Modern.az saytının məlumatına görə, martın 13-də Azərbaycanın 7 rayonundakı ümumtəhsil məktəblərində tam orta təhsil (11-ci sinif) səviyyəsi üzrə keçirilən sınaq (yoxlama) imtahanlarının nəticələri elan olunub. İmtahanın nəticələrini öyrənmək isəyənlər bu linkə //exam.edu.gov.az/ daxil olmaqla özcavablarını öyrənə bilər.
Qeyd edək ki, bundan öncə Təhsil Nazirliyi 13 şəhər və rayonun orta məktəblərində 9-cu və 11-ci siniflər üzrə, eyni bütün peşə liseylərində sınaq imtahanları keçirib və nəticələri elan edib.
Təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən, mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən bu dəfəki sınaq imtahanları aşağıdakı rayonlarda təşkil olunub:
- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında.
9-cu siniflərdə imtahanlar ana dili və riyaziyyat, 11-ci siniflərdə isə ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilib.
Yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri sınaq imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.
Növbəti sınaq imtahanları martın 27-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında keçiriləcək.
Modern.az