadan olan Pavel Skaçevski və gələcək qruplaşmanın digər üzvləri ilə tanış olur. Qruplaşma üzvləri Moskvanın müxtəlif yerlərində qafqazlı və Mərkəzi asiyalı mühacirlərə hücumlar edərək onlar arasında panika yaratmağı və beləliklə onların Moskvaya kütləvi axınlarının qarşısını almağı düşünürlər. Şəhərin qaranlıq dalanlarında, gözdən uzaq yerlərində sırf vizual görkəminə görə qeyri-rus kimi müəyyən etdikləri şəxsləri öldürən skinhedlər bunun üçün əsas vasitə kimi bıçaqdan istifadə edirlər. Ələ keçməmək üçün “aksiyalar” şəhərin müxtəlif səmtlərində həyata keçirilir. “Mühacir ovu”na çıxmazdan öncə isə onlar hər dəfə üzərlərində əlavə paltar dəsti götürürdülər ki, cinayət yerindən tanınmadan uzaqlaşa bilsinlər. Artur Rınonun təklifi ilə skinhed qrupuna ad qoyulmur, onlar ənənəvi skinhedlər kimi başlarını keçəl qırxmırlar və bir-biri ilə yalnız elektron səhifədən “parol söz”lərlə əlaqə saxlamağa başlayırlar.

“Çerkizov” bazarında 2006-cı ildə baş verən partlayış dəstə üçün siqnal rolunu oynayır.   



Sonralar həbsxanadakı ifadələrində Artur Rıno həmin hadisənin onun üçün “ilham mənbəyi” olduğunu bildirib. Terror aktını baş verdiyi gün 17 yaşlı Rıno dostu Nikolay Daqayevlə birlikdə metronun “Partizanskaya” stansiyası qarşısında görüşür. Tezliklə qruplaşmanın digər üzvü Svetlana Avakumova və istintaqın şəxsiyyətini müəyyənləşdirə bilmədiyi daha 2 nəfərlə birlikdə onlar “Çerkizov” bazarının yaxınlığına gəlirlər. Gecə saat 2 radələrində onlar səyyar ticarətlə məşğul olan Çin Xalq Respublikası vətəndaşı Çjao Şiboya hücum edirlər. Rıno çinliyə 5 bıçaq xəsarəti yetirir. Onun öldüyünü zənn edən qruplaşma üzvləri dərhal ərazini tərk edirlər. Bununla da “Rıno-Skaçevski” qruplaşması ilk aksiyasını gerçəkləşdirir. Həkimlərin səyi nəticəsində Şiboyanın həyatını xilas etmək mümkün olur. İlk aksiyadan ruhlanan qruplaşma növbəti hücuma daha diqqətlə hazırlaşır. 2006-cı il oktyabrın 15-də “Pavşino” stansiyası yaxınlığındakı elektrik qatarında Artur Rıno və şəxsiyyəti məlum olmayan daha bir nəfər zahirən “asiyalı” görkəmə malik Aleksandr Leqaya hücum edirlər. Sinə və döş nahiyələrindən 6 bıçaq xəsarəti almasına baxmayaraq, Leqay da skinhedlərin hücumundan sağ qurtulur. Lakin 2007-ci il yanvarın 5-də, sayca 3-cü aksiyaları zamanı Rıno, Skaçevski və daha bir nəfər yoldaşı “Akademik” metrostansiyası yaxınlığında Sergey Çebulovu qətlə yetirirlər.  3 gün sonra isə “Yeni Çeremuşki” stansiyasında dəstə üzvləri 2 Tacikistan vətəndaşına – Malıbəyov və Hacıhəsənova hücum edirlər. Çoxsaylı bıçaq xəsarətləri alsa da, onları xilas etmək mümkün olur.

Bundan sonra Rıno və Skaçevski hücumlar arasındakı intervalı azaldırlar və bir neçə gündən bir hücumlar edirlər. Belə ki, 2007-ci il yanvarın 22-də Moskvanın Haribaldi küçəsində gürcü əsilli vətəndaş Calaqoliya 20 bıçaq xəsarət yetirməklə öldürülür. Ardınca 32 yaşlı Sultanov soyadlı Azərbaycan vətəndaşı 20 bıçaq xəsarəti ilə öldürülür. Onlar Rusiya KİV-lərinin hadisələri yaxşı işıqlandırmadığını düşündüklərindən hər gün bir neçə rezonans cinayət törətmək qərarına gəlirlər.

2007-ci il yanvarın 26-da Moskvanın İzmaylovsk bulvarında “şübhəli görkəmi” olduğuna görə hücum etdikləri etnik rus Mixail Çernobıla ağır xəsarətlər yetirilir. Bundan sonra avtobusla Ussuriysk küçəsinə gələn Rıno və Skaçevski burada Tacikistan vətəndaşı Toşkulotova hücum edərək ona 30-dan artıq bıçaq xəsarəti yetirərək qətlə yetirirlər. Bir həftə sonra Zorge küçəsində Özbəkistan vətəndaşı Rövşənova, bir neçə saat sonra isə “Vodniy stadion” stansiyasında Tacikistan vətəndaşı Şexova hücum edirlər.


Mühacirlərə edilən hücumlarla bağlı araşdırmaya səhlənkar yanaşan Moskva polisi skinhedlərin daha da fəallaşmasına səbəb olur. Tezliklə onlar Tacikistan vətəndaşı Açildeyevə ağır xəsarətlər yetirir və Prokopyev soyadlı bir nəfərə 50-dən artıq bıçaq xəsarəti yetirməklə qətlə yetirirlər.
2007-ci il aprelin 9-da qruplaşma ən amansız qətlini törədir. Onlar Əzimov soyadlı özbək tələbəyə 56 bıçaq xəsarəti yetirərək öldürürlər. Artur Rıno bundan sonra onun sol qulağını da kəsir. 2007-ci il aprelin 16-da Artur Rıno və Pavel Skaçevski sonuncu qətllərini törədirlər. Həmin gün axşam saatlarında onlar “qafqazlı” kimi müəyyən etdikləri 46 yaşlı Bakı ermənisi Karen Abramyanın izinə düşürlər. Abramyan Moskvanın cənub-şərqində yaşadığı binaya yaxınlaşan zaman Artur Rıno və Pavel Skaçevski onun qarşısını kəsirlər və ona dəyənək və bıçaqla dayanmadan zərbələr endirməyə başlayırlar. Sığorta şirkətinin sahibi olan Abramyan 50-dən artıq bıçaq xəsarəti alır və hadisədən 4 saat sonra xəstəxanada keçinir.  

Lakin skinhedlər ərazidən çox uzaqlaşa bilmirlər. Hadisəyə şahidlik edən keçmiş müstəntiq özünü itirir və polisə zəng edərək cinayətkarların ərazini 26 nömrəli travmayda tərk etdiklərini söyləyir.

Tramvayı saxlayan polis Rıno və Skaçevskinin üzərinə baxış keçirir. Onlar Rınonun üzərində Abramyanın qanlı əl izini və 10 santimetrlik 2 bıçaq aşkarlayırlar. Polis bölməsində verdiyi ilk ifadəsindəcə Rıno hadisəni etiraf edir. Bununla da kifayətlənməyərək 2006-cı ilin avqustundan bəri təkbaşına, yaxud əlbir olduğu dostları ilə birlikdə 37 qətl və 20-dən artıq hücumda iştirak etdiyini deyir. Rıno Abramyandan bir neçə saat öncə Tacikistan vətəndaşı Xeyrulla Sadıqovu da qətlə yetirdiklərini etiraf edir.

Həbs olunduqları an 18 yaşları yenicə tamam olan Rıno və Skaçevski məhkəmənin qərarı ilə “yetkinlik yaşına çatmamış şəxslər” kimi mühakimə olundular. Rusiya qanunvericiliyi isə yetkinlik yaşına çatmayan şəxsləri maksimum 10 il müddətinə azadlıqdan məhrum edə bilərdi. Halbuki, istintaq ən azı 2 qətlin canilərin 18 yaşı olarkən törədildiyini müəyyən edə bilərdilər. Digər tərəfdən, istintaq qruplaşmanın aksiyalarında iştirak edən 10-a yaxın şəxsin kimliyin müəyyən edə bilmədi.

Artur Rınonun iddia etdiyi 37 qətllə bağlı geniş araşdırılma aparılmadı və məhkəmədə “Artur-Skaçevski işi” adını alan proses onları yalnız (milli, irqi, dini nifrət zəminində) 20 qətl və zərərçəkmişin ağır xəsarətlər alması ilə nəticələnən 13 hücumda ittiham etdi. İttiham aktı 45 səhifədən artıq idi.

2008-ci il dekabrın 15-də Moskva şəhər məhkəməsi  Artur Rıno (ləqəbi “Baluya”) və onun dostlarını milli zəmində qətllər törətməkdə təqsirli bilərək müxtəlif müddətlər azadlıqdan məhrum edirlər. Rıno cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilir.

Rusiya Ali Məhkəməsi 2009-cu il aprelin 28-dəki qərarı ilə məhkəmənin hökmü qüvvədə saxlanılıb. 2010-cu il aprelin 8-də cinayət işi ilə bağlı ortaya çıxan yeni faktlar əsasında yenidən 10 il müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci ildə azadlığa çıxacaq. Prosesin sonunda Artur Rıno “Dinə, çara və vətənə görə” qətllər törətdiyini bildirib:
“Bütün problem ondadır ki, bolşeviklər çar ailəsini güllələdilər. İndi baxın, yadellilər torpaqlarımızı basıblar”.    

Pavel Vladimiroviç Skaçevski (ləqəbi “Pomponçik”) – 1989-cu ildə Moskvada anadan olub. 2008-ci il dekabrın 15-də və 2010-cu il aprelin 8-də Moskva şəhər məhkəməsinin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. O 2017-ci ildə azadlığa çıxacaq

Roman Yevgeniyeviç Kuzin (ləqəbi Kərpic”) – 1988-ci ildə Moskvada anadan olub. 2008-ci il dekabrın 15-də və 2010-cu il aprelin 8-də Moskva şəhər məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir. O, 2030-cu ildə azadlığa çıxacaq.

Dəstənin digər üzvləri  - Vitali Nikitin İvan Kitaykin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə müvafiq olaraq 12  və 10 il müddətinə azadlıqdan məhrum edilirlər. Nikolay Daqayev və qruplaşmanın hücumlarını videoya çəkərək internetdə yayan Svetlana Avakumova isə məhkəmə qərarı ilə bəraət alırlar. 



Rıno və Skaçevski 2010-cu ildə keçirilən ikinci məhkəmə prosesləri zamanı özləri də bilmədən Rusiya hüquq-mühafizə və məhkəmə sisteminin kobud səhvini ifşa edirlər. Onlar 2007-ci il aprelin 4-də 37 yaşlı Maksim Lavriki öldürdüklərini də etiraf edirlər. Rınonun sözlərinə görə səhvən “qafqazlı”ya bənzətdikləri etnik rus Lavrikə onlar 50-dən artıq bıçaq xəsarəti yetirirlər. Bu etiraf həmin cinayətə görə 14 il müddətinə azadlıqdan məhrum edilib və artıq 3 il 2 aydır törətmədiyi cinayətə görə cəza çəkən 22 yaşlı Maksim Rudenkonun günahsız olduğunu sübuta yetirirdi. Sonradan ayıdın oldu ki, Moskvanın “Preobrojensk” polis idarəsinin əməkdaşları 2 saat işgəncə verdikdən sonra Rudenkonu cinayəti törətdiyini etiraf etməyə məcbur ediblər.

2010-cu ilin aprelində cinayət işində meydana çıxan yeni faktlarla bağlı (2006-cı ildə Rusiya, Çin və Ermənistan vətəndaşlarına hücumla) qrup üzlərinin növbəti məhkəmə prosesi keçirilir. Rıno və Skaçevski maksimal cəza alıqları üçün (10 il) onlar barədə məhkəmə hökmü dəyişilməz qalır, lakin Roman Kuzinin cəza müddəti 20 ildən 22 ilə qədər artırılır.

Məhkəmə prosesinə sədrlik edən federal hakim Eduard Çuvaşov hökmü elan etdikdən 4 gün sonra – aprelin 12-də öz evinin qarşısında naməlum şəxslər tərəfindən odlu silahdan açılan atəşlə qətlə yetirilir.   

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu