Modern.az

Prezidentlə taleyi oxşar olan birinci ledi - Argentinanın başına keçən miqrant ailəsi - FOTOLAR

Prezidentlə taleyi oxşar olan birinci ledi - Argentinanın başına keçən miqrant ailəsi - FOTOLAR

6 Yanvar 2016, 15:17

Hər ikisi əslən argentinalı deyil, hər ikisi əvvəl iki dəfə evli olublar


Modern.az
saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımız Argentinanın birinci ledisi haqqındadır.

Hər ikisinin taleyində oxşarlıqlar var. Prezident kimi birinci ledi də əslən argentinalı deyil, ikisinin də ailəsi varlı olub. Birinci ledinin atası, prezidentin isə özü vaxtilə oğurlanaraq külli miqdarda pul müqabilində azad ediliblər.

Yuliana Avada Beker Argentinada məşhur olan “Avada” geyim markasının yaradıcısıdır, əslən Livanın Baalbek rayonundan olan müsəlman miqrantın ailəsində doğulub. Ailəsi Argentinada toxuculuq biznesi ilə məşğul olub. Onların bu ölkədə 10-dan çox fabriki var. 2001-ci ildə indiki birinci ledinin atasını pul əldə etmək məqsədilə oğurlayıblar, 6 gün sonra 300 min dollar alaraq buraxıblar. Ailədəki bütün uşaqlar ailə biznesində iştirak etmək imkanı əldə edib.

Yuliana Avada uşaqlıqda anası ilə dünyanın müxtəlif yerlərinə çoxlu səyahət edib. Onlar birlikdə geyimləri üçün yeni modellər axtarmaq məqsədilə ABŞ-a və Avropaya da gediblər.
Yuliana ilk təhsilini prestijli ingilis dili təmayüllü kollecdə alıb. Bir qədər sonra Oksfordda ingilis dilini təkmilləşdirib.



Argentinaya qayıdandan sonra ailəsinin biznesi ilə məşğul olub, 23 yaşında ilk dəfə Qustavo Kopejoya ərə gedib. Bir neçə ildən sonra boşanıblar. O, sonra təxminən 10 il Bruno Barbe Loranla vətəndaş nikahında olub. Yuliana varidatı 400 milyon avro dəyərləndirilən belçikalı ilə “Air France” şirkətinin təyyarəsində tanış olub. Onlar demək olar 5 il birgə yaşasalar da, rəsmi nikaha girməyiblər, ancaq bu münasibətdən Valentina adlı qızları doğulub.

1974-cü il aprelin 3-də Buones-Ayresdə anadan olan Yuliana indiki prezident Maurisio Makri ilə çoxdan tanış olublar. Bu tanışlıq o, hələ əvvəlki həyat yoldaşı və 3 uşağı (Agustina, Jimena, Fransisko) ilə birgə yaşayandan başlayıb. Barrio Parque rayonunda onların evləri faktiki üzbəüz olub. Onlar tez-tez birlikdə yerli klubda qolf oynayıblar. Ailələri tez-tez Punta del Estedə birgə istirahət edib. Lakin indiki əri ilə əsl münasibətləri 2009-cu ildən başlayıb, 2010-cu il noyabrın 16-da toyla nəticələnib. Bir il sonra onların Antoniya adında qızları doğulub. Yuliana prezident Maurisio Makrinin üçüncü arvadıdır. Hər ikisi əvvəl iki dəfə evli olublar.

Argentinanın yeni prezidenti Maurisio Makri 1959-cu il fevralın 8-də Buones-Ayresin Tandil əyalətində anadan olub. Argentina Katolik Universitetini mühəndislik ixtisası üzrə qurtarıb. “Siti bank”da və “Makri qrupu”nda işləyib. Makri ABŞ-da da, Nyu-Yorkdakı Kolumbiya Universitetində, sonradan Filadelfiyadakı Pensilvaniya Universitetində də oxuyub. Makri ailədəki 6 uşağın ən böyüyü olub. Atası Françesko Makri italiyalı biznesmen olub, Argentina vətəndaşlığı alıb.

Maurisio Makri üç dəfə evlənib. İlk arvadı İvonne Bordeudan 3 övladı – Agustina, Gimena və Francisko doğulub, hazırda böyüyüblər. Keçmiş top-model İsabel Mendteguyla isə 11 il birgə yaşayıblar.
İndiki birinci ledi Yuliana Avada Bekerlə 2010-cu ildən evlidir və Antoniya adlı qızları dünyaya gəlib.



1991-ci ildə Maurisio Makrini evindən oğurlayaraq qaytarılması əvəzində pul tələb ediblər. Valideynləri onun qurtarılması üçün 6 milyon dollar veriblər. Makri 12 gün bir evin zirzəmisindəki 2x3 metrlik yerdə girovluqda qalıb, ona yeməyi döşəmədəki kiçik dəlikdən veriblər. Tələb olunan pul ödəniləndən sonra onu gözləri bağlı halda avtomobilin yük yerində yolda buraxıblar. Onu oğurlayan dəstə üstündən iki ay keçəndən sonra saxlanılıb. Onlar polislərdən ibarət qruplaşma olub.

Makri 2005 və 2007-ci illərdə Buones-Ayres şəhərindən deputat olub. 2007-ci ildə isə onu paytaxtın meri seçiblər, 2015-ci ilə qədər bu vəzifədə işləyib.

Makri 2015-ci il oktyabrın 25-də prezidentliyə namizəd kimi ilk səsvermədə 34,33 faiz səs toplayaraq 36,88 faiz səs qazanan Danielyu Skioliyə uduzub. Noyabrın 22-də keçirilən təkrar səsvermədə isə Makri əsas rəqibini üstələyərək 51,34 faiz səs toplayıb.

Prezident Makri də birinci ledi kimi miqrant ailəsində doğulub. Onun atası Buones-Ayresə müharibənin viran qoyduğu İtaliyadan bir çemodanla, özü də bir kəlmə ispan dilində bilmədən gəlib və yeni vətənində ən varlı adamlardan biri olub.



Birinci ledinin etirafları

* Sizin sevimli ətriniz? - “Təzə, ətirli güllər”

* Axırıncı dəfə hansı kitabı oxumusunuz? - “Haruki Murakaminin “Qadınsız kişilər” əsərini”.

* Çoxlu seyr etdiyiniz film? - “Həyat gözəldir”.

* Sevimli aktyorunuz? -  “Mənim qardaşım Alexandro”.

* Sizin sevimli dizayneriniz? - “Argentinada istedadlı dizaynerlər o qədərdir ki, mən onları bir-birindən ayıra bilmərəm”.

* Hansı idman növü ilə məşğul olmağı xoşlayırsınız:? - “Mən bütün idman növlərini sevirəm, açıq havada yürüməkdən isə çox zövq alıram”.

* Sizin sevimli tarixi personaj? - “Mən Nelson Mandelaya heyranam, ona görə ki, o elə bir insan olub ki, idealları uğrunda mübarizə aparıb xoşagəlməz situasiyalarla üzləşməsinə baxmayaraq istəklərinə çatıb”.

* Səxavətlisiniz? - “Məni həmişə müsbət insan kimi nəzərdə tutun”.

* Çatışmayan cəhətiniz? - “Bəzi hallarda həddən artıq sırtıqam”.

* Sizin sevimli musiqi ifaçınız? - “Sevimli musiqi ifaçı deməzdim, əhval-ruhiyyəmə görə istənilən janrda olan musiqini dinləyirəm”.

* Başa çatdırmadığınız işiniz varmı? - “Mən həyatda yaşayıram və düşünürəm ki, nəyi əldə etmişəm, mənə nə etmək lazımdır”.

* Həyatınızda ən çox xoşbəxt olduğunuz an? - “O iki dəfə olub: biri qızlarım Valentina və Antoninin dünyaya gəlməsidir”.

* Kədərli anınız? - “Atamın rəhmətə getməsidir”.

* Sizin üçün ideal birinci ledi kimdir? - “Mənim üçün ideal olanı yoxdur, amma xalqa yaxın olmalıdır, insanları dinləməli, dəstək verməli, yardım göstərməlidir”.

* Birinci ledinin stili necə olmalıdır? - “Düşünürəm ki, ideal dəb yoxdur, öz üslubuna sadiq qadından xoşum gəlir”.

*Siz yeni rolunuzu necə təsəvvür edirsiniz? - “Mənim Mavriki ilə layihəmiz sevgi və ailədir, mən onunla birgə öz üzərimə cavabdehlik götürəcəyəm”.









Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu