Modern.az

Redaktorlar Qarabağa gedərdimii?

Redaktorlar Qarabağa gedərdimii?

Ölkə

5 Noyabr 2009, 18:48

Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması istiqamətində başlayan xalq diplomatiyası iştirakçılarının sırası genişlənir. İndiyədək bu sırada olan ziyalılar, QHT nümayəndələri, diplomatlar, nazirlər və deputatlara artıq jurnalistlər də qoşulub.

Xankəndinə səfərə, ermənilərlə görüşə hazırlaşan Azərbaycanın rusdilli mətbuat orqanlarının nümayəndələri ermənilərlə ilk görüşlərini Moskvada həyata keçiriblər. Day.az, 1nevs.az saytlarının, “Novaya Vremya” qəzetinin, news.az agentliyinin təmsilçiləri erməni həmkarları ilə Dağlıq Qarabağda da görüşmək arzusundadırlar. Guya, təşkilatçılar belə görüşlərlə hər iki ölkənin mediasında tərəflərə qarşı yol verilən təhqirləri aradan qaldırmaq məqsədi güdürlər. Bəs görəsən Azərbaycan dilli mətbuat orqanlarının nümayəndələri bu məsələyə necə baxırlar? “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay jurnalistlərin bu addımına həm normal, həm də anormal tərəflərindən yanaşır: “Jurnalistlərin müstəqil şəlkildə Dağlıq Qarabağa gedib, oradan reportaj hazırlamasını dəstəkləyirəm. Amma bunlar təşkilat və qrup formasında Dağlıq Qarabağa səfər etmək istəyirlərsə, bu normal hal deyil. Əbədi düşmənçiliyin olmadığını başa düşürəm. Ancaq hər şeyin qaydalar çərçivəsində həll edilməsi daha yaxşıdır. Xalq diplomatiyasını səfir Polad Bülbüloğlu başladı, nazirlərimiz isə davam etdirdi. İndi isə jurnalistlərin bu işə can atmasını heç cür başa düşmürəm. Belə çıxır ki, növbəti dəfə Dağlıq Qarabağa evdar qadınlarımızı, müəllimlərimizi, şəhid ailələrimizi göndərəcəklər. Sadəcə bu məqamlar baş açılası deyil”.

“Media Forum” saytının redaktoru Hikmət Sabiroğlu jurnalistlərin Xankəndinə səfərinin əleyhinə olmasa da, bu təşəbbüsü dəstəkləmir: “Problemin həllinin görünmədiyi məqamda xalq diplomatiyasını əhəmiyyətsiz hesab edirəm. Nə erməni, nə də azərbaycanlı jurnalistlərin topu və topxanası yoxdur ki, məsələni həll etsinlər. Bu cür məsələləri həll etmək üçün siyasi qərarlar və siyasi iradə daha vacibdir. Mən bunun əleyhinə deyiləm. Amma mən bu təşəbbüsdə iştirak etməzdim. Çünki erməni jurnalisti ilə çənə-çənəyə verməyi özümə sığışdırmıram”.

Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev xalq diplomatiyasında jurnalistlərin iştirakını qəbul etməyən həmkarlarından fərqli düşünür. O, həm də təşəbbüskar mətbu orqanların rusdilli olmasına və bunun yerli mətbuatda yaratdığı  ayrı-seçkiliyə münasibət bildirib: “Bu cür görüşlərin əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirildiyini və yaxud görüş xatirinə bir neçə məsələnin ortaya atılıb müzakirə edildiyini bilmirəm. Ölkə rəsmiləri ilə yanaşı, ictimaiyyətin də məsələ barədə nə düşündüyünü öyrənmək problemin xeyrinə olar. Bu baxımdan mən atılan addımı müsbət qarşılayıram. Amma Azərbaycan tərəfi görüşlərdən əvvəl məlumatlandırılmalıdır. Bu cür təklif bizə də edilsəydi, mən məmmuniyyətlə iştirak edərdim. Belə məsələlərdə mətbuat arasında dilə görə ayrı-seçkilik qoyulmasının əleyhinəyəm. Bu gün rusdilli, sabah ingilis dilli mətbuat təmsilçilərinin ermənilərlə görüşməsi formatı düzgün yanaşma deyil. Bu erməni mətbuatı qarşısında Azərbaycan mətbuatını dağınıq vəziyyətdə nümayiş etdirməkdir. Ona görə də görüşlərdə iştirak üçün bütün mətbu orqanların bir nümayındə heyəti formalaşdırılmalıdır. Burada həm ana dilli, həm rus dilli, həm də ingilis dilli mətbuat olsun. Görünür kimlərsə bu prinsiplərdən çıxış ediblər ki, ermənilərlə təmasda xüsusi bir dilə ehtiyac var, yəni, hər iki tərəf rus dilində daha yaxşı danışa bilir. Azərbaycan mətbuatında rus dilini mükəmməl bilən jurnalistlər və baş redaktorlar çoxdur. Mənə elə gəlir ki, bu görüşə Azərbaycanda nəşr olunan təkcə rus dilli deyil,  Azərbaycan dilli mətbu orqanlarından nümayəndələr aparılsaydı, təşəbbüs daha effektli olardı və mən də böyük məmmuniyyətlə onlara qoşulardım”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal isə təşəbbüskarlar arasında özünü görmədiyini deyir: “Qarşılıqlı gediş-gəlişlər Ermənistanın mənafeyinə xidmət edir. Çünki bu olaylar Azərbaycan cəmiyyətində ermənilərə qarşı düşmənçiliyi yumuşaltmağa yönəlib. Azərbaycan cəmiyyəti arasında ermənilərə qarşı düşmənçiliyin yığışdırılması nə qədər adiləşdiriləcəksə, gələcəkdə Azərbaycanın Ermənistandan öz torpağını istəməsi və torpağın geri qaytarılmasına inam faizi bir o qədər aşağı düşəcək. Təhlükənin sovuşmadığı bir vaxtda bu cür səfərlərin adiləşdirilməsi məntiqə sığışmayan addımdır. Başqa bir məsələ jurnalistlərin səfərlərdən sonrakı fəaliyyətidir. Yəni onlar bu görüşlərdən sonra yazılarında ermənilərə qarşı düşmənçiliyə senzura qoyacaqlarsa, bu daha acınacaqlıdır. Ona görə də özümü təşəbbüskarlar içərisində görmürəm. Mən jurnalist olmaqdan əvvəl torpağı işğal olunmuş Azərbaycan vətəndaşıyam. Dağlıq Qarabağa da yalnız əsgər kimi gedə bilərəm”.

 

Xəzri Xudiyev

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı