Modern.az

Şəhərsalma və Tikinti Məcəlləsi Milli Məclisdə etiraza səbəb olub

Şəhərsalma və Tikinti Məcəlləsi Milli Məclisdə etiraza səbəb olub

23 Dekabr 2011, 17:51


Milli Məclisin bu gün keçirilən iclasında Şəhərsalma və Tikinti Məcəlləsi birinci oxunuşda müzakirə olunub.  Modern.az-ın məlumatına görə, məcəllə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Müzakirələr zamanı bəzi deputatlar sənədə etiraz ediblər.

Komitə sədri bildirib ki, məcəllədə şəhərsalma və tikinti fəaliyyətinin hüququ əsasları, prinsipləri, dövlət orqanları, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələri müəyyən edilib.

“Layihə 3 bölmədən ibarətdir. Ümumilikdə 99 maddədən ibarət olan layihədə ərazi planlaşdırılması, tikinti fəaliyyətinin subyektləri, tikintiyə dair ümumi tələblər, mühəndis-axtarış işləri, tikinti obyektlərinin təhlükəsiz istismarı ilə bağlı tələblər, tikintidə təhlükəsizlik, tikintiyə icazənin verilməsi üçün icraat, tikintiyə icazənin qüvvədə olma müddəti, texniki şərtlər, layihələrin ekspertizası, tikinti obyektinin istismarına icazə verilməsi, tikintilərin dövlət reyestri və s. məsələlər də var. Sənəddə həm də sosial minimum prinsipləri müəyyənləşib. Məsələn, bizdə əlil şəxs kömək olmadan metroya, yeraltı keçidə düşə bilməz. Qanunvericilikdə bunlar nəzərə alınıb”-deyə, o, əlavə edib.
Ə.Hüseynli məcəllənin dünya təcrübəsinə əsaslandığını qeyd edib. “Layihənin hazırlanmasında müvafiq qurumların, o cümlədən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin təklifləri nəzərə alınıb”-deyə, o, bildirib.

Müzakirələr zamanı deputat Vahid Əhmədov bu adda məcəllənin qəbul edilməsinin əleyhinə olduğunu deyib. O, bildirib ki, tikinti və şəhərsalma məcəllələri ayrı-ayrılıqda olmalıdır. V.Əhmədov həmçinin məcəllədə tikinti üzrə mütəxəssislərdən setifikat tələb olunmasının əleyhinə çıxış edib.
“Bu gün inşaat və tikinti üzrə bizim ixtisaslaşmış ali məktəblərimiz var. Bus ahədə çalışanlar da oranın məzunlaırıdr. Əgər onalrın öz ixtisaslarıü zrə əllərində diplom varsa əlavə sertifikat tələb olunması nəyə lazımdır?”-deyə, o, əlavə edib.
Bakı-Quba yolunun dağılmasına toxunan V.Əhmədov bildirdi ki,  Azərbaycanın şimal hissəsinə çəkilən beton yollara  30 il müddətinə qarant qoyulsa da, bir neçə il keçməmiş bu yollar  dağılmağa başlayıb.
Millət vəkili məcəllənin ictimai müzakirəyə verilməsini təklif edib. “Burada kifayət qədər təkliflər olacaq”-deyə, V.Əhmədov bildirib.

Millət vəkili Tahir Rzayev deyib ki, layihədə bələdiyyələrin səlahiyyətləri də qeyd olunsa da, onların səlahiyyətləri tam göstərilməyib. “Bu gün bir çox evlər bədələyiyələrin torpaqlarında tiklib. Buna baxmayaraq məcəllədə bələdiyyələrə qanunsuz tikililərin qarşısını alınması üçün səlahiyyətlər verilməyib, onlar ancaq müşahidəçi qismində göstərilıib”-deyə, o, vurğulayıb.

Vitse-spiker Valeh Ələsgərov bildirib ki, müzakirələrin çoxu anlaşılmazlıqdan gedir. “Bu sənəddə söhbət inzibati icra qaydalarının tənzimləməsindən gedir və ona görə də layihə konseptual baxımdan düzgün hazırlanıb”-deyə, o, vurğulayıb.

Deputat  Zahid Oruc isə keyfiyyətsiz  bina tikintilərinə və istismar müddətinin az olmasından narahatçılığını  dilə gətirib. O, sistemsiz tikintiyə etrazını bildirib və deyib ki, qarşıda belə hadisələrin baş verməməsi üçün ciddi tədbirlər həyata keçirilməlidir.
“Bakının problemlərinin həl etmək üçün Bakı  və onun statusu haqqında  qanunu olmalıdır ki,  bu gələcəkdə fəlakətlə üzləşməməsi üçün tədbirlər planınını özündə əks etdirməlidir”-deyə, Z.Oruc əlavə edib.
Deputatlardan Əli Məsimli, Elmira Axundova, Jalə Əliyeva, Eldar Quliyev və Gülər Əhmədova daçıxış edərək öz təkliflərini bildiriblər. Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI