Bu toponimlər arasında əlaqə varmı?
Dünyada saysız-hesabsız məscid vardır. Bu Allah evlərinin sayı ildən-ilə daim artır. Sovet hakimiyyəti dövründə SSRİ məkanında ateist tərbiyə əsas yer tuturdu və buna görə də məscidlərin fəaliyyəti ya qadağan olunur, ya da son dərəcə məhdudlaşdırılırdı. Müsəlmanların yaşadıqları ərazilərdə islam dini bayramlarının qeyd olunmasına hər cür maneəçilik törədilirdi.
Pis günün ömrü az olar, söyləmiş ulularımız. 70 il qadağalar şəraitində yaşamış müsəlman respublikaları - Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Tatarıstan, Başqırdıstan və digər respublikalarda din azadlığı meydan aldı, bu ölkələrdə, habelə xristian dininə mənsub respublikalarda yaşayan müsəlmanlar dini bayramları rahatca qeyd etmək imkanı qazandılar. Yeni-yeni məscidlər tikilib istifadəyə verildi. Gürcüstanda sovet hakimiyyəti illərində cəmi 1 məscid qeydiyyatda idisə, hazırda bu kiçik respublikada onlarca məscid dindarların istifadəsindədir.
İslam dininin daha sürətlə inkişaf etdiyi indiki dövrdə “Qurani-Kərim”in, onun surə və ayələrinin təfsirinin dərindən öyrənilməsi mühim əhəmiyyət kəsb edir. Əlbəttə, islam tarixində ilk məscidin harada tikilməsinin və onun sonrakı fəaliyyətinin tədqiq edilməsi maraqlıdır.
Azərbaycanın islamlaşdırılması ərəblərin 618-ci ildə başlamış istilası ilə əlaqədar olaraq həyata keçirilmişdir. Azərbaycan marzbanı (hökmdarı) İsfəndiyar ibn Fərruxzad həmin il ərəblərə qarşı mübarizədə məğlubiyyətə uğradıqdan sonra yadellilərlə sülh müqaviləsi bağlamaq məcburiyyətində qalmışdı. Ərəblər Ərdəbili, Təbrizi, Naxçıvanı, Beyləqanı, Bərdəni, Şirvanı, Muğanı və Aranı işğal etdikdən sonra Xəzər dənizinin sahili boyu Dərbəndə gedib çıxmışdılar. Görkəmli ərəb tarixçisi Əhməd əl-Balazurinin "Kitab futux əl-buldan" ("Ölkələrin fəthi") əsərində verdiyi məlumata görə, Azərbaycan əhalisinin əksəriyyəti xəlifə Əli ibn Əbu Talibin hökmranlığı dövründə islamı qəbul etmişdi. Ərəblər aldıqları ərazilərdə yerli əhalidən vergi yığır, sülh sazişləri bağlayandan sonra yürüşlərini davam etdirirdilər. Vergidən yayılanlar cəzalandırılırdı.
İslamın əsas ehkamı belə idi: "Allahdan başqa Allah yoxdur və Məhəmməd Allahın elçisidir".
Qurani-Kərim Məhəmmədə Məkkə və Mədinədə nazil edilmişdir. Quranda mömin müsəlmanlar üçün beş əsas dini vəzifə nəzərdə tutulmuşdur: Allahın bir olmasını qəbul etmək, gündə beş dəfə namaz qılmaq, ramazan ayında oruc tutmaq, zəkat vermək, Kəbə daşının olduğu Məkkə ziyarətinə getmək.
Dünyanın məşhur adamları islam haqqında dəyərli fikirlər söyləmişlər. İsveç kralı III Qustav demişdir: "İslamın əsası çox sadədir - Allahdan savayı ibadət etməli Tanrı yoxdur. Məhəmmədə də bu həqiqət göndərilmişdir. Müqəddəs kitab olan Quranda indiki dövrün elmlərinə zidd gələn heç nə yoxdur. Bu din ardınca getməyə layiq dindir".
İslam haqqında Lev Tolstoy öz fikrini belə bildirmişdir: "İslam özünün zahiri formalarına görə kilsə pravoslavlığından müqayisəyə gəlməyəcək dərəcədə yüksəkdə durur. Əgər xristian etiqadlı şəxs qarşısında məsələ qoyulsa ki, kilsə pravoslavlığı dalınca getmək, yaxud islamı seçmək yaxşıdır, ağıllı adam əlbəttə ki, Məhəmmədin dinini seçməyə üstünlük verər. Çünki islamda əsas ehkam bir olan Allah və onun Peyğəmbəridir. Xristian dinində isə üç üqnum (troitsa), günahı təmizləmə, dini mərasimlər, övliyalara və onların rəsmlərinə təzimlər və digər mürəkkəb ibadətlər çox çətin və anlaşılmaz məqamlardır". Böyük ədib onun mühitində yaşayan adamlara xitabən demişdi ki, "əgər mənə xeyirxah Məhəmməd dininə mənsub adam kimi baxsanız, onda hər şey yaxşı olar".
Almaniya imperiyasının (reyxinin) birinci kansleri Otto fon Bismark (1815-1898) islamın banisi Məhəmməd peyğəmbər haqqında demişdir: "Ay Məhəmməd! Sənin müasirin olmadığıma görə çox kədərlənirəm. Bəşəriyyət ancaq bir dəfə sənin böyük gücünün şahidi olmuşdur və onu bir daha görməyəcək. Sənə heyran qalmışam".
Görkəmli ingilis yazıçısı Corc Bernard Şounun da fikirləri diqqətçəkəndir. O demişdir: "Əgər Məhəmməd kimi bir adama indiki dünyanı təkbaşına idarə etmək imkanı verilsəydi, onun bütün problemlərinin həllini bacarardı, nəticədə dünyada əmin-amanlıq və xoşbəxtlik hökm sürərdi. Hazırda yer üzündə məhz bunlar çatışmır".
Böyük rus mütəfəkkiri və publisisti Pyotr Yakovleviç Çaadayev islamı yüksək dəyərləndirmişdir. O demişdir: "İslam Qanunun çox yaxşı təzahürlərindən biridir. Məhəmməd insanların müqayisə olunmaz dərəcədə yüksək ehtiramını qazanmışdır. Çünki o, insanların qəlbinə möhkəm inam sala bilmişdir, insanları həmişə birliyə çağırmışdır. Bu keyfiyyətlər heç bir müdrikə müyəssər olmamışdır".
Dünyanın tanınmış mədəniyyət xadimi Riçard Bell belə demişdir: "Avropa böyük tənəzzül qarşısındadır. Üzdən gözəl görünən hər şeyin arxasında stress, ağılsızlıq, özünə qəsd, ruhi xəstəliklər, əxlaqsızlıq, narkotiklərdən və alkoqoldan istifadə, quldurluq, zorlama, saatbasaat artan zöhrəvi xəstəliklər gizlənmişdir. Adamlar arasında qarşılıqlı məhəbbət və inam itmişdir.
Hamı ölüm təhlükəsindən əndişələnir. Ailələr dağılır, dövlət başçıları yaranmış vəziyyətdən çıxış yolu tapa bilmirlər. İntellektuallar mənəvi boşluqda fəaliyyət göstərə bilmirlər. Yeganə xilas yolu İslam yoludur. Başqa xilas yolu yoxdur’’.
Dünyanın məşhur adamlarının yuxarıda göstərilən fikirlərə bənzər kəlamları çoxdur.
Nə isə... Yer üzündə ilk məscid harada tikilmişdir və onun banisi kimdir? Əvvələn deyək ki, islam tarixində ilk məscidin banisi Allahın müqəddəs elçisi Məhəmməd olmuşdur və həmin məscid Mədinə yaxınlığında yerləşən Quba kəndində tikilmişdir. Burada olan su quyusu da elə beləcə adlanırdı. Peyğəmbərimiz Məkkədən Mədinəyə gedərkən Bəni-Əmr ibn Of qəbiləsi buradan dayanacaq kimi istifadə edər, burada bir neçə gün öz tərəfdarlarının yolunu gözləyərmiş. O, kənd sakinlərinin xahişini yerinə yetirərək, tərkibində Salman adlı Farsinin və Makdad ibn Asudun daxil olduğu tərəfdarlarından ibarət qrupla ilk məscidi tikməyə başlamışdır. Dostları və silahdaşları dəfələrlə xahiş etmişdilər ki, Peyğəmbər fiziki əməklə az məşğul olsun və istirahət etsin. Onlar tikintini var qüvvə ilə davam etdirəcəklərinə söz vermişlər. Lakin Allahın rəsulu bu xahişi rədd edərək demişdir: “ Məscidi tikən və burada ayaq üstə, yaxud oturaraq Quran oxuyan adam daha yaxşıdı. Bu cür insanı işə kənardan baxıb paltarının toza bulaşmasından qorxan adamlarla müqayisə etmək mümkün deyildir”.
Beləliklə, Peyğəmbərin Quba kəndində dayanması İslam tarixində ilk məscidin tikintisi üçün zəmin oldu.
Quba məscidi barəsində çoxlu hədislər vardır. Məsələn, rəvayətlərdən birində deyilir ki, Allahın rəsulu özünün müqəddəs və səmərəli həyatında Quba məscidinə tez-tez gəlmiş və namaz qılmışdır.
İslamın yarandığı ilk dövrdən etibarən indinin özünə qədər yaşıl ağaclar üzərindən ucalan Quba məscidinin qübbəsi diqqəti cəlb edir. Bu məsciddə namaz qılmaq üçün Mədinəyə gələn Peyğəmbər Quba məscidinə gah miniklə, gah da piyada gəlib orada iki dəfə namaz qılırdı. Digər bir versiyada deyilir ki, Peyğəmbər hər şənbə buraya gəlirdi. Elə bu hədisdə deyilir ki, İbn Ömər də belə edirdi.
Hədislərdən birinə görə, Əbu Xurayra demişdir: ”Peyğəmbər bir dəfə Asim bin Sabit əl-Ənsərinin başçılığı ilə xəfiyyələrdən on nəfərdən ibarət dəstə yaratmış və həmin dəstə yola düşmüş, Üsvan ilə Məkkə arasında olan əl-Xudata çatdıqda bu barədə Xuzayl qəbiləsindən olan adamlar xəbər tutmuş və onların ardınca yüz nəfərə yaxın oxatanlar və sapandçılar hərəkət etməyə başlamışdı”.
Mədinədə Peyğəmbərin əleyhinə çıxıb Məkkə müşriklərinə başçılıq edən və sonralar Roma kralının yanında sığınacaq tapan Əbu Amir ona gizlində rəğbət bəsləyən münafiqlərə xəbər göndərir ki, Peyğəmbərlə fəal mubarizə aparmaqdan ötrü bir məscid tikmək lazımdır və həmin məscid onun tərəfdarlarının toplanacağı qərargah rolunu oynamaqla bərabər, Peyğəmbər üçün bir növ tələ olmalıdır, orada namaz qılanda həbsə alınmalıdır. Münafiqlər bu məscidi möminlərin təqva naminə ucaltdığı Quba məscidinin yanında inşa edirlər. Ayə həmin hadisə ilə bağlı nazil olmuşdur.
Haqqında danışılan “Tövbə” Surəsinin 107-ci ayəsi belədir: “(Quba məscidinə və müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və onun Peyğəmbərinə qarşı muharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən və “Bir (bununla) yaxşılıqdan başqa bir şey istəmədik”,-deyə and içənlərin (münafiqlərin), həqiqətən yalançı olmaları barədə Allah özü şahidlik edəcəkdir!”.
Quranın bir çox təfsirçiləri təsdiq edirlər ki, “Tövbə” surəsinin 108-ci ayəsi Quba məscidi şərəfinə nazil olmuşdur. Allah bu ayədə buyurmuşdur: “ (Ya Rəsulum! ) orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir, orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevər!”.
Pislik üçün qurulan bu məscid Peyğəmbərin əmri ilə söküldü, yeri də zibilliyə çevrildi.
İlk məcsid barəsində söhbətimizi davam etdirə bilərdik, lakin buna qarşıya qoyduğumuz məqsədə çatmaq üçün yəqin ki, ehtiyac yoxdur. Belə ki, bizi ilk məscidin Quba adlanması və bu barədə söhbət zamanı əl-Xudat yaşayış məntəqəsinin adının çəkilməsi daha çox maraqlandırır. Axı, həm Quba, həm də Xudat muasir Azərbaycanın şimal hissəsində şəhər adlarıdır. İndiki Səudiyyə Ərəbistanındakı Quba və əl-Xudat yaşayış məskənləri ilə bizim Quba və Xudat yaşayış məskənləri arasında əlaqə vardırmı? Doğrudan da, bu toponimlər necə olmuşdur ki, Ərəbistandan Azərbaycana gəlmişdir?
Fikrimizcə, bu toponimlər arasında əlaqə vardır, Quba və Xudat yer adlarının Azərbaycana gəlməsi təsadüfi deyildir. Bu adların Azərbaycanda toponim kimi istifadə edilməsinin bir neçə səbəbi ola bilərdi. Bizə elə gəlir ki, müsəlman ərəblər, o cümlədən ilk məscidin vətəni qubalılar islam dinini yaymaq üçün Azərbaycanın indiki Quba ərazisinə gəlmiş, bəlkə də müəyyən hissəsi burada məskunlaşmışdır. Başqa bir səbəb isə bu ola bilər ki, ərəblər islam dinini daha geniş ərazilərdə yaymaq üçün olduqları ərazilərə müsəlman ərəblər məskunlaşdırmışlar. Ərəblər bu üsulu tətbiq edərkən yerli əhalini assimliyasiyaya uğratmaq məqsədi də güdmüşlər. Onlar təkcə Azərbaycan ərazisində deyil, digər ərazilərdə də bu üsuldan istifadə etmişlər. Maqarlıdır ki, ərəblər islamın yayılmasına nail olsalar da, yerli əhalinin ərəbləşdirilməsi sahəsində uğur qazana bilməmişlər. Bu gün nə Qubada, nə də Xudatda ərəblər yaşamır. Gürcüstanın Borçalı mahalında Araflı (yəni Ərəbli) adlı kənd vardır. Bu kənddə, ehtimala görə, Ərəbistandan köcürülmüş ərəblər yaşamışlar, lakin onların dili yavaş-yavaş sıradan çıxmış, ərəbləşmə prosesi türkləşmə prosesi ilə əvəz olunmuşdur.
Bizə elə gəlir ki, Quba, Xudat, Ərəbli və buna bənzər digər toponimlər dərindən tədqiq edilməli, bunların Azərbaycanda tətbiqi tarixi dəqiq öyrənilməlidir.
Həmid VƏLİYEV,
BDU Beynəlxalq jurnalistika
kafedrasının müdiri,
professor,
Gürcüstan SSR-in əməkdar jurnalisti