Keçmişindən qurtulmağa çalışan, gələcəyə ümidlə baxan sirli ölkə...
Şərq və Qərbin yol ayrıcında yerləşən Əfqanıstanın geosiyasi mövqeyi - Cənubi və Mərkəzi Asiya arasında yerləşməsi, həmçinin Yaxın Şərqlə qonşuluq bu ölkəni Avsiyanın mərkəzində mühüm məntəqə olmasını şərtləndirib. Məhz bu geosiyası özəllik eyni zamanda ölkənin taleyini müəyyənləşdirib. Əfqanıstan 20-ci əsrdən etibarən böyük dünya dövlətlərinin rəqabət arenasına çevrilib. Britaniya və Rusiya imperiyaları, daha sonra SSRİ və başda ABŞ olmaqla Qərb ölkələri, son illərdə isə regionda marağı olan ABŞ, İran, Pakistan, ərəb ölkələrinin Əfqanıstanda söz sahibi olmaq planları bu ölkəni aramsız müharibələr, terrorla üz-üzə qoyub. Əfqan xalqı 35 ildir ki, amansız müharibə şəraitində yaşayır. İnanmaq çətin olsa da, bütün mərhumiyyət və çətinliklərə baxmayaraq, əfqan xalqı boyun əymir, sınmır...
Əfqanistana yola çıxmağa hazırlaşdığımı bilən çevrəmdəki insanlar getməməyi, əks halda çox ehtiyatlı olmağı məsləhət bildilər.
Beləliklə, orada nələrin baş verdiyini izləmək, bu sirli-sehirli ölkədə yaşananlardan yerindəcə xəbər tutmaq üçün Əfqanıstanın icra rəisi (baş nazir) doktor Abdullah Abdullahın dəvəti ilə bir həftəlik səfərə çıxdım...
Səfərə təkbaşına çıxsam da, NATO hərbçiləri ilə təyyarədə eyni sırada əyləşdiyimdən qorxu hissi keçirmədim. Məni Kabulun ikimərtəbəli köhnə hava limanı qarşıladı. Uzun illər müharibə aparan, terrordan əziyyət çəkən kasıb bir ölkədəydim. Pasport yoxlanışından keçərkən xüsusi cihazla ölkə vətəndaşlarından bir əlin, əcnəbilərdən isə hər iki əlin barmaq izləri götürülür. Bu, ölkəni tərk edəndə də təkrarlanır. Əfqanıstana çıxış və girişdə üzü niqablı qadınlar pasport yoxlanışında mütləq niqabı qaldırıb üzünü göstərməlidir. Elə hava limanından aydın olur ki, ölkədə ciddi qayda-qanun, təhlükəsizlik hökm sürür. Əfqanıstana səfər edənlərə yükün ona məxsus olduğunu təsdiq edən qəbzi son ana kimi özlərində saxlaması tövsiyyə olunur. Çünki yükü götürərkən qəbz təqdim edilməzsə, ciddi problem yarana bilər. Qaydalara görə, hava limanının binası qarşısına sadəcə hava limanına məxsus avtomobillər buraxılır. Yola salma mərasimi də eyni cürdür. Hava limanına daxil olmaq üçün şlaqbaumlu iki polis postundan keçdikdə sonra avtomobilin altı mina axtaran xüsusi cihazla yoxlanılır. Vəzifəsindən aslı olmayaraq, bu qayda hamı üçündür. Dönüşdə ilk yoxlama hava limanının həyətindən başlanır, sonra binaya buraxılır, ordan da səni növbəti yoxlamalar gözləyir. Səfərə çıxmayan və ya səfərdən gələnləri qarşılayan kimsə hava limanının binasına buraxılmır. Binanın daxilində restoran, kafe axtarmağa dəyməz, çünki onlar burada yoxdur. Bir kiçik köşk var, oradan “fastfud”, çay, qəhvə alıb oturdugun yerdə yeyib-içə bilərsən. “Duty free” saat 18.00-da bağlanır. Ölkəni tərk edərkən təyyarəyə minikdə biletlə bərabər pasportu göstərmək mütləqdir.
Qaranlıq küçələr, köhnə asvalt döşəmələr...
Kabul küçələri 1990-1996-cı illərin Azərbaycan rayonlarının küçələrinə bənzəyir: işıqsız, qaranlıq, kələ-kötürlü, köhnə asvalt döşəmələr. Ümumiyyətlə, elektrikə ciddi qənaət edilir. Düzdür, hava limanına yaxın tikilmiş toy evlərinin binaları və həyəti rəngli işıqlarla bərq vurur. Amma günün müxtəlif saatlarında elektrik enerjisi kəsilir. Həmin an dövlət idarələri də daxil olmaqla, qonaq evləri, otellər, diplomatik korpuslar elektrik enerjisiz qala bilər. Ölkə əhalisi və müvəqqəti yaşayan əcnəbilər bu hallara artıq alışıb. Bəzi dükanlarda, bazarda alıcılar yoxdursa, işıqlar sondürülür, müştəri gəldiyi zaman işıqlar yandırılır. Elektrik enerjisi qənaətlə verlidyindən bəzən işıqforlar belə, işləmir. Avtomobillər bəzi hallarda əks istiqamətə rahat keçə bilir. Bunun üçün digər əks tərəfdən gələn avtomobilin sürücüsü nə söyüş söyəcək, qışqıracaq, nə də yol hərəkəti qaydaları pozulduğu üçün yol polisi fit verib avtomobili saxlayıb cərimə edəcək. Bunlar artıq Əfqanıstanda normal hala çevrilib.
Toy evlərindən söz düşmüşkən, talibançılar nə toy karvanının qarşısını kəsir, nə də toy evlərinə basqın edir. Düzdür, toy evləri ciddi şəkildə mühafizə olunur və toya gələnlər dəvətnaməni təqdim edib yoxlanışdan sonra binaya buraxılırlar. Terrorçular sadə vətəndaşları deyil, bəzi hökumət nümayəndlərini və Avropa səfirliklərini hədəf götürür.
“Əl-Cəzirə”nin yalanları
Kabulda olduğum ilk gün iki terror hadisəsi baş verdi. Qətərin “Əl-Cəzirə” telekanalı məlumat verdi ki, birinci partlayış 30 ölü və yaralı olmaqla Böyük Britaniya səfirliyinin yaxınlığında, digəri isə birinci vitse-prezident, Əfqanıstan qəhrəmanı, general Əbdül Rəşid Dostumun evinin önündə baş verib. İkinci partlayış səsini aydın eşidəndə və bunun general Dostumla bağlı olduğunu bilincə məlumatı araşdırmağa çalışdım. Onun ən yaxın dostuyla telefon əlaqəsi yaradıldıqda bildirdilər ki “partlayış Dostumun evindən çox uzaqda baş verib və general sağ-salamatdır, “Əl-Cəzirə” hər zamankı kimi yalan məlumat verir”.
Növbəti gün Böyük Britaniya səfirliyinin yaxınlığında baş vermiş partlayış yerinə baxmaq üçün getdik. Bu səfirlik və səfirin iqamətgahı eyni küçədə, bir-birinə yaxın yerləşir. Küçənin girişi və çıxışı zirehli hərbi texnika və hərbçilərlə mühafizə olunur. Küçəyə girmək üçün ən azı 4 şlaqbaumdan, güclü polis nəzarətindən keçdik. Qeyd edim ki, həmin küçəyə rəsmi icazəsi olmayan avtomobillər buraxılmır.
Çox təəccüb etdim, ciddi və doğru xəbər kanalı kimi nüfuz qazanan “Əl-Cəzirə” niyə yalan məlumat yaysın. Çünkü hər iki terror aktının törədildiyi ərazilər adları çəkilən yerdən çox uzaqda yerləşir. Əfqanlar deyir ki, ərəb kanalları dəqiqləşdirilmədən tez-tez yalan məlumat verməklə məşğuldur. Telekanal demişkən, Əfqanıstanda müxtəlif sayda yerli telekanal fəaliyyət göstərir ki, hər biri ayrı-ayrılıqda siyasi partiyalara bağlıdır.
Paytaxtın şlaqbaumlu küçələri
Şəhərin təhlükəsizliyini qorumaq məqsədi ilə günboyu müxtəlif saatlarda hərbi helekopterlər Kabul səmalarında dövrə vurur. Əksər diplomatik korpuslar və səfirlik iqamətgahları Vəziri Əkbər Xan küçəsində yerləşir. Ölkədəki bütün strateji əhəmiyyətli obyektlər, hökumət binaları, diplomatik korpuslar, iqamətgahlar, otellər, qonaq evlərinin qarşısı şlaqbaumla və taya kimi üst-üstə qoyulmuş qum kisələriylə, əli avtomatlı hərbçilərlə, polislərlə ciddi mühafizə olunur. Həmin binaların divarlarının yuxarısı tikanlı halqa dəmirlərlə bərkidilib. Talibançıların, terror hadisələrinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülür. Bu mənzərəni gördüksə ölkədə fövqəladə vəziyyətin yaşandığını düşünürsən. Məsələn, Xarici İşlər Nazirliyinin yerləşdiyi ərazi zirehli texnika və polislərlə mühafizə olunur, əraziyə rəsmi icazə vərəqəsi olmayan digər avtomobillərin girişi qadağandır. Nazirliyə getmək üçün 4 km yolu piyada qət etmək lazım gəlir.
Elə doktor Abdullah Abdullahın da rezidensiyasına getmək üçün bir neçə şlaqbaumla keçdikdən, ciddi yoxlamadan sonra saraya buraxılırsan. Abdullahı böyük ordu qoruyur. Ona görə yox ki ölkənin icra rəisidir və ikinci şəxs hesab olunur. Ona görə ki, o həm də ölkədə və xaricdə tanınmış nüfuzlu şəxslərdəndir, bunun üçün insanlar onun ətrafına toplaşır. Onu da vurğulayım ki, doktor Abdullahın hazırkı rezidensiyası vaxtilə "Pəncşir Aslanı" kimi tanınan Şimal İttifaqı lideri və əfsanəvi komandir, mərhum Əhməd Şah Məsudun keçmiş sarayıdır. O Əhməd Şah Məsud ki, müdafiə naziri olan zaman Ermənistanla müharibədə Azərbaycana öz köməyini təklif etmişdi. Bəyan etmişdi ki, lazım olarsa, Dağlıq Qarabağda döyüşmək üçün əsgər də göndərməyə hazırdır.
Burqana, niqaba əlvida
Son illərə baxdıqda paytaxt Kabulda inkişafın olduğunu görmək mümkündür. 5-9 mərtəbəli iri alış-veriş mərkəzləri açılıb. Bu obyektlər silahlı polislər tərəfindən qorunur, müştərilər binanın daxilinə sensor qapılardan yoxlanıldıqdan sonra buraxılır. Düzdür, Avropanın brend markalarını burada görmək mümkün deyil, mallar Hindistandan, Çindən, Türkiyədən gətirilir. Dükanlar, alış-veriş mərkəzləri saat 19.00-dan sonra açıq olmur. Cümə Əfqanıstanda istirahət günü hesab olunur və buna görə də dükanlar, alış-veriş mərkəzləri günorta namazından sonra açılır.
Şəhər küçələrində tez-tez BMT-nin avtomobilləri, müxtəlif “Jeep” markalı maşınlarda silahlı hərbçilərlə qarşılaşırsan. Küçələrdə həm də dilənən uşaqlar, yaşlı insanlar da az deyil. Qadınlar artıq rahat şəkildə şəhərdə gəzə bilir. Yəni onları küçələrdə üzlərini burqansız (bütün bədəni və üzü örtən örtük - L.S.), niqabsız, sadəcə baş örtüyü ilə görmək olar. Göy rəngli burqandan dilənən qadınlar istifadə edir. Hətta sadə əfqanlar üçün də qadınları burqanlı görmək xoş deyir. Çünki heç kim bilməz ki o burqanın arxasında gizənən canlı bombadır, ya qadın. Qadınları üzü açıq görmək onlar üçün daha rahatdır. Əfqanlar görüşəndə gülümsəyərək bir əlini yuxarı qaldırıb sonra sinələrinin üstünə çəkərlər. Onlar sadə, gülərüz, həm də qonaqpərvər xalqdır. Şəhərin hansı səmtindən şəkil çəkərsənsə, insanlar sənə maraqla baxar, bəzən yaxına gəlib diqqətlə izləyər. Ölkəyə turistin gəlməsi onlarda təəccüb, maraq doğurur.
