Modern.az

Stalin harada və neçənci ildə ölüb? - Ziddiyyətli şəxsiyyətin müəmmalı ölümü - II YAZI

Stalin harada və neçənci ildə ölüb? - Ziddiyyətli şəxsiyyətin müəmmalı ölümü - II YAZI

Reportaj

4 Mart 2015, 22:14


Ötən yazıda qeyd olunduğu kimi, bəzi versiyalara görə İosif Stalin özünə yaxın saydığı silahdaşları tərəfindən öldürülüb. Faktlar Stalinin müəmmalı ölümünə şübhə yeri qoymur. Amma digər bir müəmmalı məsələ odur ki, öldürülən şəxs Stalin olubmu?

Midern.az-ın məlumatına görə, tarixçilərin daha bir versiyası bu məsələyə kifayət qədər ciddi arqumentlərlə aydınlıq gətirib.

Ehtimala görə, Stalini aldatmağa, rəhbəri aradan götürmək üçün hansısa bir plan haqqında düşünməyə heç kimin cürəti çata bilməzdi. Təbii ki, heç vaxt ehtiyatını əldən verməyən Stalin dərhal bunu hiss edə bilərdi. Digər bir tərəfdən Stalin öz təhlükəsizliyi məsələsinə həddindən artıq, qədərindən də çox ciddi yanaşıb. Onun şəxsi mühafizəsi məsələsi xüsusi, olduqca mürəkkəb qaydalarla işlənib və bu qaydalar müntəzəm olaraq dəyişdirilib. Mühafizəyə 1200 nəfərdən artıq adam cəlb olunub. Bununla yanaşı, digər xüsusi orqanlar da Stalinin mühafizəsi ilə məşğul olublar. Rəhbər öz təhlükəsizliyinə görə daha çox ətraf mühitdən təcrid vəziyyətində olmağa üstünlük verib. Bu da bir həqiqətdir ki, bir çox kütləvi tədbirlərdə Stalin özü yox, oxşarları iştirak edib. Stalinin oxşarlarının tapılması və onların təlimatlandırılması, hazırlanması üçün xüsusi qrup işləyib. Təbii ki, belə olan halda Stalinin öldürülməsinə nəinki cəhd göstərmək, hətta düşünmək belə yəqin ki, ağılsızlıq olardı. Bunları nəzərə alsaq, bu qənaətə gəlmək olar ki, əvvəlki versiyalar həqiqətə uyğundur, amma öldürülən şəxs Stalinin oxşarı olub. Və sonuncu versiya da demək olar ki, bunu təsdiqləyir. Vaxtilə “tam məxfi” möhürü ilə bağlanmış arxiv sənədlərinin açılması belə deməyə əsas verir.

Bu sənədlərin arasında daha çox diqqəti çəkən həkimlərin Stalinin son günləri ilə bağlı yazdıqları rəydir. Rəydə Stalinin cəsədini pataloqoanatomlar çox xırdalığına qədər təsvir ediblər. Lakin maraqlısı odur ki, Stalinin iki ən gözəçarpan fərdi xüsusiyyətləri barədə, yəni sol ayağının ikinci və üçüncü barmaqlarının bitişməsi və uşaqlıqda sol dirsəyinin zədələnməsi barədə bir kəlmə də söz açılmayıb. Bu ancaq bir şeyə dəlalət edə bilər ki, yarılmış cəsəd Stalinə məxsus olmayıb.

Bəs tarixşilər bu haqda nə deyir?

Araşdırmaçıların fikrinə görə İosif Stalin gələcək taleyini müəyyənləşdirmək üçün yetərincə baş sındırmalı olub. Rəhbər düşünüb ki, səhhətində olan problemlərlə yaşlandıqdan sonra “sədaqətli” silahdaşları onu düşündüyündən də amansız məhv edəcəklər. Bu səbəbdən də o vaxtında ağılasığmaz tədbirlər həyata keçirməyə başlayıb.

Məsələnin bu yöndə getməsinin siyasi tərəfləri də olub. Məlum məsələdir ki, müharibədən sonrakı illərdə Stalininin səhhətində yaranmış problemlər, rəhbərin qəfil ölüm ehtimalı, bunu dünyaya bəyan etmək Sovet dövləti üçün olduqca təhlükəli idi. Müharibədən sonra ölkə hələ özünə gəlməmişdi. Dünyanın aparıcı dövlətləri ilə çox da isti olmayan münasibətlərin xoşagəlməz fəsadları ola bilərdi. Bütün bu səbəblərdən Stalinin öz gələcəyi ilə bağlı həyata keçirəcəyi tədbirlər silahdaşları tərəfindən də müsbət qarşılanıb. Beləliklə, Stalin tam məxfi şəkildə SSRİ ərazisindən çox uzaq bir məkanda yerləşdirilməliydi. Ölkəni isə onun oxşarı və silahdaşları idarə etməliydi. Son nəticədə ölkə rəhbərliyi dünyaya, o cümlədən SSRİ vətəndaşlarına göstərməliydilər ki, rəhbərin sağlamlıq durumu qənaətbəxşdir və o ölkəni idarə etməkdə davam edir.

Maraqlıdır ki, Stalin özünü könüllü olaraq hansı məkana “sürgün” etmişdi?

Dini ədəbiyyatı yaxşı bilən Stalinə məlum idi ki, hind monastrlarının birində Tibet Yevangeliyasının çox qədim əlyazısı saxlanılır və həmin yazıda göstərilir ki, müqəddəs İsa heç də çarmıxda ölməyib, onu şagirdləri xilas edib və o ömrünün sonuna qədər Kəşmir vilayətində yaşayıb. Stalin həm də öyrənmişdi ki, Tibet lamaları qədim müalicə üsulları ilə ən ağır xəstəlikləri belə, sağalda bilirlər. Rəhbər məhz bu yolu, bu məkanı seçməyə qərar verib və Beriyaya “Himalaya səyahət” məxfi əməliyyatını keçirməyi tapşırıb. Əməliyyata uyğun olaraq Stalinin oxşarı Boris Arapetov “lal tacir İsabəy” adı ilə Himalay dağı ətəyində məskunlaşıb. “İsabəy” bir müddətdən sonra aradan götürülməli və onu Stalin əvəz etməliydi.

Moskvada isə əməliyyatın davamı olaraq Stalini əvəz edəcək oxşarı Avtandil Çalaqoniya ilə bağlı ciddi hazırlıq işləri aparılıb. Bu versiyaya görə, Avtandil Çanaqoliya həmin şəxsdir ki, o bir-neçə il ölkə rəhbərliyində Stalini əvəz edib, Kreml mavzoleyində Leninin cəsədinin yanında balzamlaşdırılaraq uzanmaq “şərəfinə” nail olub.

Bu yerdəyişmələr zamanı kütləvi informasiya vasitələrində Stalinin yalnız 1947-ci ilə qədər çəkdirdiyi şəkillər yer alıb.

Stalinin qızı Svetlana Alliluyevanın bəzi müşahidələri də bu yerdəyişmə əməliyyatının gerçəkliyini təsdiqləyib: “Çox qəribədir ki, son vaxtlar atam sevimli qəlyanından demək olar ki, imtina etmişdi. Adətən atamın sifətinin rəngi qaçmış və solğun olurdu. Son dövrlərdə onun bənizi də tam fərqli, qıpqırmızı idi”.

Stalinin müəmmalı ölümünün bu versiyasında diqqət çəkən digər məqamlar da var. Maraqlıdır ki, 1956-cı ildə Stalinin şəxsiyyətə pərəstiş məsələsi qaldırılanda, onu milyonlarla insanın məhvində günahlandıranda nəyə görə nəşini mavzoleydən çıxarmayıblar? Belə ehtimal olunur ki, Stalin həmin ərəfədə uzaq Tibetdə hələ sağ olub və Stalin “xofu” hələ də Siyasi Büro üzvlərinin canından çıxmayıb.

1961-ci ilin yazında Stalinin cəsədinin mavzoleydən çıxarılması isə deməyə əsas verir ki, rəhbər artıq ölübmüş.

Beləliklə, bu versiyaya görə, Stalin 1953-cü ildə Moskvada deyil, 1960 və ya 1961-ci ildə Tibetdə ölüb.

Təbii ki, bütün bunlar tarixçilərin və araşdırmaçıların sübuta yetirmək istədikləri versiyalarıdır. Ancaq nə qədər ki, arxivlərdə “tam məxfi” sənədlər tam açılmayıb, Stalinin müəmmalı ölümü də sirr kimi qalacaq.

İlham Cəmiloğlu

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu