İstənilən Ermənistan sakini üçün “Kaluqai Samo” (Kaluqalı Samo), yaxud “Samo Taşirski” adları ilə tanınan erməni mənşəli rusiyalı biznesmen, “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan tanışdır. Bu, təsadüf deyil. “Forbes” jurnalının rus versiyasının 2014-cü il üçün açıqladığı ən zəngin rusiyalı biznesmenlər siyahısında Samvel Karapetyan 4,3 milyard dollar sərvətlə 29-cu pillədə qərarlaşıb. O, bu göstərici ilə dünyanın ən varlı ermənisi sayılır. Qeyd edək ki, 2014-cü ilə qədər dünyanın ən zəngin ermənisi “Craysler” avtomobil şirkətinin ən böyük səhmdarı, Las Veqasda kazino və mehmanxana şəbəkəsinə malik 97 yaşlı Kirk Kirkoryan (3,3 milyard dollar) hesab olunurdu.
Karapetyanın Ermənistanda tanınan sima olmasında əsas səbəblərdən biri isə biznesmenin hər il tarixi vətəninə çoxmilyonlu ianələr ayırması və Ermənistanda hakimiyyətdə olan kriminal-oliqarxik sistemlə sıx biznes və qohumluq əlaqəsində olmasıdır. Modern.az dünyanın ən zənign ermənisinin həyatı və fəaliyyəti ilə bağlı yazını təqdim edir.
Samvel Karapetyan 1965-ci il avqustun 18-də Sovet Ermənistanının Kalinino (indiki Taşir) şəhərində anadan olub. 5 min sakini olan bu kiçik şəhər daim kiçik yaşlarından ticarət və sahibkarlığa meylli olan Samvel üçün heç bir perspektiv vəd etmirdi. Lakin o, hələ bilmirdi ki, gələcək holdinqinin əsasları məhz Taşirdə qoyulacaq. Orta mərktəbi doğma şəhərində bitirdikdən sonra Samvel Karapetyan Yerevan Texniki İnstitutunun maşınqayırma fakültəsinə daxil olur. 1986-cı ildə oranı bitirir. Məzun olduqdan dərhal sonra 21 yaşlı Samvel Karapetyan əmək fəaliyyətinə başlayır. Anadan olduğu Taşir şəhərində məişət avadanlıqları istehsalı ilə məşğul olan zavodda baş texnoloq olur. 1992-ci ilə qədər, 6 il sərasər zavodda çalışan gənc mütəxəssis öncə baş texnoloq, bir az sonra isə zavodun direkoru təyin olunur. Lakin yalnız bir işlə kifayətlənmirdi. Karapetyan sonralar Rusiya mətbuatına müsahibəsində gənc yaşda zavod direktoru olmağını belə izah edirdi:
“Belə hallar çox nadir olur. Lakin mənim vəziyyətimin izahatı var. Hər şey Ermənistanda, hər kəsin bir-birini tanıdığı Kalininoda baş verirdi. Atam məktəb direktoru, anam isə ingilis dili müəlliməsi idi. Ailəmizin təmiz reputasiyası olduğu üçün zavod rəhbərliyi mənə tam etibar edirdi. Məncə, onlar məni zavod rəhbərliyinə gətirəndə doğru seçim etdiklərin anlayrıdlar”.
Kifayət qədər məqsədyönlü və aktiv gənc olduğu üçün Karapetyan tezliklə özünə yeni fəaliyyət sahəsi tapır. O, artıq 1989-cu ildə Mixail Qorbaçovun elan etdiyi yenidəndurma siyasəti çərçivəsində iqtisadi münasibətlərin liberallşamasından istifadə edərək avtomobillərin ehtiyat hissələrinin təmiri ilə məşğul olan “Zenit” korporativinin əsasını qoyur:
“İnstitutu bitirdikdən 3 il sonra mən ilk biznes layihəmin – “Zenit” çoxprofilli kooperativin əsasını qoydum. Bir qədər sonra zavodu da aldım və metalik, radiotexniki və tikiş məmulatları istehsal edən kooperativə çevirdim. Anlayırdım ki, dəyişən iqitsadi şəraitdə etibarlı meydançaya sahib olmalıyam”.
Samvel öz kiçik qardaşı Karen Karapetyanı da iş prosesinə cəlb edir və Taşirdəki məişət avdanlıqları, ilk növbədə isə qab-qacaq istehsalı ilə məşğul olan zavodda öz köməkçisi təyin edir. Sovet İttifaqının çökməsindən sonra zavod öz əsas sifarişçilərini itirir. Həmyaşıdlarının müharibəyə yollandıqları 90-cı illərin əvvlərində Samvel Karapetyan öz biznes fəaliyyətini yeni səviyyəyə çıxartmaq üçün Rusiyaya köçmək qərarına gəlir.
Rusiyadakı fəaliyyəti
90-cı illərin əvvəllərində Kaluqa vilayəti ermənilərin kütləvi miqrasiyası üçün əlverişli bölgəyə çevrildi. Sumqayıt və Bakı erməniləri Kaluqanın birinci katibi Sudarenkonun təklifi ilə “qaçqın” statusunda 90-cı illərdə vilayət ərazisinə köçürlür. Kaluqa vilayətinin qubernatoru olan Artamanov da sələfinin fəaliyyətini davam etdirərək bölgəyə ermənilərin köçməsinə şərait yaradır. 90-cı illərin əvvəllərində Kaluqaya köçən yeni nəsil mühacirlər arasında Samvel Karapetyan da var idi. O, Rusiya mətbuatına müsahibəsində Ermənistanı tərk etməsini belə əsaslandırır: “Mən Rusiyada uğur qazanmaq istəyirdim. İlk ayaq basdığım yer Lipetsk şəhəri olur. Çünki regionu və bu şəhəri yaxşı tanıyırdım. Bundan başqa, Ermənistandakı kooperativim Novolipetsk metallurgiya kombinatı ilə də sıx əməkdaşlıq edirdi. Biz onlardan metal satın alırdıq və əvəzində xüsusi geyimlər verirdik. Sonra Lipetskdən Moskvaya, ardınca Kaluqaya köçdüm. Kaluqada həm də əmi və dayı uşaqlarım yaşayırdı”.
Kaluqyaa gələndə artıq kifayət qədər maliyyə kapitalı toplayan Karapetyan dərhal öz biznesinin inkişafına başlayır. Gələcək böyük imperiyasının əsasları doğma şəhərinin adını verdiyi “Taşir” restoranları ilə başlayır. O 1997-ci ildə satışa çıxarılan “Kaluqaqlavsnab” bankını satın alır və onun prezidenti seçilir. O, bununla da Kaluqadakı əsas biznes adamlarından birinə çevrilir. Bankın ardınca, Kaluqadakı dəmir-beton istehsalı ilə məşğul olan zavod, alüminium zavodu, kərpic zavodu Karapetyan tərəfindən satın alınır. 1999-cu ildə “Taşir” şirkətlər” qrupunun rəsmən əsasını qoyduğunu elan edir. Bir qədər sonra erməni bizmesmen Kaluqadakı farmasevtik zavodu satın alır və onu sökərək yerinə ilk ticarət mərkəzi tikir. 2003-cü ilə qədər şəhərdəki bir çox təsərrüfat sahələri, enerji sistemi, məkrəzi küçələrdəki daşınmaz əmlak və s. “Taşir”in balansına keçir. Məhz buna görə 2004-cü ildə Kaluqada bir neçə min sakin mitinq keçirərək şəhərin erməni əsilli biznesmen tərəfindən şəxsi mülkünə çevrilməsinə etiraz edirlər.
Bundan sonra Samvel Karapetyan öz diqqətini paytaxt Moskvaya yönəldir. 2006-cl ildən başlayaraq Moskva əmlak bazarına daxil olan erməni əsilli biznemsen “Rio” brendi altında fəaliyyət göstərən 6, tikilməkdə olan isə 5 ticarət mərkəzinə sahibdir.
“Taşir” Penza vilayətində 300 hektar sahədə qızılgül və zanbaq yetişdirən təsərrüfat sahəsinə, “Kaskad” enerji şirkətinə, “Sinema Star” kinoteatr şəbəkəsinə və digər müxtəlif profilli şirkətlərə malikdir.
2014-cü ilin məlumatlına görə, tərkibinə 200-dən artıq irili-xırdalı şirkətin daxil olduğu “Taşir” holdinqi illik 2,6 milyard dollar ticarət dövriyyəsinə malik nəhəng qurumdur. Maraqlıdır ki, Rusiya şirkəti olmasına baxmayarq, “Taşir” holdinqində çalışan 40 min işçinin əhəmiyyətli hissəini ermənilər təşkil edir. “Taşir”in 9 vitse-prezidentindən 5-i də (onların arasında Karapetyanın qaynatası Vaspurak Poqosyan da var) erməni əsillidir.
Təsadüfi deyil ki, əsasını qoyduğu şirkət Karapetyanın şəxsi vəsaitlərinin də artmasına səbəb olub.
İlk dəfə 2010-cu ildə 750 milyon şəxsi sərvəti ilə “Forbes” jurnalının hazırladığı ən zəngin rusiyalı biznesmenlər siyahısına düşən Karapetyan reytinqdə 91-ci yerdə qərarlaşır. Sonradan sürətlə öz şəxsi kapitalını artıraraq ən zəngin Rusiya biznesmenlərindən birinə çevrilir. Artıq 2011-ci ildə “Forbes”in reytinqində 1,6 milyard dollar sərvətlə 73-cü, 2012-ci ildə 1,4 milyard dollarla 63-cü, 2013-cü ildə isə 3,8 milyard dollarla 29-cu pillədə qərar tutur. Nəhayət, 2014-cü ilin maliyyə reytinqi bir vaxtlar Ermənistanda kiçik zavodda texnoloq çalışan Karapetyanın 4,3 milyard dollar şəxsi sərvətlə Rusiyada ən zəngin 26-cı biznesmen olduğunu ortaya qoyur.
Ermənistan və Dağlıq Qarabağla əlaqələr
Samvel Karapetyan dünyanın ən zəngin ermənisi olmaqla bərabər, həm də Ermənistanda böyük biznes maraqları olan şəxsdir. O, uzun illərdir Rusiyada qazandığı maliyyə vəsaitlərini Ermənistan və Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin investisiya layihələrinə yatırır.
Məsələn, 2012-c ilin oktyabrında Yerevanın mərkəzində ölkədə ilk iri ticarət kompleksi – “Dalma Garden Mall” istifadə verilib. Prezident Serj Sərkisyanın açılışında iştirak etdiyi kompleks 43 min 500 kvadrat metr ərazini əhatə edir və 52 milyon dollara tikilib. Tikintinin bütün maliyyə xərcini Samvel Karapetyan ödəyib. Bununla yanaşı, Karapetyana məxsus “Taşir” şirkəti 2011-ci ildən bəri dəyəri 25 milyon dollar olan Yerevan sirkinin yeni binasını tikir. “Taşir” şirkətinin xeyriyyə işləri ilə məşğul olan strukturları ölkənin müxtəlif bölgələrində iri təhsil-səhiyyə obyektlərinin tikintisini gerçəkləşdirirlər. Hər il keçirilən “Hayastan” Ümumerməni Fondunun telemarafonlarına Karapetyan milyonlarla vəsait ayırır.
2013-cü ilin dekabrında isə onun sponsorluğu ilə Azərbaycanın işğal altındakı Xankəndi şəhərində dəyəri 25 milyon dollar olan xəstəxananın açılış mərasimi keçirilib. Bundan başqa, erməni biznesmen Ermənistan ordusuna dəyəri 200 min dollar olan 5 hərbi maşın da hədiyyə edib.
Samvel Karapetyanın kiçik qardaşı Karen Karapetyan hakimiyyətdəki Respublika Partiyasının əsas simalarından biridir. Karen Karapetyan 1995-ci ildən bu günə qədər 4 dəfə Ermənistan parlamentinə hakim partiyadan deputat seçilib. Bundan başqa, 2008-2011-ci lllərdə Serj Sərksiyan administrasiyasının rəhbəri, 2012-ci ildə isə Yerevan şəhərinin meri vəzifələrində çalışıb.
Ermənistan mətbuatının məlumatına görə, Samvel Karapetyan tez-tez Ermənistana gəlir. Onu prezident Serj Sərksiyan, baş nazir Ovik Abramyan, “Çiçəklənən Eermənistan” Partiyasının sədri və Ermənistanda ən zəngin biznesmen sayılan Qaqik Çarukyan, Respublika Partiyasının biznesmen deputatı Samvel Aleksanyanla dostluq münasibətləri birləşdirir. 2012-ci ildə Ermənistana növbəti gəlişi zamanı erməni oliqarxlar “Zvartnosts” hava limanının uçuş zolağını 2 saat bağlayaraq, elə uçuş zolağındaca təmtəraqlı ziyafət təşkil ediblər. Ziyafətin davam etdiyi 2 saat ərzində heç bir təyyarə Yerevana enə, yaxud havaya qala bilməzdi.
Mətbuatadan uzaq gəzən və şəxsi həyatını hər kəsdən gizli saxlayan Samvel Karapetyan 3 uşaq atasıdır. Ermənistan mətbuatının məlumatına görə, onun qızı deputat Samvel Aleksnayanın yaxın qohumu ilə evlidir. 2 oğlu isə Britaniyadakı elitar təhsil müəssisəlrində oxuyur.
Şəxsi sərvəti Ermənistanın dövlət büdcəsaindən 2 dəfəyə yaxın çox olan Samvel Karapetyan Ermənistan hakimiyyətinin çəkindiyi və bütün istəklərini həvəslə yerinə yetirdiyi biznesmen kimi tanınır.
Vüqar İsmayılov