Dağ başında alver edən uşaqlar
Vəziri Əkbər Xan dağının zirvəsində insanların istirahət etməsi və əylənməsi üçün park salınıb. Bura da hərbi texnika, hərbçilər tərəfindən mühafizə olunur. Yay aylarında burada akva-park fəaliyyət göstərir. Parkın ortasında böyük ölçülü Əfqanıstan milli bayrağı dalğalanır. Onun qarşısında Vəziri Əkbər Xanın böyük portreti ucaldılıb. Sankı dağ şəhəri iki yerə - kasıblar və varlılar hissəsinə bölür. Dağın bir yanından kasıbların birmərtəbəli kiçik daxmaları, digər tərəfində isə villalar və şəhər mərkəzi görünür. Yaxınlıqda yaşayan ailələrin uşaqları qaynadılmış yumurta və evdə hazırlanmış börək gətirib istirahətə gələnlərə satmaqla məşğuldurlar. Yeni, əcnəbi müştəri görəndə isə gözləri parıldayaraq üstlərinə qaçırlar. Villalar çox da hündür olmayan 2-3 mərtəbədən ibarətdir. Düzdür, göydələnlərə rast gəlməsək də, şəhərdən kənarda 9 mərtəbəli yeni yaşayış binaları tikilmək üzrədir.
Yenə də Taliban
Kabuldan fərqli olaraq, Herat, Qəndahara getmək əcnəbi qadın üçün baha başa gələ bilər. Bu şəhərlərdə diqqətli olmaq daha vacibdir, çünki həmin bölgələrdə Taliban üzvləri məsklunlaşıb. Bir həftəlik müşahidələrimdən belə qənaətə gəldim ki, Əfqanıstan öz yaxın keçmişini qaytara, 70-ci illərin firavan ölkəsinə çevrilə bilər, əgər radikal xürafatçılıq tamamilə yox edilərsə, narkotika plantasiyaları məhv olunarsa, böyük dövlətlər Əfqanıstandan öz maraqları üçün istifadə etməzlərsə, qonşu Pakistan dolayısıyla talibançılara dəstək verib, təlimatlandırıb bu ölkəyə göndərməzsə. Pakistanda qərarlaşan Taliban qruplaşmasının Əfqanıstandakı üzvləri az deyil. Məhz bütün terror aktları onların əliylə həyata keçirilir. Talibanın həm də İranla sərhəd bölgələrdə məskunlaşması maraq doğurur. Bəzi əfqanlar Talibanın yetişməsində qonşu İranın əli olduğunu vurğulayır.
35 il girov olan xalq
Orda olanda ölkədəki daxili gərginliyi müşahidə etdim. İki ay əvvəl prezident seçkiləri başa çatsa da, hələ də hökumət qurulmayıb və nazirlər yenisiylə əvəzlənməyib. Prezident Əşrəf Qəni icra rəisinin verdiyi namizədləri qəbul etmək istəmir. Dekabrın ilk günlərində Londonda keçirilən Əfqanıstanın gələcəyinin müzkirəsinə həsr olunan beynəlxalq konfrans ərəfəsində isə rəsmi Kabula yeni hökuməti qurmaq tövsiyə edilib. Razılaşmaya görə, 13 nazir prezident Qəni, 12 nazir isə doktor Abdullah tərəfindən təyin olunacaq.
Sadə əfqanlar deyir ki, Həmid Kərzai hakimiyyətə gəlsə də, onlar ölkədə ciddi dəyişiklik görə bilmədi. Onun dövründə Kabulun kənar küçələrindəki narkotik alverçiləri və ora toplaşan narkomanlar polis tərəfindən tutulsa da, sonradan pul alınaraq buraxlırdı. Əfqanlar yeni prezident Qəni, icra rəisi Abdullah və birinci vitse-prezident general Dostum üçlüyündən çox şey gözləyir. 35 ildir bu xalq daxili və xarici qüvvələrin girovuna çevrilib, çox əziyyət çəkib. İnsanlar işləmək, oxumaq sağlam həyat yaşamaq arzusundadır. Gerçəkdən də bu ölkənin köməyə, ayağa qaldırılmasına ehtiyac var. Açığı, ölkənin iqtisadi durumunu, insanların yaşayışını, acınacaqlı vəziyyətini görmək ürəkağrıdıcıdı.
Narkotik havadanmı aparılır?
Əfqanıstan deyəndə ilk ağla gələn narkotik olur. Düzünü desəm, şəhərdə gəzib narkotik alverçiləri, onun daşıyıcılarını axtarmaq, araşdırmaq niyyətim olmamışdı. Bu, mənlik deyil. Onlara yaxınlaşıb nə sual edəcəkdim... Niyə istifadə edirsiniz, istifadə edərkən hansı hisləri yaşayırsınız və haradan tapırsınız? Zatən hansı halda olduqları və haradan tapdıqları bəllidir... Qeyd edim ki, Əfqanıstanın Hilmənd vilayəti marixuana plantasiyalarının böyüklüyünə görə liderdir. NATO-ya məxsus hərbi aerodromun yerləşdiyi Hilmənd qapalı bir ərazidir və oradakı narkotik plantasiyaların ətrafından quşlar qanad çalsa belə, hərbçilərin gözündən yayına bilməz. Görəsən nə baş verir? Olaylar havadamı başlayır? Narkotik vasitələr hava yoluylamı Avropaya daşınır və böyük dövlətlər milyonlar dollar qazanır? Deyəsən, gerçəkdəndən də Əfqanıstanın heroin, marixuana istehsalının əsas mərkəzlərindən birinə çevrilməsində böyük dövlətlər, qlobal maliyyə qrupları maraqlıdır.
Əfqanıstanın 31 adda keyfiyyətli mərməri var. Bu ölkə yeraltı sərvətə sahibdir. Amma bundan nə xalq, nə də dövlət yararlana, gəlir əldə edə bilir. Yenə də problemdə Talibanın adı hallanır...
Müşahidlərimdən belə anladım ki, bir müddət sonra Avropanın bu ölkədə fəaliyyət göstərən bəzi səfrilikləri ölkəni tərk edə bilər. Fikrimcə, həmin ölkələrin boşuna pul xərcləyib bu ölkədə səfirliklər saxlamaq niyyəti yoxdur.
Son
...1979-cu ilə kimi Əfqanıstanda həyat öz axarıyla davam edirdi. Vətəndaşları sakit, firəvan, problemsiz ömür sürürdü. Əgər sovet ordusu bəhanəylə bura daxil olmasaydı, ondan sonra ABŞ SSRİ-yə qarşı Əl-Qaidə terror təşkilatını yaratmasaydı, daha sonra isə Taliban meydana gəlməsəydi, həyat yenə də əvvəlki kimi olardı. 13 illik hakimiyyətdə olan Taliban devrildikdən sonra da ölkədə təhlükə hiss olunur. Buna Kabulda küçəboyu gəzdikcə şahidi olursan. Hər an, nə zaman nəyin harada baş verməsindən kimsə xəbərdar olmaz. Buna görə də şəhərdə ciddi təhlükəsizlik tədbirləri görülüb. Taliban ölkənin daha çox cənub hissəsində məskunlaşsa da, onlar ölkənin hər yerində var.
Laçın SƏMLA
Bakı-Kabul-Bakı
P.S. Dəvətə və yüksək qonaqpərvərliyinə görə cənab dr. Abdullah Abdullaha, Əfqanıstanın Azərbayandakı konsulu Yaqubi Muhəmməd Əminə, təhlükəsizliyimin təminatına kömək edən şəxslərə təşəkkür edirəm.