2015-ci ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar dövlətin bizə verdiyi beşgünlük istirahət müddətindən səmərəli istifadə etmək qabaqcadan düşündüyüm məsələ idi. Nəhayət ki, uzun zamandır üstündə var-gəl etdiyim bu məsələni çözə bildim. İran İslam Respublikasının ikinci ən böyük şəhəri, elliklə azərbaycanlılardan ibarət, qədim, tarixi şəhər Təbrizə getdik.
Hər bir adamın ürəyində uşaqlıqdan bəri tutduğu bir neçə arzu var ki, o ömrü boyu onu izləyir. İnsan var bu arzuların hamısı çin olur, insan da var ki, bəzən yarısı, bəzən isə heç biri. Mən deməzdim bütün arzularım çin olub. Lakin ağlım kəsəndən, milli cəhətdən özümü dərk etdiyim vaxtlardan böyük arzularımdan biri də bu qədim mədəniyyət şəhəri Təbrizə səfər olub.
Niyə məhz Təbriz? Çünki, bu şəhərin Azərbaycan tarixində misilsiz yeri var. Bundan əlavə, Təbrizin Azərbaycan türklərinin genefondunun formalaşmasında böyük əhəmiyyəti olmaqla yanaşı, həm də milli tariximizin bütün qatlarında böyük izlərini görmək mümkündür.
Beləcə bu kimi fikirlərlə Bakıdan yola çıxdıq. Biləsuvar rayonunda Azərbaycan-İran sərhəd keçid məntəqəsindən bu şəhərin o tayda qalmış hisəsinə - İran Biləsuvarına keçdik. Oradan isə Təbrizə yollandıq...
Yolboyu əslən ərdəbilli olan sürücüylə xeyli söhbətləşdik. Onu da deyim ki, oraların sürücüləri çox məlumatlıdırlar. Çünki, əksəriyyəti tək sürücü yox, həm də müxtəlif peşə sahibidir. Sadəcə, əlavə qazanc yeri kimi avtomobillərindən də istifadə edirlər.
Nəhayət gəlib çatdıq Təbrizə. Doğrusu, bilirdim ki, bu şəhər balaca deyil, amma bu qədər böyük olduğunu da təsəvvür etmirdim. İki miyondan yuxarı əhalisi olan Təbrizin elə havası var ki, heç deməzsən ki, İranın meqapolisindəsən. Bakıdakı kimi olmasa da, hündürmərtəbəli binalar, körpülər, kiçik tunellər, yeraltı-yerüstü keçidlər, hətta tikintisi yarımçıq qalmış metrostansiya orda da var.
Şəhərdə qədimlik ruhunu özündə daşıyan binalar çoxdur. Doğrudur, mən bu şəhərdə Bakının “İçərişəhər”i kimi vahid arxitektura ansbmlını xatırladan ayrıca guşəni görmədim. Bəlkə də Təbrizə göstərilən ögey münasibət, şəhərdə baş verən zəlzələ və digər problemlərin nəticəsində qala içində olan şəhər “əriyib”. Ümumilikdə isə bu şəhərdə, xüsusilə mərkəz hissəsində minillərin ab-havası hiss olunur. Bilinir ki, antik şəhərdir. Sadəcə öz rəngini və ruhunu saxlayaraq müasirliyə qovuşub.
Özümü bir anlıq böyük şairimiz Xaqaninin yerinə qoydum. Sanki, onun bu şəhərə gələrkən nə hisslər keçirdiyini duymağa çalışdım. Tez-tez onun məşhur şeirini xatırlayıb, dilimə gətirirdim:
Şamaxı ey mənim sevimli yurdum,
Mən sənin qoynunda xaniman qurdum.
İndi isə acığın tutmuşdur mana,
Məni bağışla ey əziz ana.
Ümidim, pənahım Təbrizdir, Təbriz.
O şəhərdə mənə doğmadır, əziz !
Təsəvvür edin ki, Yaxın və Orta Şərqin ən böyük söz ustadlarından birinin qələmindən və dilindən çıxan bu sözləri təkrarlamaq necə gözəldir. Dahi Nizaminin belə özünə mənəvi ustad saydığı Xaqani hələ min il əvvəl öz şeirində Vətəninin güneyli-quzeyli sanki sərhədlərini cızıb. Şairin hər iki şəhərə məhəbbətini bildirməsindən, Vətəninini nə qədər sevdiyindən insan sadəcə vəcdə gəlir.
Bu misralar beynimdə Xaqaninin, Savalan dağı silsiləsi isə böyük Şəhriyarın uyuduğu məkana getməyi mənə təlqin etdi. Əlbəttə, otellərin birində yerləşəndən sonra şəhərin “Məqbərətuş Şüara”, yəni “Şairlər məqbərəsi” adlanan hissəsinə getdik. Qeyri-adi mənzərə idi. Sanki, klassik Azərbaycan şairlərinin qurultayı keçirilirdi. Xaqani, Şəhriyar, Qətran Təbrizi, Zülfüqar Şirvani, Mücirəddin Beyləqani və digərlərinin uyuduğu məkan çox əzəmətli görünürdü. Məqbərənin əməkdaşları ilə xeyli maraqlı söhbətimizdən sonra Təbrizin məşhur qalasına üz tutduq.
XIII əsrdə Hülakilər tərəfindən tikilmiş, tarixin ağır sınaqlarından günümüzə gəlib çıxan möhtəşəm Ərk qalası da əvvəlki görkəmini tərk etmişdi deyərdim. Şəhərin mərkəzində yerləşən bu qala rus-İran müharibəsindən görmüş zərəri bəlkə də heç vaxt görməyib. Qalada rus toplarının izləri hələ də qalmaqdadır. Vaxtılə məşrutə hərəkatının öncüllərindən olan Səttarxanın, Bağırxanın sığındığı bu qala təmirə ehtiyacı olan vəziyyətdədir.
Eyni mənzərəyə Azərbaycanın həm də İran memarlığının ən dəyərli nümunələrindən hesab olunan Göy məsçiddə də təsadüf etdik. Qaraqoyunlu hökmdarı Cahanşahdan yadigar qalmış bu irfan beşiyinin himayəyə ehtiyacı var idi. Onu da qeyd edim ki, bu abidə özündə yüzillərin bədii memarlıq ahəngini, kompozisiya kamilliyini, zəngin arxitektura bəzəklərini daşıyır. Bu yerləri görmək ona görə xoş idi ki, əks halda Təbrizdə olmuşam demək mənə bayağı görünməsin.
Təbriz ticarətlə qaynayır,-- desəm yanılmaram. Bu şəhərdə binaların birinci mərtəbələri demək olar ki, yoxdur. Hara baxırsan ticarət, alver göz qamaşdırır. İnsana quş südündən can dərmanına kimi nə lazımdırsa, burada tapmaq olar. Özümüzü böyük bir ticarət mərkəzinin içində hiss edirdik. Bu minvalla şəhərin ən qədim hissəsi sayılan Təbriz bazarına gəldik. UNESCO-nun dünya mirası siyahısında olan bu bazar öz bolluğu ilə göz qamaşdırırdı. Burada bizə irili-xırdalı 5 mindən çox dükan və ticarət mərkəzinin olduğunu dedilər.
Onu xüsusilə qeyd etməyi özümə borc bilirəm ki, bütün bu gözəllikləri qısa müddət ərzində ətraflı görməyimizə səbəb olan şəxs təbrizli Rza ağa idi. Heç bir təmənnasız bizlərə ən əziz qonağı kimi davranaraq, saatlarını, hətta günlərini sərf etdi. Bu şəhərdə kimdən nə soruşursansa mehribancasına cavab verir, səni yola salır. Cavanı da, qocası, xanımı da, bəyi də alicənabdır. Bu şəhərdə özümüzü evimizdə hiss etdik. Bəlkə də elə təkcə bu fakt bu şəhəri bir daha sevməyimizə, buralara imkan düşdükcə yenə qayıdacağımız əminliyinə səbəb oldu.
Üçgünlük bu səfər müddətində şəhərdə usanmadan gəzib, dolandıq. Lakin bizi bezdirən bir əlamətlə rastlaşmadıq. Bu günlər ərzində Təbrizdə ən diqqətimi çəkən məqamlardan biri əhalinin ləhcəsi oldu. Təbrizlilərin danışığı daha çox Şirvan-Abşeron və Naxçıvan dialektləri ilə zəngin idi. Bakının, Şamaxının, Naxçıvanın mələllələrində rastlaşdığın danışıq ləhcəsinin bir başqa qarışıq formasını burada görmək olardı. Burdakı soydaşlarımızın dilləri və məişət tərzi fars dilinin və mədəniyyətinin güclü təsirinə məruz qalsa da, özünəməxsusluqlarını hələ də qoruyur.
Təbrizdə bir daha onu dərk etdim ki, muğam, aşıq musiqisi, poeziya xalqımızın əsas dəyəri kimi onun bütünlüyünü qoruyur. Məhz bu dəyərlər bizi tam itməyə, əriməyə qoymur. Təbrizlilər muğama xüsusilə qulaq asır, nəzm pərəstişkarıdırlar. Demək olar ki, bütün muğam ifaçılarımızı tanıyır, dinləyir, sevirlər.
Beləliklə, bu üç gündə Təbrizin dedikləri bizə həddindən artıq çox idi. Lakin qısa vaxtımıza ancaq bu eşitdiklərimizi və gördüklərimizi sığışdıra bilərdik. Bütün bu sadaladıqlarımın arasında bu şəhərin bizə ən çox pıçıldadığı isə intizar, həsrət, yanğı sözləri idi ki, bunu eşitməyimizə həm məyus olduq həm sevindik. Sevindik ona görə ki, belə böyük, tarixi şəhərimiz var. Hansı ki, bizi, bizdən də çox sevir. Buranı burdakılardan da çox qiymətləndirir. Məyus olduq ona görə ki, sərhəddəki tikanlı məftillər eyni milləti iki yerə bölüb, bir-birindən ayrı salıb.
Həyatın ironiyasına bax ki, əlli milyonluq bir xalqın mütləq əksərinin yaşadığı coğrafiya başdan-başa tikanlı məftillərdən ibarət olsun. İndi onu bilmirik ki, intizar, həsrət, yanğını görüb sevinək yoxsa ağlayaq. Bax onu bilmirik...