
“Dövlət Yol Polisi İdarəsinə aid cərimə meydançasında yanmış maşınların sahibləri kompensassiya istəməyiblər”. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov
Modern.az-a açıqlamasında belə deyib. O bildirib ki, yanan maşınlar Nəsimi rayonundakı DYP-yə aid cərimə meydançasından kənarda olub. V. Əsədovun sözlərinə görə, həmin avtomobillər texniki cəhətdən nasaz, istismara yararsız, cərimə meydançasında son üç-dörd ildən artıq dayanan maşınlar olub.
“Heç həmin maşınların sahibləri kompensasiya üçün müraciət etməyiblər. Yanğınla əlaqədar müvafiq tədqiqat işləri aparılıb. Həmin maşınların sahiblərinə dəfələrlə məlumat verilib ki, gəlib maşınlarını aparsınlar. 3 ildən çoxdur ki, maşınını atıb gedib. Niyə gəlib avtomobillərini götürmürdülər? İndi maşın qiymətli olub?!”.
Qeyd edək ki, bir neçə gün öncə Bakının Nizami rayonunda Dövlət Yol Polis İdarəsinə aid cərimə meydançasında güclü yanğın baş vermişdi. Güclü külək cərimə meydançası ərazisindən keçən yüksək gərginlikli elektrik xəttini qırdığından elektrik xətti avtomobillərin üzərinə düşmüş və yanğın baş vermişdi. Yanğın nəticəsində 57 müxtəlif markalı avtomobil yanaraq yararsız hala düşmüşdü.
Gültəkin ƏLƏSGƏR