Modern.az

“AİTF 2018” turizm sərgisində 20 ölkədən 277 şirkət iştirak edəcək

“AİTF 2018” turizm sərgisində 20 ölkədən 277 şirkət iştirak edəcək

Aktual

4 Aprel 2018, 15:54

Aprelin 5-dən 7-dək Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” (“AİTF 2018”) sərgisi keçiriləcək. Sərgi ənənəvi olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İteca Caspian” və onun tərəfdaşı – “İTE Group” (Böyük Britaniya) şirkətlərinin təşkilatçılığı ilə gerçəkləşəcək.

 

17-ci dəfə təşkil olunan sərgi turizm biznesi, yerli və regional turizm təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələrini yenidən bir araya toplayacaq və regionun həm daxili, həm də xarici turizm dinamikasını yaxından təqdim edəcək. Xəzəryanı regionun turizm sənayesinin əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir.

 

Bu fikirləri “AİTF 2018” sərgisinə həsr edilmiş mətbuat konfransında “İTE Group” şirkətinin regional direktoru Edvard Stroon dedi. O bildirdi ki, “Bütün dünya – bir sərgi” şüarı altında keçirilən “AİTF” sərgisində bu il 20 ölkəni təmsil edən 277 şirkət iştirak edəcək. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Hava yolları və hotel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim ediləcək. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çex, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alır. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi isə Bolqarıstandır.

E.Stroon qeyd etdi ki, sərgidə tibbi və sağlamlıq turizmi sektoru geniş təqdim olunacaq. Bu sektorun iştirakçıları istirahət məkanlarını seçməklə yanaşı, yüksəkixtisaslı tibbi xidmətlərdən də faydalanmaq üçün müxtəlif imkanlar nümayiş etdirəcəklər. Bu il tibb turizm seqmentində Çexiya, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 40-dan çox tibb mərkəzi, klinika, sağlamlıq ocağı və sanatoriyalar iştirak edir.

 

Turizmin ölkə iqtisadiyyatının prioritet sahələrindən biri olduğunu söyləyən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev qeyd etdi ki, AİTF sərgisi hər il Azərbaycanda bu sahənin imkanlarını nümayiş etdirməklə bərabər, ölkənin daxili turizm sektorunun inkişafına öz töhfəsini verir. Eyni zamanda, sərgi Azərbaycan turizm potensialını şəkildə xarici qonaqlara nümayiş etdirir.

 

Sərginin meneceri Cəmilə Quliyeva bildirdi ki, iştirakçılar arasında hər il yeni-yeni həm yerli, həm də xarici ölkələri təmsil edən debütant şirkətlər də yer alır. Onun sözlərinə görə, bu il belə şirkətlər iştirakçıların 31 faizini təşkil edir. Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycan Turizm Assosiasiyası (AZTA) ayrıca stendlə təmsil olunacaq. Azərbaycanın 25 turizm şirkətini, hotel və sanatoriyalarını öz stendində bir araya gətirən AZTA-nın ekspozisiyası həm ölkəmizdə, həm də xaricdə turizm üzrə geniş təklifləri əks etdirəcək.

 

Qeyd olundu  ki, AİTF sərgisi ölkəmizdə daxili turizmin inkişafını fəal şəkildə əks etdirir. Ənənəvi olaraq bu il də ölkənin turizm potensialı regionlar tərəfindən nümayiş olunacaq, müxtəlif turoperatorlar, eləcə də “Absheron Hotels Group”, “Gilan Hospitality” və digər hotellər şəbəkəsi öz xidmətlərini təqdim edəcəklər. Sərgiyə İsmayıllı, Lənkəran, Masallı, Şəki, Xaçmaz və Sumqayıt regional mədəniyyət və turizm idarələri qatılıb. Bundan əlavə, qonaqları regionun mədəni-tarixi irsi ilə tanış edən Qarabağ stendi təqdim olunacaq. İkinci ildir ki “ASAN Visa” – elektron viza portalı sərgidə öz stendi ilə iştirak edir. Bakının tarixi mərkəzi olan qədim İçərişəhərdə turizminin inkişaf imkanları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən nümayiş olunacaq. Həmçinin Bakı Şopinq Festivalı da sərgidə iştirak edir.

Sərgi çərçivəsində iştirakçılar və yerli turoperatorlar arasında işgüzar əlaqələrin qurulması və danışıqlar aparmaq üçün geniş imkanlar yaradacaq vorkşop keçiriləcək.

 

Tədbirlər üzrə menecer Nəzrin Şamxalova bildirdi ki, 17-ci AİTF ilə bərabər Bakı Ekspo Mərkəzində 12-ci Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” (“Horex Caucasus 2018”) sərgisi də keçiriləcək. “Horex Caucasus” regionda hotel və restoran sektorunun yeganə ixtisaslaşdırılmış sərgidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı