Modern.az

Leninin uçurulmayan heykəlləri - Azərbaycanda və digər ölkələrdə - FOTOLAR

Leninin uçurulmayan heykəlləri - Azərbaycanda və digər ölkələrdə - FOTOLAR

Reportaj

16 Fevral 2015, 15:47

Dünya proletarlarının lideri, tarixdə ilk sosialist dövlətinin qurucusu olmuş Vladimir İliç Lenin XX əsr dünya tarixinin ən məşhur fiqurlarından biri idi. Təsadüfi deyil ki, əsasını qoyduğu Sovet İttifaqında onun heykəl və büstlərinə hər addımbaşı rast gəlmək mümkün idi. Lakin Sovet İttifaqının süqutu və yeni dövrdə Oktyabr inqilabına fərqli baxışın yaranması Leninin şəxsiyyətinə olan heyranlığı yox etdi. Postsovet ölkələrinin bir çoxu Leninin heykəllərindən totalitar sovet hakimiyyətinin simvolu kimi azad olmağa başladılar. Bu, xüsusən ötən ilin yanvar-fevral aylarında Ukraynada qabarıq şəkildə özünü göstərdi. Prezident Viktor Yanukoviçi devirən Ukrayna xalqı ölkədə hələ də qalmaqda olan Leninin heykəllərini bir-bir yıxmağa başladılar. “Leninopad” adını almış bu maraqlı tendensiya Leninin 100-dən artıq heykəlini məhv etdi.

Modern.az saytı Vladimir İliç Leninin dünyanın dörd bir tərəfində qalmaqda davam edən heykəllərini təqdim edir.


İlk olaraq Azərbaycandakı Leninin heykəllərinin sayına toxunaq. Sovet  Azərbaycanında Lenin ümumilikdə 40-dan artıq heykəli və büstü mövcud idi. Onlardan ən məşhuru 1955-ci ildə Azadlıq meydanının önündə, Hökumət Evinin fasadında ucaldılan heykəl idi. 1991-ci ildə heykəl Azərbaycan rəhbərliyi tərəfindən demontaj olundu.
Müstəqillik illərində Azərbaycanda qalan yeganə abidə Qəbələ rayonunun Qəmərvan kəndində yerləşən Leninin heykəlidir. Hündürlüyü 3 metrdən çox olan bu heykəl kənd sakinləri tərəfindən qorunur. Əminliklə demək olar ki, Qəmərvan kəndindəki heykəl Leninin Cənubi Qafqaz regionunda qalan yeganə abidəsidir. Çünki Ermənistan və Gürcüstanda SSRİ liderinin heç bir abidəsi qalmayıb. 


Leninin vətəni Rusiyada 1991-ci ildə 7000 abidəsinin olduğu sənədləşdirilmişdi. 2014-cü ilin məlumatlarına görə, şimal qonşumuz Leninin ən çox heykəlinin olduğu ölkə olaraq qalır. Hazırda şimal qonşumuzun ərazisində Leninin 6 min heykəli və büstü var. Moskva isə şəhərlər arasında liderdir (101 abidə).   


Ukrayna
Rusiyadan sonra Leninin ən çox heykəli olan ölkə (5500) olsa da, bu abidələrin sayı sürətlə azalmağa doğru gedir. Hazırda böyük əksəriyyəti Ukraynanın şərqində olmaqla Leninin 1800 heykəli və büstü toxunulmaz qalıb.

SSRİ-dəki “slavyan üçlüyü”nün sonuncu nümayəndəsi Belarusda isə 1991-ci ildə 600, müasir dövrdə isə 400 belə abidənin mövcudluğu müəyyən olunub.

Rusiya ilə sıx bağlılığı olan və böyük rus icmasına malik Qazaxıstan isə Leninə rəğbət baxımından 4-cü yerdədir. Ölkədə 1991-ci ildə olan 500 heykəldən 300-ü günümüzdə də qalır.

Moldova 1991-ci ildə Leninin 80 heykəlinə malik idi. 90-cı illər boyu onların sayı sürətlə azalsa da, 2000-ci ildə kommunist hakimiyyətinin iqtidara gəlməsi ilə proses əskinə getdi. Hazırda Leninin abidələrinin sayı bu ölkədə 60-ı keçmir.    

Baltikyanı ölkələrə gəldikdə, 1991-ci ildə Leninin Latviyada 100, EstoniyaLitvada isə birlikdə 50 monumenti vardı. Sonrakı illərdə SSRİ-də keçirdikləri 50 ili işğal kimi səciyyələndirən Baltikyanı ölkələr demək olar ki, Leninin bütün abidələrini demontaj etdilər. Latviyada yalnız xüsusi sovet monumentlərinin saxlanıldığı parkda Leninin heykəlinə rast gəlmək mümkündür. Estoniya və Litvada isə proletariatın liderinin heykəlinə yalnız şəxsi kolleksiyaçıların evlərində rast gəlmək mümkündür.

SSRİ-dən kənardakı Sosialist düşərgəsi ölkələrində isə Leninin 150-dən artıq monumental heykəli yerləşmişdi. Bu heykəllər ən çox Almaniya Demokratik Respublikasında (39), Macarıstanda (37), Çexoslovakiyada (25), Bolqarıstanda (11), Polşada 11), Monqolustanda (3), Kubada (3), Albaniyada (2), Vyetnamda və Rumıniyada (1) idi. Onların böyük əksəriyyəti 80-ci illərin sonlarında başlayan “məxməri inqilablar” nəticəsində dağıdılıb.

Sovet İttifaqının isti münasibətlərdə olmadığı Qərb dövlətləri də Leninə heykəl ucaltmaq “xəstəliyi”ndən xilas ola bilməyiblər. Bu gün ABŞ-da 6, İtaliyada 3, Meksikada 1, Yunanıstanda 1, İsveçdə 1, Böyük Britaniyada blə 3 abidə var.


Maraqlıdır, Vladimir Leninin heykəli planetin ən soyuq materiki olan Antarktida da rast gəlmək mümkündür.


Qırğızıstanda...


ABŞ-da...


Böyük Britaniyada...


Berlində (Almaniya)...


Hindistanda...


İtaliyada...


Mavriyaniyada (Afrika)...


Yevlaxda (Azərbaycan)...

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu