Modern.az

Şadlıq sarayları şadlıq sahibinə necə toy tutur....

Şadlıq sarayları şadlıq sahibinə necə toy tutur....

5 Noyabr 2013, 10:29

“Elimizin toy kimi gözəl adəti var”. Məşhur Azərbaycan filmlərindən birində işlədilən bu deyim artıq tarixə qovuşub. Yəni köhnə toy adətlərindən əsər-əlamət qalmayıb. Vaxtilə övladına toy edənlər yalnız sevincini qohum əqrəbası ilə paylaşmaq xatirinə toy edirdi. Sadə, dəbdəbədən uzaq bir toy keçirdi. Bir ailənin bir neçə üzvü məclisdə iştirak edərək toyu şənləndirərdi. İndi isə toylarımız xüsusi dəbdəbə ilə keçirilsə də əvvəlki toy abı-havası qalmayıb. Şadlıq evlərində menyudakı yeməklərin çeşidləri çox, səs-küy yüksək, ofisiantların mədəni vəziyyəti və xidməti aşağı səviyyədə, gəlin avtomobillərinin qiymətləri fantastik həddədir, yeməklərin hazırlanmasında istifadə olunan ərzaqlar bahalı, müğənnilər toylarda yüksək pul müqabilində çıxış etmələri toy yiyəsinə baha başa gəlir. Bakı şadlıq saraylarında 25-150 manat arasında dəyişən menyuda isə yemək çeşidləri həddindən artıq çoxluq təşkil edir. Restoran sahibləri isə toylara kredit kimi baxırlar. Toy yiyəsi isə səksəkə ilə əli ürəyində toydan borcsuz, xərcsiz çıxmağına ümid edir. Çünki bir nəfərin toya gəlməməsi – bir stulun boş qalması toy sahibinə ən azı 50 manat ziyan vurur. Restoran rəhbərliyi toya gəlməyənləri nəzərə almayaraq oturulmayan stulun belə, pulunu toy sahibindən tələb edir.

Modern.az restoran sahiblərinin toy evi ilə heç cür razılaşa bilmədiyi məqama aydınlıq gətirməyə çalışıb.

Millət vəkili Vahid Əhmədov şadlıq saraylarının bir çox problemlərinin olduğunu bildirdi. “İlk növbədə, onların vergi prosesinə cəlb edilmək məsələsinə baxılmalıdır”. Deputatın sözlərinə görə, Vergilər Nazirliyi xüsusi qaydalar işləyib hazırlamalıdır ki, adambaşına, ya da oturacağın sayına görə şadlıq evləri üçün müəyyən vergi tutulsun ki, belə hallara yol verilməsin”.

İqtisadçı Samir Əliyev isə restoran rəhbərliyinin belə bir addım atmasının normal olduğunu deyir. “Təbii ki, burada restoran rəhbərliyi ilə toy sahibinin danışığı əsasdır. Məsələn, toy yiyəsi deyir ki, mənim 100 qonağım olacaq. Qonaqların sayına görə menyu tutulur. Buna uyğun olaraq müəyyən məbləğ alınanda həmin məbləği 100 vururlar və şadlıq sarayı sahibi 100 nəfər üçün çıxan xərcə uyğun məbləğ alır. Ola bilər ki, toy sahibi 100 nəfər çağırdığı halda, 10 nəfər artıq və ya az gəlsin. Sözsüz ki, bu da restoran sahibinin qayğısı deyil. Toy sahibi fikirləşmir ki, çağırılanlardan kimsə xəstələnə və ya sadəcə gəlməyə bilər”

Ekspert hesab edir ki, restoran sahiblərinin toy evindən boş qalan oturacağın pulunu almasa, istifadə halları artar. “Şadlıq saraylarının bu yanaşması düz olmasa belə, onların bu yanaşması düzdür. Çünki hər iki tərəf arasında danışıq olur və bu danışığa uyğun olaraq məbləğ ödənilir. Toya dəvət olunan qonaqlardan nəzərdə tutulanlardan az və ya çox gəlməsinin restoran rəhbərliyinə aidiyyəti yoxdur. Həmin yerlərin pulu ödənilməlidir. Belə olmasa toy sahibləri şadlıq sarayında az stol götürüb toya çox adam çağıra bilər. Məsələn, toy sahibi məclisinə 100 nəfər çağırıbsa, onun toyuna 10-20 nəfər artıq gələ bilər. Onda həmin şəxslərin yeməyi artıq restoran rəhbərliyinin cibindən çıxacaq. Amma toy evi danışılan 100 nəfərin pulunu ödəyəcək. Yəni belə olarsa istifadə halları artar. Odur ki, restoran rəhbərliyinin belə bir addım atması normal haldır”.

 Etnoqraf Emil Kərimov hesab edir ki, indiki toylarda heç bir mənəvi dəyərlər qalmayıb. Bugünkü toyları bazar adlandıran etnoqraf  deyir ki, restoranlar hər şeydən gəlir qazanmaq üçün bütün variantlara əl atırlar. “Bütün restoranlarda eynilikdir. Bir stolun arxasına stulları elə sıx-sıx yerləşdirirlər ki, adamın nəfəsi daralır. Bütün bunlar da pul qazanmaq naminə edilir. Məsələn, 60-70-ci illərdə toylara pul yazdırmaq adəti yox idi. Məsələn, mənim anam toya gedəndə elektrik ütüsü aparıb. Bütün bunları qazanc əldə etmək üçün restoran sahibləri dəb salıblar. Yəni millilikdən əsər qalmayıb. Bütün bunlar aradan qalxmalıdır”.

Gültəkin ƏLƏSGƏR    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə