İlqar Məmmədov və Yelena Jemayeva cütlüyü SSRİ, Azərbaycan və Rusiya qılıncoynatma idmanı tarixinin canlı əfsanələri hesab olunurlar. Bunun üçün onların idman karyeralarında qazandıqları titullara nəzər salma kifayətdir. İlqar Məmmədov qılıncoynatmanın rapira növü üzrə SSRİ yığma komansının tərkibində Seul Olimpiya Oyunlarının (1988) və Rusiya yığma komansının tərkibində Atalanta Olimpiya Oyunlarının (1996) qalibidir. Yelena Jemayeva isə Rusiya qılıncoynatma yığmasının heyətində 1999 və 2000-ci illərdə dünya çempionu, 2004-cü ildə isə Azərbauycan yığmasının tərkibinidə Afina Yay Olimpiya Oyunlarının 7-cisi olub.
Sadəcə, paradoks ondan ibarətdir ki, azərbaycanlı İlqar Məmmədov qılıncoynatma kareyrası boyunca yalnız SSRİ və Rusiyanın, milliyyətcə rus olan xanımı Yelena Jemayeva isə ərinin tarixi vətəni Azərbaycanın və sonralar Rusiyanın şərəfini qoruyub.
Modern.az saytı hazırda Rusiyada məşqçiliklə məşğul olan İlqar Məmmədov-Yelena Jemayeva cütlüyünün professional karyerasına və şəxsi həyatına nəzər salır.
1988-ci ildə XXIV Seul Yay Olimpiya Oyunlarında qılıncoynatma idmanının rapira növününü final görüşündə SSRİ yığması Almaniya ilə üzləşmişdi. 5 nəfərlik sovet yığma komanasının üzvlərindən biri 23 yaşlı bakılı İlqar Məmmədov idi. Özünün ilk olimpiya oyunlarında iştirak etməsinə baxmayaraq Məmmədov döyüşlərində qalib gəlir. Ümumi hesab isə 9:5 sovet yığmasının xeyrinə başa çatır. Beləliklə, azərbaycanlı İlqar Məmmədov qılıncoynatmanın rapira növündə SSRİ yığmasının tərkibində Seul Olimpiya Oyunlarının qalibi olur.
Bu tarixi qələbinn üzərindən 27 il keçməsinə baxmayraq, İlqar Məmmədov qılıncoynatma yarışlarında olimpiya çempionu olan ilk və hələlik ki, son azərbaycanlı olaraq qalır. Seuldakı uğuru 1996-cı ildə Atalanta Olimpiya Oyunlarında da Rusiya yığmasının tərkibində təkrarlayan İ.Məmmədov bununla 2-ci dəfə olimpiya çempionu olub. O, bu nüfuzlu oyunlarda 2 dəfə qalib gələn yeganə azərbaycanlı idmançıdır.
Ümumiyyətlə, qılıncoynatma üzrə beynəlxalq yarışlarında müstəqil Azərbaycanı heç zaman təmsil etməsə də, İlqar Məmmədovu idmanın bu növündə ölkəmiz üçün canlı əfsanə hesab etmək olar. Bunun üçün onun karyerası boyu SSRİ və Rusiyanın rapira üzrə yığma komandalarının heyətində qazandığı titullara baxmaq kifayətdir – 2 qat Olimpiya çempionu (1988, 1996), dünya çempionu (1989), Avropa Kubokunun qalibi (1995, 1996, 1998, 2000), 1995-ci il Dünya Çempionatının gümüş mükafatçısı, dəfələrlə SSRİ və Rusiya çempionu, SSRİ idman ustası.
İlqar Məmmədov 1965-ci il noyabrın 15-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında doğma şəhərində qılıncoynatma dərnəyinə yazılıb. Buna qədər isə İlqar Məmmədov anasının təkidi ilə Bakıdakı musiqi məktəblərindən birində fortopiano dərslərinə gedirdi. Lakin onun dərslərə getmədiyini və vaxtının çoxunu dənizkənarı bulvarda keçirdyini görən valideynləri dərhal övladlarına qarşı tədbir görürlər. Ailə başçısı, o zamanlar Bakıda qılıncoynatma dərsləri verən, hazrıda isə Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov oğlunu boksa yazdırır. Bir neçə il boksla məşğul olduqdan sonra isə ata övladını öz idmanına – qılıncoynatmaya gətirir. Həmin andan İlqar Məmmədovun həyatı tamailə dəyişir. Onun qılıncoynatmanın rapira növündə çıxışları xüsusən uğurlu alınır.
Bunun nəticəsi idi ki, azərbaycanlı qılıncoynadan 16 yaşı olarkən məktəblilər arasında keçirilən spartakiadada ilk 8-liyə daxil olur. SSRİ idman funksionerləri yaşının azlığına baxmayaraq fenomenal uğurlar qazanan İlqar Məmmədovu öncə rapira üzrə SSRİ gənclər yığmasına, daha sonra isə böyüklərdən ibarət yığmaya dəvət edir.
1991-ci ildə Sovet İttifaqının süqutu fonunda Rusiya ordusunun baş leytenantı rütbəsini daşıyan İlqar Məmmədov Rusiyanın qılıncoynatma üzrə yığmasında çıxış etmək qərarına gəlir. Lakin onun Bakı qeydiyyatında olması bu keçidi çətinləşdirir. Maneəni aradan qaldırmaq məqsədilə qılıncoynatma üzrə olimpiya çempionu, həm də İlqar Məmmədovun dostu Qriqori Kirienko Rusiya müdafiə nazirinin müavini general-polkovnik Kondrotyovla görüşür. Görüşdə bütün məsələlər həll olunur. İlqar Məmmədovun qeydiyyatı Moskvaətrafına dəyişidrilir və idmançı “Rusiya Mərkəzi Ordu İdam Klubu”nun (ÇSKA) heyətinə daxil edilir.
1990-cı illərin sonunda İlqar Məmmədov idman karyerasını başa çatdırır və təhsilini mükəmməlləşdirməyə başlayır. 1987-ci ildə Bakı Dövlə Universitetini bitirmiş həmyerlimiz 2008-ci ildə Rusiya Diplomatik Akademiyasında ikinci ali təhsilni başa vurur. Bu zaman artıq 43 yaşlı Məmmədov Rusiya ordsunun polkovnik-leytenatı rütbəsində idi.
İlqar Məmmədov bundan sonra ABŞ-a gedir və Ohayo Universitetində yerli qılıncoynatma komandasının məşqçisi olur. Onun sayəsində komanda 28 ABŞ universiteti arasında keçirilən çempionatda 4-cü yeri tutur. Qısa zamanda beynəlxalq dərəcəli hakim, Beynəlxalq Qılıncoynatma Federasiyasının hakimlər komissiyasının üzvü, Rusiya Qılıncoynatma Federasiyasının hakimlər şurasının sədri və s. vəzifələr tutur.
2012-ci ildə İlqar Məmmədov Rusiya qılıncoynatma yığmasının (bura – rapira, qılınc və şpaqa növləri daxildir) baş məşqçisi təyin olunur. 2013 və 2014-cü illərdə ard-arda 2 il Rusiya yığması qılıncoynatma üzrə dünya çempionatının qalib oldu. Bundan əvvəl, 2012-ci il London Olimpiya Oyunlarında Rusiya yığması 1 qızıl və 2 gümüş medal qazanmaqla son 20 ilin ən böyük uğuruna imza atmış oldu. Hazırda İlqar Məmmədov yetirmələrini 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarlına hazırlamaqla məşğuldur.
İlqarın həyat yoldaşı Yelena Jemayevaya gəlincə, xanım qılıncoynadan 1971-ci il martın 30-da Moskva vilayətinin Dolqoprudnıy rayonunda anadan olub. Uşaq yaşlarından qılıncoynatma ilə məşğul olub. Əgər 90-cı illərin əvvəllərində bu idam növünün rapira növündə çıxş edirdisə, sonradan qılınc növünə keçir. Tezliklə Rusiyanın qılıncoynatma üzrə yığma komandasının əsas üzvlərindən birinə çevrilir. Əsasən individual yarışlarda iştirak edən Jemayeva 1998-ci ildə Rusiya çempionu, 1999-cu ildə Dünya və Avropa çempionu titulunu əldə edir.
90-cı illərin sonunda Rusiya Qılıncoynatma Federasiyasının prezidenti Bıçkov qılınc üzrə qadınlar arasında beynəlxalq yarışların gələcəkdə ləğv olunacağını düşündüyü üçün Jemayevanın xidmətlərindən imtina edir. Və o, kiçik məbləğ qarşılığında Azərbaycan Qılıncoynatma Federasiyasının ixtiyarına verilir. Beləliklə, Yelena Jemayeva həyat yoldaşının tarixi vətəninin idman şərəfini qorumağa başlayır.
İstedadlı idmançı tezliklə yığmanın liderinə çevrilir. Məhz onun sayəsində Azərbaycan qılıncoynatma yığması Rusiya və İtaliyadan sonra dünyanın ən güclü yığması sayılırdı. 2000-ci ildə yığmamız tarixində ilk dəfə dünya çempionu titulunu qazanıb. 2001, 2002 və 2003-cü illərdə milli komandamız Dünya çempionatlarında bürünc medallar qazanmaqla ən güclü yığamalardan biri olduğunu göstərib.
2004-cü ildə Afina Yay Olimpiya Oyunlarında qılıncoynatma yarışlarına vəsiqə qazanan Jemayeva 14 final mərhələsində məğlubiyyətə uğrayaraq, ümumi hesabda 7-ci pilləni tutub.
Bundan sonra Jemayeva və Azərbaycan Qılıncoynatma Federasiyası arasında konflikt yaranır. Xanım idmançı yenidən Rusiya yığmasında çııxş etmək istəyir. Lakin onun qaynatası (İlqar Məmmədovun atası) Yaşar Məmmədov Yelena Jemayevanın gedişinə razı olmur. Buna görə rusiyalı qılıncoynadan Azərbaycan prezidenti İlham Əliyevə məktub da yazır.
“Mən Azərbaycan prezidenti və Milli Olimpiya Komitəsinin sədri İlham Əliyevə məni bu ölkənin yığma komandasından xaric etməsi üçün məktub yazmışam. Lakin bu günə qədər cavab almışam. Əgər onlar razı olmasalar, mən yenə də Rusiya yığmasından çıxış etmək üçün bir yol tapacam”.
Yaşar Məmmədov isə idmançının bunun üçün 2007-ci ilin avqustuna qədər gözləməli olacağını deyirdi.
“Sonuncu Olimpiadada (2004 Afina oyunları) o, Azərbaycan yığmasında çıxış edib. Rusiya yığmasına qarşı heç bir iddiam olmasa da, qaydalara görə, o, yalnız 2007-ci ilin avqustunda orada çıxış edə biləcək”.
Məsələ tezliklə həllini tapır və Yelena Jemayeva Rusiyaya geri dönür. Bir neçə il yarışlarda çıxış edir. Sonra isə idmana vida edir və məşqçilik fəaliyyəti ilə məşul olur. Hətta onun yetimələrindən biri 2 dəfə Rusiya, Avropa və dünya çempionu titulunu qazanır.
İlqar Məmmədov və Yelena Jemayevanın şəxsi həyatı da professional karyeraları kimi uğurlu alınıb. Onlar məhz qılıncoynatma yarışlarında tanış olublar. Qısa müddətdə münasibətləri möhkəmlənən cütlük ailə həyatı qurub. Onların 1997-ci ildə Milena və 2005-ci ildə Ayla adlı qız övladları dünyaya gəlib.
Ailənin böyük qızı Ayla da valideynlərinin yolu ilə gedərək qılıncoynatma ilə məşğul olur. O hətta bir neçə beynəlxalq yarışlarda mükafatçılar sırasına da daxil olub. Ayla Məmmədovanın şəxsi məşqçisi onun doğma anası Yelena Jemayevadır.
Vüqar İsmayılov