Azərbaycanın və keçmiş SSRİ-nin xalq artisti, balet sənətinin ilk qaranquşlarından sayılan Leyla Vəkilovanı yəqin ki, çoxları tanımır. 1999-cu il fevralın 20-də dünyasını dəyişən xalq artisti haqqında cəmi bir neçə dəfə yazılıb və elə o qədər də televiziya proqramı hazırlanıb. Müsahibimizi də qayğılandıran məhz budur. Görüşən kimi diqqətə çatdırdı ki, “daha rahatam, çünki Leyla xanıma verdiyim sözə gec də olsa, əməl elədim”.
O nə sözdür? Bu barədə “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin baş redaktoru, ssenarist, kino redaktoru Yaqub Əlioğlu Modern.az saytına verdiyi müsahibəsində özü məlumat verəcək:
- 1993-cü ildə Leyla xanım haqqında “Balet uçuş deməkdir” adlı sənədli film çəkdim. Özünün də ürəyincə oldu. Sən demə, o filmə mərhum prezidentimiz Heydər Əliyev də baxıb və sonra Leyla xanımla əlaqə yaradaraq, onunla xeyli danışıb. Leyla xanım çox sevincli idi. Sanki sevincini kiminləsə bölməyə adam axtarırdı. Mənə dedi ki, “dur gəl bizə, danışaq”, çox sevinirdi. Getdim, ürəkdolusu telefon söhbətinin təəssüratından danışırdı. Onda mənə dedi ki, “Yaqub, istəyirəm haqqımda kitab yazasan”. Maraqlı bir faktı da deyim, o filmdən və o telefon danışığından bir müddət sonra Leyla xanıma prezident təqaüdü və “Şöhrət” ordeni verildi. Mən də sənət xadimlərinə həsr etdiyim kitabımda onun haqqında “Qu quşunun nəğməsi” adlı portret yazısı yazdım. Doğrudur, xoşuna gəldi, amma xahiş etdi ki, ona ayrıca kitab həsr edim. Mən də Leyla xanıma söz verdim ki, onan üçün ayrıca bir kitab yazacağam. Çünki həqiqətən də buna layiq idi. Bütün ömrünü baletə həsr etdi. Ailə xoşbəxtliyi yaşamadı, hər şeyi sənət üçün etdi.
Beləliklə, Yaqub müəllimin verdiyi sözdən xəbərimiz oldu. Amma 100-dən çox sənədli filmin yaradıcısı olan və onların 40-ı bu gün də “Qızıl fond”da saxlanılan Yaqub müəllimin qayğıları o qədər çoxalır ki, bu söhbəti qismən də olsa unudur. Amma günlərin birində...
- 1999-cu ildə Leyla xanım vəfat etdi. İş, yaradıcılıq, məişət qayğıları bizi çox məşğul edirdi. Odur ki, bu məsələ qismən də olsa, unuduldu. 2010-cu ildə Leyla xanım yuxuma girdi. Çox qəribədir, yuxuda o məsələni xatırlatdı. Başa düşürəm, siz gəncsiniz, ola bilər ki, bu yuxu məsələsinə bir az dırnaqarası baxasınız. Amma bu, mənim üçün çox şey demək idi. O gündən sonra işə başladım, çox çətinliklə onunla bağlı materialları əldə etdim. İnanın, onun az sayda olan yaxınları telefonu üzümə qapadırdılar. Yenə sağ olsun, Xareoqrafiya məktəbinin o vaxtkı rəhbəri Rima Məmmədova kömək etdi. Nə isə, kitabı tamamladım. Amma əsas məsələ onun çapı idi. Mənim də buna qədər 7 kitabım olub və heç biri üçün kiməsə müraciət etməmişəm, xahiş-minnətdə olmamışam. Maddi imkanımın məhdudluğundan kitabın çapı qaldı. Amma yenə bir gün Leyla xanım yuxuma gəldi. İnanın, dedi ki, başladığın işi yarımçıq saxlama. Yenə deyirəm, bəzi insanlar üçün bu adi, bəlkə də qeyri-ciddi görünər. Amma mənə sanki ruh, inam verdi. Kitabın çapı ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə məktub yazdım. Çox keçmədi, nazirlikdən müsbət cavab gəldi. Nəticədə 2014-cü ilin sonlarında çox nəfis tərtibatla Leyla xanıma həsr olunan “Qu quşunun nəğməsi” kitabı işıq üzü gördü.
Azərbaycan mədəniyyət, ədəbiyyat və söz tarixinə aid dəyərli əsərlər yaradan Yaqub müəllimin kitabla bağlı ürək dolusu danışmağının əslində iki səbəbi var idi: Birincisi, mərhum balerinaya verdiyi sözə əməl etmişdi, ikincisi, bu kitabda tək Leyla Vəkilova yox, bütün Azərbaycan balet sənətinin tarixi haqqında da söhbət açıb. Onun üçün də “Qu quşunun nəğməsi” kitabı sanki ona mənəvi rahatlıq gətirir. Kitabın çapından sonra da nazir Əbülfəs Qarayevə ünvanladığı məktubunda bu mənəvi rahatlıq üçün ona minnətdarlıq edir:
- Əbülfəs müəllimə yazdım ki, sizə ona görə təşəkkür etmirəm ki, kitabımı çap etmisiniz. Sizə ona görə təşəkkür edirəm ki, mənə sözümə sahib çıxmağımda dəstək oldunuz. Bu, mənəvi keyfiyyətdir...
Balet elə bir sənətdir ki, zövq əsas şərtdir. Balet gəncliyi və gözəlliyi sevir. Baletdə təbii ki, yaşlı adam görə bilməzsiniz. Onların səhnə fəaliyyəti çox qısa olur. Burada təkcə fizioloji yox, həm də estetik mənalar var. Musiqini öz qulağınla eşidirsən, rəssamın çəkdiyi əsərləri gözünlə görə bilirsən. Amma balet tamam fərqlidir. Onlar estetikanı jestlərlə, mimika ilə göstərməyə çalışırlar. Onlar əl-qol və üz hərəkətləri ilə sənə əfsanələr danışırlar. Bu əfsanəni necə qəbul etmək insanın öz ruhi duyumu və intellektindən asılıdır.
Yaqub müəllimi qayğılandıran məsələlərdən biri də bu gün balet sənətinə münasibətin zəif olmasıdır. Bu zəif münasibət həm mediada, həm də ictimaiyyət arasında hiss olunur. Baletin vurğunu olan müsahibim onun özəlliyini və sevilməyə layiq olduğunu da həssaslıqla qeyd edir:
- Balet tamam ayrı bir sənətdir. Özüm dəfələrlə baleti izləmişəm. Arif Məlikovun “Məhəbbət əfsanəsi” və “Bir qəlbin iki dastanı” baletlərinə böyük opera teatrlarında baxmışam. Azərbaycanda balet sənətini sevdirən və onu tarixiləşdirən şəxslər var. Onlardan birincisi, təbii ki, Əfrasiyab Bədəlbəylidir. “Qız qalası” baleti bu sənətin ilk nümunəsidir. Ondan sonra Qara Qarayev, Fikrət Əmirov, Maestro Niyazi də çox gözəl baletlər ərsəyə gətirdilər. Aqşin Əlizadə, Xəyyam Mirzəzadə, Tofiq Bakıxanovun da baletləri var. Bizim mədəniyyətimizi dünyaya tanıtmaq üçün Avropada nümayiş olunan əsərlər arasında Fərəc Qarayevin “Qobustan” baleti də yer alıb.
Azərbaycanın ilk balet artisti Maqsud Məmmədovdur. Həyat yoldaşı Rəfiqə Axundova da balerinadır. Bu faktları Leyla Vəkilovaya aid kitabımda da yazmışam. Bu sənətin Azərbaycanda təşəkkül tapmasında bəstəkarlarla yanaşı, balet artistlərinin də xidmətləri var. Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova, Tamella Şirəliyeva, Mədinə Əliyeva, Çimnaz Babayeva. Bunlar həqiqətən də baleti inkişaf etdiriblər. Balet çox çətin sənətdir. Orada xüsusi rejim var. Artıq yemək, artıq çəki olmaz və digər qadağalar var. Fikir vermisinizsə, onların çoxunun heç övladı yoxdur. Haqqında danışdığımız Leyla xanımın, daha sonra Maqsudla Rəfiqənin və bir neçəsinin övladı yoxdur.
Amma Leyla xanımın bu övladsızlığı fiziki baxımdandır. Mənəvi baxımdan isə bütün sənətsevərlər onun övladıdır. Əgər dövlət səviyyəsində ona diqqət göstərilibsə və yenə də göstəriləcəksə, biz yazarlar onun haqqında məqalə, kitab yazırıqsa, deməli, o sənətin zirvəsini qazanıb. O, gənc qız ikən Azərbaycan baletini dünyada tanıdıb.
Madam ki, söhbət, yenidən Leyla xanımdan düşdü, elə isə biz də fürsəti əldən buraxmayıb bayaqdan narahat edən sualı Yaqub müsahibə ünlanlayırıq:
- Yaqub müəllim, kitabın adını niyə “Qu quşunun nəğməsi” qoydunuz? Bu adı Leyla xanımla nə bağlayır?
- “Qu quşunun nəğməsi” anlamını kitabda açıqlamışam. Bilirik ki, rus bəstəkarı Çaykovskinin bu adda baleti var. O əfsanədə qular gah qu, gah da dönüb gözəl pəri misallı qızlar olurlar. Qu haqqında onu da deyirlər ki, bu quşlar ömürlərində bir dəfə nəğmə oxuyurlar və ondan sonra ölürlər. Leyla xanımdan bəhs edərkən ən yaxşı ad kimi buna üstünlük verdim.
1993-cü ildə onun barəsində “Balet uçuş deməkdir” filmini çəkdik. Çox yaxşı qarşılandı. Bu yaxınlarda da dövlət televiziyasında Leyla xanımın ad günü münasibətilə o filmi yenidən göstərdilər. Leyla xanım çox qəribə insan idi, vətənpərvər xanım idi. O zamanlar çox qarışıq bir dövr idi. Alimlər, sənət adamları, bir çox ziyalılar ölkəni tərk edib başqa yerlərdə işləməyə gedirdi. Leyla xanıma da təbii ki, dəvətlər gəlirdi. Ondan soruşurdum ki, siz niyə getmirsiniz? Deyirdi ki, “ay Yaqub, ay oğlum, mən də getsəm, bəs bu vətənin övladlarına sənəti kim öyrədəcək?! Mən də getsəm, bəs burada kimlər qalacaq?”.
Halbuki, SSRİ xalq artisti və güclü mütəxəssis idi. Hara getsəydi, ona yer tapılardı. Amma getmirdi. Film çəkən vaxt deyirdi ki, “məni hələ sovet dövründə çağırırdılar. Amma getmədim, düşündüm ki, vətənin övladlarına sənəti öyrətmək lazımdır”. Bu gün də Opera və Balet Teatrında balet truppasında olan aktyorların çoxu onun tələbələridir.
Mən də daxilimdə mənəvi rahatlıq tapmışam. Sanki onun ruhunun qarşısındakı borcumu yerinə yetirdim. Verdiyim sözü tutdum. Maddiyyət elə bir şeydir ki, ona yalnız toxunanda hiss olunur. Amma havada qalan əllər var. Elə şeylər var ki, insana tamam başqa qida verir. Bizi də formalaşdıran, zənginləşdirən mənəviyyatdır, incəsənətdir, ədəbiyyatdır. Bunların hamısı insanı formalaşdırır, zənginləşdirir.
P. S. Söhbətdən sonra Yaqub müəllim, daxilində qövr edən bir arzusunu bizimlə bərabər yerinə yetirməyini istədi. Dedi, “istəyirəm ki, bu kitabı aparıb Leyla xanımın məzarı üstünə qoyum”. Təbii ki, razılaşdıq. Yaqub müəllim, bu həyatda tələbələrindən başqa kimsəsi olmayan mərhum balerinanın məzarı üstünə o kitabı qoydu. Bu məqamda söhbətin gedişindəki yuxu əhvalatı yadıma düşdü. Qəti əmin oldum ki, Leyla xanım üçüncü dəfə Yaqub müəllimin yuxusuna gələcək. Amma bu dəfə təşəkkür üçün…
Elmin NURİ