Dekabrın 10-da Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı, orada olan rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və müavini xəsarət alıb, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.
Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanıb.
Xəsarət alanlar, o cümlədən icra başçısı Nizami Hacıyev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından verilən məlumata görə, icra başçısının başına daş dəyib, o, qapalı beyin-kəllə travması alıb, səhhəti təhlükəli həddə deyil.
Modern.az saytının məlumatına görə, qarşıdurmada döyülən icra başçısı Nizami Hacıyev ölkə başçısının bu il oktyabrın 13-də imzaladığı sərəncamla Gəncə şəhəri Nizami rayonuna yeni icra başçısı təyin edilib.
Modern.az Nizami Hacıyevin tərcümeyi-halını təqdim edir.
Nizami Sabir oğlu Hacıyev 1961-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olub. 1968-ci ildə Gəncə şəhər 20 nömrəli dəmiryol orta məktəbin birinci sinfinə daxil olub, 1976-cı ildə təhsilini Şəmkir rayonu Nizami adına orta məktəbdə davam etdirib, 1978-ci ildə həmin məktəbin onuncu sinfini bitirib.
O, 1978-ci ildə Gəncə şəhəri Çini qablar zavodunda trafaretçi, 1979-cu ilin may ayından sentyabr ayına kimi Şəmkir rayonu Əzizbəyov adına sovxozda fəhlə işləyib.
1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olub, 1984-cü ildə həmin institutu bitirib alim-aqronom ixtisasını alıb, sonradan ADAU-nun ümumi iqtisadiyyat fakültəsini bitirib.
N.Hacıyev 1984-1987-ci illərdə əmək fəaliyyətini Şəmkir rayonu Kirov adına sovxozda davam etdirib, 1987-ci ilin iyulunda AKTİ-nin botanika kafedrasının nəzdində geobotaniki ekspedisiyada mühəndis botanik, 1988-ci ildə botanika kafedrasında stajor-müəllim vəzifələrində çalışıb.
1989-cu ildə aspiranturaya qəbul olub, 1992-ci ildə aspiranturanı bitirib. Həmin vaxtdan botanika kafedrasında laborant işləyib.
1993-cü ildə Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısı aparatında inspektor, həddi-bulluğa çatmayanların işləri üzrə təlimatçı vəzifələrində çalışıb, 1994-cü ilin aprel ayında Gəncə Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının humanitar məsələlər şöbəsində məsləhətçi, 1997-ci ildə həmin şöbədə böyük məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirib.
1999-cu ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Təhsil, Səhiyyə və Mədəniyyət şöbəsində böyük referent, 12 may 2003-cü ildən 16 mart 2012-ci ilədək Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Təhsil, Səhiyyə və Mədəniyyət bölməsində baş məsləhətçi vəzifəsində çalışıb.
1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli 2301 №-li sərəncamı ilə “Dövlət qulluğunda fərqlənmyə görə” medalı ilə təltif edilib.
Bu təyinatadək Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.
Ailəlidir, 3 övladı var.
Modern.az