Modern.az

Rövnəq Abdullayevin yerinə təyin olunan Rövşən Nəcəf kimdir? - DOSYE

Rövnəq Abdullayevin yerinə təyin olunan Rövşən Nəcəf kimdir? - DOSYE

Aktual

21 İyul 2022, 16:00

Prezident İlham Əliyevin sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilərək, Şirkətin prezidenti təyin edilib.

 

Modern.az saytı Rövşən Nəcəfin tərcümeyi-halını təqdim edir:



Rövşən Nəcəf 1982-ci il aprelin 9-da Bakı şəhərində anadan olub.


1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib.


2007-2008-ci illərdə ARDNŞ-in təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq, İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.


Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlayıb.


2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamentinin İnvestisiya siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb.


2008-2009-cu illərdə ARDNŞ-in Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.


2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri və iqtisadi inkişaf nazirinin köməkçisi olub.


2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.


Azərbaycan Prezidentinin 2018-ci il 11 may tarixli sərəncamı ilə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.


Azərbaycan Prezidentinin 2019-cu il 28 avqust tarixli sərəncamı ilə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.

Ölkə başçısının 2020-ci il 11 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, 2021-ci il 23 dekabr tarixli sərəncamla isə iqtisadiyyat nazirinin birinci müavini təyin olunub.

 

İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

 

10 fevral 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti təyin edilib. Həmin sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası SOCAR-ın birinci vitse-prezidenti Rövşən Nəcəfə həvalə edilib.

 

3-cü dərəcəli dövlət müşaviridir. Evlidir, 2 övladı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?