Modern.az

Xəzərdənkənar hövzələrdəki gəmilərimizin sayı 11-ə çatıb

 Xəzərdənkənar hövzələrdəki gəmilərimizin sayı 11-ə çatıb

Təhsil

10 May 2016, 21:19

 

Mayın 10-da Türkiyədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (AXDG) aldığı "Rəsul Rza" quru yük gəmisində Azərbaycanın dövlət bayrağının qaldırılması mərasimi keçirilib. Modern.az AXDG-yə istinadən məlumat verir ki, mərasimdə Gəmiçiliyin sədri Rauf Vəliyevin başçılığı ilə nümayəndə heyəti və qonaqlar iştirak ediblər. Əvvəlcə mərasim iştirakçıları və Azərbaycanın baş konsulu Məsim Hacıyev İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev parkını ziyarət edərək, ümummilli liderimizin əziz xatirəsini ehtiramla yad ediblər, abidəsi önünə tər çiçəklər düzüblər.

Tədbir Türkiyənin Yalova bölgəsindəki "Tersan" tərsanəsində davam etdirilib. Görkəmli Azərbaycan şairi R.Rzanın adını daşıyan gəmi bayram libasına bürünüb.

R.Vəliyev mərasimdə möhtərəm Prezidentimiz İlham Əliyevin dəniz nəqliyyatı qarşısında qoyduğu önəmli vəzifələrdən danışaraq, AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması ilə yanaşı Xəzərdənkənar fəaliyyətinin bərpası, donanmanın yenilənməsi kimi strateji hədəflərin daim diqqət mərkəzində olduğunu, bu istiqamətdə mütəmadi iş aparıldığını vurğuladı.

Bildirdi ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xarici sularda fəaliyyəti 2014-cü ildə "Üzeyir Hacıbəyli" və "Natəvan" gəmilərinin alınması ilə bərpa olunub, 2015-ci ildə nəqliyyat donanmamızın 3 gəmisi - "Qaradağ", "Teymur Əhmədov" və "Maestro Niyazi" gəmiləri Qara dəniz - Aralıq dənizi hövzəsinə göndərilib, ötən ayda isə bu hövzədə istismar edilmək üçün 6 quru yük gəmisi alınıb. Onlara böyük yazarlarımızın və qəhrəmanlarımızın adları verilib: "Rəsul Rza", "Şair Vaqif", "Şair Sabir", "Hüseyn Cavid", "General Aslanov" və "Qafur Məmmədov". Bununla da Xəzərdənkənar hövzələrdə işləyən gəmilərimizin sayı 11-ə çatacaq.

R.Vəliyev bu gəmilərin alınmasını Prezident İlham Əliyevin yeni iş yerlərinin açılması, beynəlxalq yükdaşımalarda rəqabətədavamlı fəaliyyət göstərilməsi, xarici sularda ölkəmizin təmsil və təbliğ olunması ilə bağlı siyasətinin tərkib hissəsi kimi dəyərləndirdi, donanmanın təzələnməsi istiqamətində görülən işlərin davamı olaraq, Bakı Gəmiqayırma Zavoduna sifariş edilmiş 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin apreldə dövlət başçımızın iştirakı ilə istismara verilməsinin 9 minlik kollektivdə böyük ruh yüksəkliyi yaratdığını söylədi.

Gəmiçiliyin sədri belə əlamətdar gündə bütün dənizçilərimizi, o cümlədən "Rəsul Rza" gəmisinin heyətini təbrik etdi, onlara uğurlu səfərlər arzuladı. Sonra gəmidə dövlət himnimizin sədaları altında Azərbaycan bayrağı qaldırıldı. Tədbir iştirakçıları gəmidəki iş və yaşayış şəraiti ilə tanış oldular.

Qeyd edək ki, yeni alınan gəmilər Rusiyada inşa edilib, "Natəvan" və "Üzeyir Hacıbəyli" gəmiləri ilə eyni layihədəndir. Dedveyti 5490 ton, uzunluğu 108,3 metr, eni 16,5 metr, suya oturumu 4,8 metr olan gəmilər Qara dəniz, Aralıq dənizi və digər hövzələrdə yükdaşıma əməliyyatlarına çəlb ediləcək.  

Modern.az

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir