Modern.az

Azərbaycanda vergi mədəniyyəti

Azərbaycanda vergi mədəniyyəti

Ölkə

10 Noyabr 2009, 17:15

Ödəyicilər üçün  vergi-köləlik yox, azadlıq əlamətidir!

A.Smit (ingilis iqtisadçısı) 

"Çek lazımdııır?". Əslində hər şey bu sualın cavabından başlayır. Tarix boyu bütün cəmiyyətlərdə istehsalçılar daha çox gəlir əldə etmək, istehlakçılar daha yaxşı yaşamaq üçün çalışıblar.

  

Vergi mədəniyyəti necə formalaşmalıdır?

Bütün dövlətlərin əsas gəlir mənbəyi əhalidən yığılan vergilərdir. Həmin vergilər hesabına formalaşan büdcə təkrarən insanların ehtiyaclarını ödəməyə və azad ölkə qurmağa sərf edilir. Ölkənin varlı olması üçün büdcəyə çoxlu vəsait daxil olmalıdır. Hər bir vətəndaş qazandığı pulun qanunla nəzərdə tutulmuş hissəsini, yəni vergini ödəməlidir. Lakin vergi intizamı, vergi mədəniyyəti olmayan ölkədə bunu etmək çox çətindir.  

Ümumiyyətlə, vətəndaş yaşadığı dövlətin zəngin və azad olmasında maraqlı olmalıdır. Sivil ölkələrdə çalışırlar ki, vətəndaşlarda vergi qanunvericiliyinə hörmətlə yanaşmaq və əməl etmək bacarığı formalaşsın. Buradan da vergi mədəniyyəti anlayışı yaranıb. Mədəniyyət bütövlükdə cəmiyyəti xarakterizə edir. Yüksək vergi mədəniyyətinə o zaman nail olmaq mümkündür ki, ölkədə qanunlara ciddi əməl edilsin, əhalinin maddi rifah səviyyəsi yüksək olsun, vergilər mükəmməl vergi məcəlləsinə uyğun ödənilsin, sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradılsın. İnkişaf etmiş ölkələrin mədəni cəmiyyətində vergidən yayınmaq istəyənlərin sayı da çox olmur və onlar qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılır. Vətəndaşların bilik səviyyəsi də vergi mədəniyyətinin formalaşmasına birbaşa təsir göstərir. 

Azərbaycanda vergi qanunvericiliyi Azərbaycan Respublikasının vergi sistemi 1991-ci ildən-bazar münasibətlərinə keçid dövründən sonra təşəkkül tapıb. Vergi Məcəlləsi isə 2001-ci ilin yanvarın 1-də qüvvəyə minib, sonrakı illərdə isə həmin sənədə xeyli əlavə və dəyişikliklər edilib.  

Azərbaycanda fiziki şəxslərdən tutulan gəlir vergisinin dərəcəsi  14 faizdən 35 faizədək yüksəlir. Son illər dövlət büdcəsinin formalaşmasında neft sektorunun birbaşa payı 70-75 faizə çatıb. 2009-cu ilin birinci yarısında Neft  Fondundan köçürmələr   büdcə gəlirlərinin 50-40 faizini təşkil edib. Amma xarici təcrübədən danışdıqda, büdcə gəlirlərinin böyük bir faizi fiziki və hüquqi şəxslərdən tutulan vergi hesabına formalaşır. 

Aparıcı ölkələrdə vergi yığımı Mükəmməl vergi sistemi yoxdursa, vergi mədəniyyəti də ola bilməz. İnkişaf etmiş ölkələrdə hər 2-3 ildən bir vergi normalarının səmərəli olub-olmaması təhlil edilir, hər 5-7 ildən bir isə əsaslı vergi islahatları keçirilir. 

Bu sahədə kifayət qədər təcrübəsi olan xarici ölkələrin vergi sisteminə baxaq. Amerikada gəlir vergisinin dərəcəsi əvvəlcə gəlirin çoxalması ilə artır. 13, 28, 33 faiz yüksəlir. Sonra isə ən yüksək gəlirlər üçün 28 faizə düşür. Bununla da ABŞ höküməti varlıların vergidən yayınmasının qarşısını alır. Beləcə büdcəyə daha çox vəsait daxil olur. 

Fransada dövlət büdcəsinin 90 faizi vergilər və rüsumlar hesabına formalaşır. Yerli vergilər ümumi vergi yükünün təqribən 30 faizini, yerli büdcənin isə 40 faizini təşkil edir. 

Elmi cəhətdən sübut edilib ki, səmərəli vergi sistemi vergi ödəyicilərinin gəlirlərinin 30%-dən çoxunun tutulmaması ilə ölçülməlidir. Bir sıra ölkələrin məsələn, İsveçin vergi sistemi elə qurulub ki, vətəndaş gəlirinin 50% -dən çoxunu dövlət büdcəsinə ödəyir. Lakin burada heç bir problem yaranmır, çünki əksər ölkələrdə vergi ödəyicilərinin öz gəlirləri hesabına həll etdikləri sosial-iqtisadi xarakterli məsələləri dövlət öz hesabına həll edir. Beləliklə maraqlar balansı gözlənilmiş olur.

Ölkəmizdə vergi mədəniyyəti tam formalaşmayıb Azərbaycanda isə vergi mədəniyyəti anlayışı ətrafında problemlər var. Məsələn, Respublikada ildə orta hesabla 8000 hüquqi şəxsin sənədləri üzrə vergi yoxlanması aparılır və onlardan 5500-də qanun pozuntusu aşkar edilir. 2009-cu ilin sentyabr ayı ərzində isə Vergilər Nazirliyi tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri zamanı 2885 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. Bu faktlar Azərbaycanda vergiyə münasibətin mənfi çalarını ifadə edir. Vətəndaşlar vergiyə ögey münasibət bəsləyirlər. Vergiyə laqeyd münasibət bütövlükdə cəmiyyətin həyatına, maddi  rifahına təsir edir.  

Vergi mədəniyyətimiz niyə aşağıdır? Azərbaycanda vergi mədəniyyətinin aşağı olma səbəblərini ekspertlər müxtəlif cür izah edirlər.

Milli Büdcə Qrupunun eksperti  Zöhrab İsmayılov ölkədə bu problemi Sovet dövrünün ənənələri  ilə əlaqələndirir: “Azərbaycanda fərdlərin vergiyə yad münasibəti sovet vaxtından qalıb”. İqtisadçı bildirir ki, o dövrdə vergilərin ödənilməsi vəzifəsini dövlət müəssisələri daşıyıb. “İnkişaf etmiş ölkələrdə insanlar öz əmək haqqını tam şəkildə alır. İlin axırında deklarasiya yazır ki, mənim gəlirim bu qədər olub, bu qədər ödəmişəm. Bizdə isə bu məsuliyyəti müəssisələr daşıyır. Tutaq ki, kiminsə maaşı 100 manatdırsa,  gedib kassadan 86 manat alır. Çünki müəssisə 14 manatı vergiyə tutur və özü də ödəyir. Bu da ona gətirir ki, insanlar vergiyə biganə olurlar. Onlarda dövlət büdcəsi mənim pulumun hesabına formalaşır qənaəti hələ yoxdur. Çünki şəxsən heç vaxt gedib vergi ödəmir, onun əvəzinə vergini müəssisə ödəyir”-deyə Z.İsmayıl bildirir. 

İqtisadçı Zahid Məmmədov qeyd edir ki, Azərbaycanda bəzi televiziya proqramlarında insanlar veriliş boyu öz zənginlikləri ilə fəxr edirlər: “Sual verəndə ki, siz bu zənginliyin qarşısında dövlətə nə qədər vergi verirsiz? Onlar çəkinmədən heç nə ödəmədiklərini deyirlər. Dünyanın heç bir ölkəsində belə şey yoxdur. Heç bir ölkədə insan vergi vermədən özünün zənginliyi ilə öyünmür”. 

Milli Büdcə Qrupunun eksperti Məhəmməd Talıblı deyir ki, vergi mədəniyyəti ölkədə liberal iqtisadi kursun mövcud olduğu şəraitdə formalaşır: “Vergi mədəniyyəti mədəni sahibkarların olduğu ölkədə, korrupsiyaya məruz qalmayan məmurların yaşadığı dövlətdə formalaşa bilər”. 

Iqtisadçı Zahid Məmmədov Azərbaycanda  insanların vergiyə olan münasibətini xarici ölkələrlə belə müqayisə edir: “Amerikada vergi mədəniyyəti artıq adətdir, ənənədir. Necə ki, Azərbaycanın adəti toy, yasdır. Amerikanın birinci mədəniyyəti vergidir. Bu millət üçün vergidən üstün bir şey yoxdur. Bir türk çek verməsə olmaz. Qaçar dalınca ki, “al fişini” (çekini). O, deyər ki, “sən fişini almazsan mənim babam təqaüd ala bilməz”. Çünki o bilir və başa düşür ki, çek konkret obyektə gedəcəkdir.  O, həkimə gedəndə deməyəcəklər ki, mənə pul gətir. Vergi ödəyicisi  əmin olmalıdır ki, verəcəyi pul konkret ünvana çatıb”. 

Türkiyəli tələbə Gülşah Azərbaycanda və Türkiyədə vergiyə olan münasibəti bir-birinə qarşı qoyur: “Türkiyədə hər vətəndaş qazandığı pulun və sahib olduğu malın qarşılığında dövlətə vergi vermək məcburiyyətindədir. Alış-verişlərdə isə mağaza sahibləri hər vətəndaşa  “fiş”  (çek) kəsməyə məcburdur. Bu fişlər malın satıldığını göstərir və satıcı fişləri göstərərək vergi ödəməsi edər. Bu hal vətəndaşın haqq və hüquqlarını qorumaq üçün önəmli bir ünsürdür. Verilən pulun hara getdiyi bilinir və bununla birlikdə qaçaqçılıq önlənmiş olur. Ölkəyə qanundan kənar mal girişi əngəllənir. Azərbaycanda isə vergi mövzusu başqa cürdür. Burada alınan məhsul qarşılığında çek verilməsi yalnız böyük mağazalarda gerçəkləşir. Sadəcə alış-verişlərdə deyil, dükanlardan alınan vergilər belə, çek verilmədən şəxslərin cibinə gedir. Açıq-aşkar Azərbaycanda vergidə endirim etmək üçün rüşvət verirlər, vergi  qanunlarına tam əməl edilmir”. 

Vətəndaşlar nə düşünür? Bəzən  vergidən yayınmaq üçün qeri-qanuni yollara əl atmaq dəbdədir. Vətəndaşlar vergi mədəniyyəti haqqında yetərincə bilgiyə malik deyillər. Sadə vətəndaş alış-veriş zamanı çeklərə diqqət yetirmir. Varlı ölkələrdə isə vergiyə münasibət birbaşa çekə münasibətdən  görünür. Çünki əhali dövlətin büdcəsinə və xərclərinə  nəzarət edir. Ona görə də, hər kəs vergiyə ciddi yanaşır. “Alış-veriş  etdiyiniz marketlərdən çek tələb edirsinizmi?” sualı əsasinda keçirdiyimiz sorğuda müxtəlif yaş təbəqələrindən olan vətəndaşların vergiyə münasibəti belə olub: 

Elvira, 22 yaş: - Məcburi verilən yerlərdə çeki götürürəm. Verilməyən yerlərdə yox. İri supermarketlərdən çoxlu bazarlıq edəndə çek lazım olur. Amma heç vaxt çek tələb etməmişəm. Yəqin bizdə o mədəniyyət hələ formalaşmayıb. 

Şəmsəddin, 23 yaş: - Elə olur ki alıram. Mənasını bilmirəm. Amma bilirəm ki, mağazada nə satılırsa, kassaya mütləq vurulmalıdır. 

İlqar, 24 yaş: - Çeki tələb etmək, vergini fikirləşmək, düşünürəm ki, bizdə elə bir mədəniyyət formalaşmayıb. Biz belə görüb, belə böyümüşük. Bilirəm ki, bunun hüquqi aspektləri var. Vergidən yayınma hallarının qarşısını almaq üçün çek tələb edilməlidir. Tələb edəndə də vermirlər, biz neyniyək? Belə məsələlər dövlət  tərəfindən tənzimlənməlidir. 

Kərim, 45 yaş: - Çekin tətbiqi əslində yeni dövrün tələbidir. Sovet dövründə belə şey yox idi. İndi çek ona görə lazımdır ki, dövlət vergi idarəsi bilsin ki, filan mağaza bu gün nə qədər satış elədi və ondan nə qədər vergi ödəməlidir. Biz bunu hələ dərk eləmirik ki, çek verilməyəndə mənim maaşıma təsir edəcək. Büdcəyə gələn hər bir qəpik atamın, anamın əmək haqqına təsir edir. Biz hər hansı bir mağazaya və ya obyektə gedəndə bəzən soruşurlar: Çek lazımdır? Əxlaqsızlıqdır bu. 

Anar Cəfərli, 31 yaş: - Vergi mədəniyyəti o deməkdir ki, vergiləri məcburən yox, könüllü olaraq, bunun sənə, ailə üzvlərinə,vətəninə xeyirli olduğunu düşünərək vaxtında və tam ödəyəsən.  Dövlət büdcəsinə  edilmiş ödənişlərin nəzərəçarpacaq dərəcədə çox hissəsi könüllü qaydada aparılanlardır. Vergi işçisi Elçin deyir ki, təbii olaraq bəzi hallarda vergi ödəyiciləri bilərəkdən və ya bilməyərəkdən öz təqsiri ilə ödəniş etməkdə ləngiyirlər: “Vergi orqanı isə öz növbəsində yaranan vergi borcunun dövlət büdcəsinə məcburi qaydada ödənilməsini təmin edir. Bu da vergini vaxtında ödəməyən vergi ödəyicilərinin bank hesablarına sərəncam qoymaqla, əmlakını siyahıya almaqla həyata keçirilir”. 

Amerika Birləşmiş  Ştatlarında vergi cəmiyyətin həyatında vacib yer tutur. Memfis Universitetinin məzunu Fariz Hüseynov ABŞ-da vergiyə yanaşma tərzini belə açıqlayır: “ABŞ-da maliyyə böhranı zamanı hökumətin xərclədiyi vəsaitlər, Obamanın Stimulus Paketi və s. əsasən vergilərdən istifadə edirdi. Hər yerdə (media və ya küçədə) gedən müzakirələrdə bu vəsaitin vergi ödəyicilərinin pulu olduğu və onun diqqətlə xərclənməli olduğu qeyd edilirdi. Yəni, bu ölkədə vergi ödəyicisi olmaq həm yaxşı vətəndaş olmaq, həm də hökumətin fəaliyyətinə nəzarət etmək haqqı verir”. 

Sərt qanunlara riayət etmək  yerli sahibkarların öhdəsinə düşür? Sosial yönümlü büdcə siyasətinin strateji məqsədi məhz fiziki şəxslərin gəlirlərini artırmaq yolu ilə büdcə mədaxilini çoxaltmaqdan ibarət olmalıdır. Bu sahədə ABŞ-da vergi siyasəti elə təşkil olunub ki, bu cür nəhəng ölkənin dövlət büdcəsi demək olar, fiziki şəxslərdən gəlir vergisi hesabına dolur. Azərbaycanda da vergi ödənişlərinin böyük bir hissəsini fiziki şəxslər edir.  

Gənc sahibkar Ramiz qeyd edir ki, Azərbaycanda sahibkar olmağın şərtləri çox ağırdır. “İlkin vaxtda güzəştlər edilmir. Vergi dərəcələri məni qane etmir. Bir işlə məşğul olub, mənfəət qazanmaq istəyəndə nə qədər problem çıxır. İşçilərin maaşı, sığortası, digər orqanlara verilən faiz və s. Üstünə vergini də gələndə sahibkara  az bir məbləğ qalır. Xarici ölkələrdə vergidə müəyyən yumşalma var. Onlarda gəlir də çox olur. Ona görə də vergini ödəmədə problem yaranmır. Bizdə xarici sahibkarlara daha çox şərait yaradırlar. Sərt qanunlara riayət etmək isə yerli sahibkarların öhdəsinə düşür. Təbii ki belə vəziyyətdə qeyri-qanuni yollardan istifadə etməklə, işini aşırmalı olursan. Burda vergi mədəniyyətindən söz gedə bilməz”. 

İqtisadçı Məhəmməd Talıblı gənc sahibkarın rastlaşdığı problemə belə aydınlıq gətirir: “Ölkəmizdə vergi sahəsində korrupsiyanın geniş yayılma səbəblərindən biri də odur ki, ölkədə vergilərin dərəcələri artır, büdcədə bunun faizi çoxalır, eyni zamanda sahibkarlıq subyektlərinin sayı artmır. Əslində, vergi dərəcələrinin artması ona gətirib çıxartmalıdır ki, ölkədə sahibkarlıq subyektləri artsın”. 

Azərbaycanda vergi mədəniyyətinin yaranması ölkədə qeyri-qanuni sektorun və ödənişlərin də qarşısını ala bilər. Bu işi təkcə dövlət orqanlarının üzərinə atmaq düzgün olmazdı. Hər kəs özlüyündə gələcəyini fikirləşməli, vergi ödəməli və dövlət xərclərinə nəzarət etməyi bacarmalıdır.  

Vergi işçisi Elçin qeyd edir ki, hazırda vergi orqanlarının fəaliyyətində  ciddi problem yoxdur. “Vergi ödəyicilərində getdikcə vergi mədəniyyəti təkmilləşir. Dövlət vergi orqanlarında avtomatlaşdırılmış şəkildə kompüter texnologiyasının tətbiq edilməsi  vergi mədəniyyətinə müsbət təsir göstərir”.  “Vergi uşaqların gözü ilə” Vergilər Nazirliyi Azərbaycanda vergi mədəniyyətini  kiçik yaşlardan formalaşdırmaq üçün bir çox tədbirlər həyata keçirir. Uşaqların vergiyə dair biliklərini aşkara çıxarmaq məqsədilə “Vergi uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi də keçirilib. Konkret olaraq  www. taxes.caspel.com  adlı sayt da yaradılıb. Orta məktəb şagirdlərinin vergilər barədə biliklərini artırmaq, gələcəyin vergi ödəyicilərinə vergi mədəniyyətini aşılamaq məqsədilə iki dərs vəsaiti nəşr edilib. Orta ümumtəhsil məktəblərinin III-V siniflərində tədris olunmaq üçün nəzərdə tutulmuş “Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı” və VI-VIII sinifləri üçün nəzərdə tutulmuş “Vergilər” dərs vəsaitində vergi ilə bağlı ilkin məlumatlar öz əksini tapıb. Məktəblərdə vergi dərsləri həftədə 1 saat keçirilir. İqtisadiyyat dərslərində əlavə məlumat kimi şagirdlərə bilgi verilir. Bu cür tədbirlər gələcəkdə Azərbaycanda vergi mədəniyyətinin formalaşmasında ciddi dönüş yaradacaq.  

Ekspertlər stimulverici tədbirlərə ehtiyac duyurlar

Bəs Azərbaycanda vergi mədəniyyətinin formalaşdırılması  üçün konkret hansı tədbirlər görülməlidir? 

Milli Büdcə Qrupunun eksperti Məhəmməd Talıblı deyir ki, vergi mədəniyyətinin formalaşması üçün 1-ci növbədə vergidən yayınma hallarının qarşısı alınmalıdır, vergi dərəcələri və vergi növləri optimal həddə gətirilib çıxarılmalıdır ki, sahibkarlar praktiki baxımından vergiləri ödəmək qabiliyyətində olsun: “Vergi ödəyicilərini vaxtında mükafatlandırma tədbirləri həyata keçirilməlidir. Azərbaycanda vəziyyət belədir: büdcəyə vergidən daxil olan məbləğ çox olur, vergi məmurları isə əmək haqqını əvvəlki tariflə alırlar. İnkişaf etmiş ölkələrdə vergi mədəniyyətini formalaşdırmaq üçün vergi məmurlarına stimul verən tədbirlərlər həyata keçirilir. Yığa biləcəyi verginin müəyyən bir qismi vergi məmuruna çatır. Belə qayğı büdcənin formalaşmasında sahibkarın vergiyə cəlb olunması prosesini sürətləndirir. Eyni zamanda işçi məvacibinin artmasında maraqlı olur”.  

Iqtisadçı Zahid Məmmədov vergi mədəniyyətini formalaşdırmaq üçün stimulverici tədbirlərin həyata keçirilməsinin tərəfdarıdır: “Türkiyədə hər il rekordsmenlər ən yüksək vergi ödəyiciləri kimi dəyərləndirilirlər. Bizdə də heç olmasa ildə bir dəfə ilin vergi ödəyicilərini həm korperativ, həm də fiziki şəxs baxımından qiymətləndirmək, göstərmək, təbliğ etmək lazımdır. Xüsusən şou-biznes sektorunun vergiyə cəlb edilməsi üçün ciddi addımlar atılmalıdır”. 

Vergi işçisi Elçin də bildirir ki, vergidən yayınma hallarının qarşısısını almaq üçün vergi ödəyicilərində vergi mədəniyyəti formalaşdırmaq istiqamətində tədbirlər həyata keçirilməlidir: “Vergilərin məcburi ödənişdən könüllü ödənilməsi mühitinin yaradılması məqsədə uyğundur”. 

Azərbaycanın inkişaf etmiş ölkələr cərgəsində olması üçün onun güclü iqtisadiyyatı ilə yanaşı mükəmməl vergi qanunvericiliyi də olmalıdır. Lakin vergi mədəniyyəti yüksək səviyyədə deyilsə, ən humanist və ədalətli qanunlar belə  kağız üzərində qalacaq. Ona görə də hər bir vətəndaş dövlətinin gələcəyini düşünməlidir.    Vüsalə

Ağayeva

Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi, 4-cü kurs tələbəsi

Məqalə Regionların İnkişafı İctimai Birliyinin elan etdiyi müsabiqəyə təqdim olunur.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı