Modern.az

Parlament jurnalistləri deputatı belə xarakterizə etdilər: “Hacı Salayevin adını eşidib, üzünü görməmişik”

Parlament jurnalistləri deputatı belə xarakterizə etdilər: “Hacı Salayevin adını eşidib, üzünü görməmişik”

Aktual

19 Dekabr 2012, 13:44

Media nümayəndələrindən 44 saylı Sumqayıt-Abşeron seçki dairəsinin millət vəkili barədə maraqlı açıqlamalar... 

Milli Məclisin plenar iclaslarında deputatlar müəyyən fikirlərlə çıxış edir, təkliflər irəli sürür, fikirlərini səsləndirirlər. Parlamentdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? 

Modern.az saytı parlament jurnalistlərilə deputatlar barədə sorğuları davam etdirir. Bu dəfə həmkarlarımızdan deputat Hacı Salayevi millət vəkili kimi necə xarakterizə etdiklərini soruşduq.

Hacı Baba oğlu Salayev 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən parlamentə millət vəkili seçilib. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı Haci Salayevin adını eşitdiyini, üzünü görmədiyini bildirib. “Sözün düzü onu üzdən tanımıram. Bircə onu bilirəm ki, seçki vaxtı keçmiş deputat Baba Tağıyevlə rəqib idi. Parlamentdə isə deyəsən bircə dəfə adını tabloda görmüşəm, hansısa məsələ ilə bağlı çıxış yazılmışdı. O da vaxt çatmadığından danışmadı. Başqa onun haqqında heç nə bilmirəm”.

APA-nın əməkdaşı Mübariz Aslanov deputatin adını ancaq siyahıdan və Milli Məclisin saytından görüb. “Amma belə, hansısa təklifinin və ya çıxışının şahidi olmamışam. Bəlkə də seçiciləri arasında kifayət qədər tanınan deputatdır. Amma mətbuat səhifələrində hansısa təklifini, çıxışını görməmişəm”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı da qeyd edib ki, Hacı Salayevin deputat kimi fəaliyyəti ilə yaxından tanış deyil.
“Biz jurnalistlər adətən daha çox çıxış edənləri fəal deputat hesab edirik. Amma bu yanaşmanı doğru hesab etmirəm. Nəzərə alsaq ki, müxbirlərin çoxu Milli Məclis iclaslarınin ikinci hissəsində iştirak etmir, onda həmin vaxt kimlərin çıxış etmələrindən xəbərsiz oluruq. Bu baxımdan, deyə bilərəm ki, deputat Hacı Salayevin Milli Məclisin iclaslarında çıxışının şahidi olmamışam. Amma komitə iclaslarında müzakirə olunan məsələlərə münasibətini bildirir. Onun seçiciləri ilə necə işlədiyi barədə də məlumatsızam. Amma Hacı Salayevin tərcümeyi-halı ilə tanış olarkən onun ali təhsil aldığını, Xüsusi İdarədə müxtəlif vəzifələrdə çalışdığını görmək olar. Haci Salayev haqda məlumatlarda onun ABS-ın fəxri vətəndaşı olmasına da rast gəlmişəm. Hesab edirəm ki, deputatlar millətin vəkilləri kimi vaxtaşırı öz fəaliyyətləri barədə ictimaiyyətə məlumatlar versələr, daha yaxşı olar”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli deputat kimi Hacı Salayevin aktivliyini müşahidə etməyib. “O, eyni saylı seçki dairəsindən əvvəl seçilən deputatdan daha zəifdir. Sumqayıtın bir çox problemləri, ekoloji məsələləri olmasına baxmayaraq,  bu problemlərin qaldırılmasında fəallıq nümayiş etdirmir”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev: “Deyəsən Modern.az-ın bu layihəsinin məqsədi sakit suları çoşdurmaqdır. Digər tərəfdən qorxuram 3-4 dəfə bu qəbildən olan deputatlarla bağlı sual versəniz, məndə Milli Məclisdən bixəbər parlament jurnalisti kompeklsi yaranacaq”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu  bildirib ki, Milli Məclisdə daha çox media ilə bəlli kəsim işləyir ki, onlar da parlamentdə fəaldırlar, çıxışları görsənir. Akkreditasiya olunan jurnalistlər də daha çox çıxış edən, fikir bildirən deputatlarla təmasa maraqlı olurlar.
“Hacı Salayev Sumqayıtın dörd deputatından biridir. Mətbuatla münüasibəti ardıcıl deyil. Parlamentin iclaslarında çıxışını eşitməmişik. Baxmayaraq parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvidir, indiki həssas region problemlərində arzu edərdik ki, Hacı müəllimin mövqeyini və münasibətini eşidək”.

“Yeni Musavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Siz deputatın adını məndən soruşanda Milli Məclisin saytına daxil oldum və Sumqayıtdan Milli Məclisə belə bir şəxsin deputat seçildiyini gördüm. Hətta o, Təhlükəsizlik və müdafiə komitəsinin üzvüymüş. Çox sağ olun ki, bizi qiyabi də olsa, tanış etdiniz. Ümid edirəm ki, 2013-cü ildə digər həmkarları kimi, onunla da tanış olmaq imkanımız yaranacaq”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan deputat Hacı Salayevin adını eşitmədiyini, üzünü görmədiyini vurğulayıb: “Yəqin passiv deputatdır ki, tanımıram. Ümumiyyətlə, 2010-cu ildə  keçirilən parlament seçkilərində, Milli Məclisə elə adamlar düşüblər ki, onlar deputat adına layiq deyillər”.

Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu ilk dəfə bu deputatın adını bizdən eşitdiyini və onun haqqında ümumiyyətlə heç bir məlumata malik olamdığını bildirib.

“Turan” İnformasiya Agentliyinin əməkdaşı Təranə Kazımova da deputat Hacı Salayev haqqında heç bir informasiyaya malik deyil.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev bu deputatın fəaliyyəti haqqında heç bir məlumata malik olmadığını vurğulayıb. “Nə parlamentdə çıxışlarını eşitmişəm, nə də mətbuatda hansısa çıxışlarını görmüşəm”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə onun adını Milli Məclisin siyahısından gördüyünü qeyd edib. “Ayrı fəaliyyətini görməmişəm. Ümumiyyətlə, Milli Məclisdə də hər hansı çıxışının şahidi olmamışam”.  

“Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyədov bildirib ki, Hacı Salayev onun yaşadığı dairədən seçilib və deputatlığı müddətində heç bir fəallıq nümayiş etdirmir. “Həm seçicisi, həm də parlament jurnalisti kimi onun Milli Məclisdə çıxış etdiyini görməmişəm. Ceyranbatanda yaşayıram, onun bir dəfə də olsun seçicilərlə görüşdüyünü və ya maraqlandığını görməmişəm”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu bildirib ki, hər hansı deputatın işini qiymətləndirmək üçün gərək o deputatın fəaliyyəti olsun.
“2 ildən artıq deputat seçilməsinə baxmayaraq, parlamentari kimi nə Milli Məclisdə, nə komitələrin iclasında, nə mediada çıxışlar edib. Fəaliyyəti ortada olmayan şəxslə bağlı nə demək olar? Seçiciləri ilə görüşdən isə dəqiq heç nə deyə bilmərəm”.

“Modern.az” saytının əməkdaşı Elşad Eyvazlı qeyd edib ki, Hacı Salayev adını az-az eşitdiyi deputatlar sırasındadır. “ Milli Məclisdə çıxışının şahidi olmamışıq. Seçiciləri ilə görüşdən də bixəbərik”.

“Ann.az” saytının əməkdaşı Elkin Xəlilov deputat Hacı Salayevi 2010-cu ilin parlament seçkilərindən tanıyır.
“Bunun da səbəbi Hacı müəllimin yaşadığım Sumqayıt 44 saylı seçki məntəqəsindən namizəd olması idi. Amma deputat olaraq fəaliyyətini çox passiv qiymətləndirirəm. Baxmayaraq ki, Hacı müəllimin namizəd olduğu Sumqayıt şəhərində kifayət qədər problemlər var, amma nədənsə deputat bu məsələləri parlamentdə qaldırmaq istəmir. Hacı Salayev mənim üçün jurnalistlərdən və seçicilərindən uzaq düşmüş deputatdır”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı