Modern.az

Qulu Məhərrəmlinin 55 yaşı tamam olur

Qulu Məhərrəmlinin  55 yaşı tamam olur

Ölkə

2 Dekabr 2009, 16:40

Tanınmış telejurnalist, aparıcı və publisist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin 55 yaşı tamam olur.

Q.Məhərrəmli 1978-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan televiziyasının «Xəbərlər» redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Elmi-kütləvi, tədris, təbliğat verilişləri redaksiyalarında redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində  çalışıb.

1991-ci ildən xəbər aparıcısı kimi ekrana  çıxıb, bir sıra ictimai-siyasi verilişlərin, publisistik proqramların  aparıcısı və şərhçisi, beynəlxalq mövzuda dolğun icmalların müəllifi kimi tamaşaçıların rəğbətini  qazanıb. Ekranda siyasi publisistikanın  cilalanmasında və yeni veriliş formatlarının inkişafında mühüm rol oynayıb.

1993-95-ci illərdə apardığı «7 gün»  analitik informasiya proqramı Qulu Məhərrəmlini  tamaşaçılara daha yaxından tanıdıb.

1995-ci ildə Azərbaycan televiziyasının ilk siyasi icmalçısı təyin olunan Q.Məhərrəmli  həmin ildə gündəlik «Səhər» müsiqi-informasiya  proqramını yaradaraq, uzun illər ona rəhbərlik edib, bu proqramın ciddi mədəniyyət faktına çevrilməsinə nail olub.

Azərbaycan teleməkanında bir yaradıcılıq forması kimi müəllif proqramlarının  inkişafında da önəmli rol oynayan Q.Məhərrəmli «Təfsilat» (1995-1996) və «Gerçəklik» (1997-2000) verilişləri ilə telepublisistikamıza ciddi töhfələr verib. Onun dövlət əhəmiyyətli  tədbirlərdən hazırladığı verilişlər, canlı yayımda apardığı sanballı reportajlar bu gün də tamaşaçıların yaddaşındadır.

O, hazırda çalışdığı «Xəzər» televiziyasında da bu missiyasını uğurla davam etdirir.

Modern.az saytının kollektivi müasir Azərbaycan jurnalistikasının inkişafı, onun tədrisi və problemlərinin araşdırılması üçün  layiqli xidmətlər göstərmiş, fərdi yaradıcılığı və mənəvi  keyfiyyətləri ilə nümunə olan həmkarımızı əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, cansağlığı, elmi və yaradıcılıq fəaliyyətində daha böyük uğurlar arzulayır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı