Modern.az

“Putinin düşməni” - Ukraynada öldürülən məşhur çeçen komandiri kim idi? - FOTOLAR

“Putinin düşməni” - Ukraynada öldürülən məşhur çeçen komandiri kim idi? - FOTOLAR

Reportaj

3 Fevral 2015, 15:23

İsa Munayev: “Rusiya xalqımın 300 min nümayəndəsini öldürüb, deməli, 300 min dəfə məni öldürüb”


Fevralın 1-də Ukraynanın Donetsk vilayətində yerləşən Debaltsevo rayonunda gedən döyüşlərdə “Cövhər Dudayev adına beynəlxalq sülhməramlı batalyon”un komandiri İsa Munayevin həlak olub. Bu barədə ilk rəsmi məlumatı Ukrayna Ali Radasının deputatı, “Donbas” batalyonunun komandiri, eyni zamanda Munayevin döyüş yoldaşı  Semyon Semçenko öz “Facebook” səhifəsində verib. Tezliklə xəbəri “Cövhər Dudayev adına beynəlxalq sülhməramlı batalyon”un rəsmi nümayəndəsi Əminə Okuyeva təsdiqləyib.

49 yaşlı İsa Munayev Debaltsevo rayonundan Ukrayna qoşunlarının geri çəkilməsini təmin edən zaman rusiyameyilli separatçıların atdığı artilleriya mərmisinin qurbanı olub. Munayevin müavini olan Adəm Osmayevin batalyonun yeni komandiri olduğu da bəyan edilib.

Modern.az saytı çeçen generalı İsa Munayevin həyat yoluna qısa nəzər salır.

İsa Əhyad oğlu Munayev 1965-ci il mayın 20-də Çeçensitanın Axçoy-Martan rayonunun Yandı kəndində anadan olub. 1977-ci ildə Alxan-Qala kəndinə köçüb. 90-cı illərin əvvəllərinə qədər polis işçisi kimi Çeçenistanın müxtəlif rayonlarında çalışıb. 1991-ci ildə Sovet İttifaqı süqut edir və Çeçensitan muxtariyyətində müstəqillik meylləri artır. Bu hərəkata SSRİ Hərbi Hava Qüvvələrinin general-mayoru Cövhər Dudayev başçılıq edirdi. Dudayevin bu işdə əsas köməkçisi isə bölgədə ən böyük teypa (tayfa) olan Qalay teypasının üzvü Aslam Məshədov idi. İsa Munayev də Qalay teypasından olduğu üçün Məshədov onu çeçen silahlılarının rəhbərliyinə gətirir. 1994-cü ildə 1-ci çeçen müharibəsi başlayan zaman İsa Munayev babasının adını daşıyan Lema Munayev adına batalyona komandir təyin olunur. Munayev Rusiya ordusu üçün ilk növbədə diversiya ustası kimi tanınırdı. 1996-cı ilin avqusutnda müharibə rus qoşunlarının Çeçenistanı tərk etməsi ilə nəticələndikdən sonra Munayev paytaxt Qroznı şəhərinin Zavodskoy rayonuna polis rəyisi təyin olunur. Ona vaxtından əvvəl polkovnik rütbəsi də təqdim olunur.



1999-cu ilin sentyabrında Rusiya qoşunları yenidən Çeçenistana müdaxilə edəndə Munayev Aslan Məshədov tərəfindən Qroznı şəhərinin hərbi komendantı təyin olunur. Munayev qısa müddət ərzində şəhəri rus qoşunlarından müdafiə etmək üçün effektiv tədbirlər görür.

“Biz görüşə hazırlaşırıq. Keçən müharibə bizə çox şey öyrədib və indi federal qoşunlar layiqli müqavimətlə üzləşəcəklər. Bütün işlər plan üzrə görülür. Silahımız kifayət qədər olsa da, ən əsas olan şəhəri oddan və sudan keçmiş döyüşçülərin müdafiə etməsidir”, - deyə Munayev Qroznıya hücum öncəsi jurnalistlərə açıqlamasında deyirdi.

1999-cu ilin oktyabrından aramsız hava hücumlarına məruz qalan Qroznı 1999-cu il dekabrın 26-dan genişmiqyaslı hücuma məruz qalır. Munayev 5 min şəhər müdafiəçisi ilə birlikdə rus qoşunlarına şiddətli müqavimət göstərməyə başlayır. Fevralın 6-na qədər davam edən döyüşlər Qroznını alınması ilə nəticələnsə də, çeçen döyüşçülərinin əsas hissəsi yanvar ayıının sonlarında artıq şəhəri tərk edirlər. Munayev, Şamil Basayev və Xəttabın başçılıq etdikləri 2 minlik qruplaşma şəhəri əhatə edən minalanmış sahələri keçərək Qroznıdan çıxa bilirlər.

Komendantı olduğu şəhəri itirdikdən sonra Munayev digər səhra komandirləri kimi partizan müharibəsinə başlayır. Qroznının inadkar müdafiəsinə görə Aslan Məshədov onu “İçkeriya Respublikasının briqada generalı” hərbi rütbəsinə layiq bilir.

2000-ci il oktyabrın 3-də İsa Munayevin Qroznıda öldürülməsi ilə bağlı Rusiya mətbuatı məlumat yaysa da, bu xəbər təsdiqini tapmır. “Çeçen separatçılarının baş diversantı” adlandırılan keçmiş polis zabiti 2005-ci ilə qədər rus qoşunlarına qarşı 50-dən artıq diversiya hücumu təşkil edir. Bu hücumlar yüzlərlə federal hərbçinin həyatına son qoyur.

Təxminən 100 nəfərlik qrupa başçılıq edən Munayev əsasən Çeçenistanın dağlıq bölgə olan cənub ərazilərində fəaliyyət göstərir. Bu zaman onun ən yaxın sailahdaşı çeçen silahlılarının gələcək rəhbəri Doku Umarov olur. 

Lakin 2005-ci ildə baş verən döyüşlərin birində 40 yaşlı Munayev ağır yaralanır. Onu gizli yolla Ukrayna ərazisinə keçirirlər. Burada müalicə aldıqdan sonra isə Danimarkadan siyasi sığınacaq alır. 



Mühacirətdə olmasına baxmayaraq, İsa Munayev Avropada yaşayan çeçen icmaları ilə sıx əlaqə qurur. O, Çeçensitanda hakimiyyətdə olan Ramzan Kadırovu və Rusiya prezidenti Vladimir Putini öz şəxsi düşməni elan edir. 2009-cu ildə “Azad Qafqaz” ictimai-siyasi təşkilatının təsisçisi olur. 

2014-cü ilin fevral-mart aylarında Ukraynada baş verən siyasi böhran onu növbəti dəfə Rusiyaya qarşı çıxmağa vadar edir. 2014-cü il martın 15-də Krım yarımadasını Rusiya ilhaq edəndən sonra Munayev və onun Avropadakı dostları Ukraynaya gələrək Cövhər Dudayev adına Sülhməramlı Batalyonun yaradıldığını elan edirlər. İsa Munayev batalyonun çeçen xalqının azadlıq mübarizəsinə dəstək olmuş Ukraynaya dəstək məqsədilə yaradıldığını elan edir:

“Mən İsa Munayev, çeçenəm, “İçkeriya Çeçen Respublikası”nın vətəndaşıyam. Bütün dünyaya bəyan edirəm: mənim ölkəm, İçkeriya Çeçen Respublikası Rusiya Federasiyası tərəfindən işğal olunub. Rusiya Federasiyası xalqımın 300 min nümayəndəsini öldürüb, deməli, 300 min dəfə məni öldürüb. Rusiya Federasiyası 43 min günahsız körpəni öldürüb. Deməli, 43 min mənim körpəmi öldürüb.

Mənim xaqlımın Rusiya Federasiyasının süqutunu arzulamayan nümayəndəsi mənim üçün Putindən də betər biridir.

Rusiya Federasiyasının düşməni olan istənilən kəs avtomatik olaraq mənim dostumdur”.

Bu açıqlamanı yayaraq müharibəyə qatılan 49 yaşlı İsa Munayev bir neçə gün öncə - fevralın 1-də Donetsk vilayətinin Debaltsevo rayonunda gedən döyüşlərdə həlak oldu.





Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu