Modern.az

Dövlət qulluğuna QƏBUL: “Mübahisəli məsələlər var”

Dövlət qulluğuna QƏBUL: “Mübahisəli məsələlər var”

23 Mart 2017, 12:53

Azərbaycanda bir çox sahələr var ki, o sahədə çalışmaq üçün mütləq dövlət qulluğuna imtahan verməlisən. Dövlət qulluğu haqqında qanunvericiliyə görə dövlət qulluğuna qəbul prosesi test üsulu və müsahibə yolu vasitəsilə həyata keçirilir. Bəzi vəzifələr var ki, həmin qulluğa qəbul prosesi daha fərqli qaydada tənzimlənir. Birincisi, bu, qanunun tələbidir.

 

İkincisi, dövlət qulluğuna müvafiq müddətdə qəbulla bağlı elan verilir. Həmin elana uyğun olaraq hər bir şəxs həmin kriteriyalara cavab verirsə, test imtahanından keçirsə,  ikinci mərhələyə buraxılır. Bu da müsahibə mərhələsidir.

Bəs test üsulundan imtahan verib müvafiq keçid balını toplayan şəxsin ikinci dəfə müsahibə mərhələsinə buraxılması doğrudurmu?

 

Hüquqşünas Əlməmməd Nuriyev Modern.az-a açıqlamasında deyib ki, dövlət qulluğuna iki mərhələli imtahanın aparılması normaldır.

 

“Müsahibə mərhələsində dövlət qulluğuna qəbul hər şeydən əvvəl 3 müxtəlif kateqoriya ilə bağlı məsələlərdir. Əvvəl 3 nəfərdən ibarət komissiya imtahan götürürdü. Biri hansı dövlət orqanını seçmişdisə həmin orqanın nümayəndəsi, biri dövlət qulluğu üzrə komissiyanın nümayəndəsi, digəri isə müstəqil ekspert. Bu proses bütövlükdə şəxsin iradəsinə uyğun olaraq videoya çəkilirdi. Gələcəkdə hər hansı bir hadisə zamanı həmin şəxsi video ilə aşkar etmək mümkündür.

 

Bu zaman həm nəzəri, praktik bilikləri, həm dünyagörüşü məsələsini, həm də psixoloji durumla bağlı müsahibə yolu ilə  suallar verilirdi. Buna uyğun bal toplayan şəxs dövlət qulluğuna imtahandan keçmiş hesab olunur. Müsahibə mərhələsi ona görə aparılır ki, dövlət qulluğu digər işlərdən fərqli bir işdir. Burada insanlarla işləmək, müəyyən qərarların qəbul edilməsi, məsuliyyət məsələsi var. Ona görə də biliklərlə yanaşı, həmin şəxsin emosional vəziyyəti və təhliletmə qabiliyyəti də öyrənilir. Elə vəzifələr var ki, onların fərqli xüsusiyyətləri var. Bu baxımdan dövlət qulluğuna imtahanın bu cür keçirilməsi normaldır”.

 

Hüquqşünasın sözlərinə görə, dövlət qulluğu ilə bağlı dünyada da da belə təcrübə var. 

 

“Eyni zamanda, bu proses dünya təcrübəsində də mövcuddur. Əvvəllər müsahibədən keçəndən sonra yarım il sınaq müddətinə başlanılırdı. Sonradan, yəni  ötən il qanunvericiliyə dəyişikliklər oldu. Bu qanuna görə dövlət qulluğuna qəbulun mərhələsində komissiyanın tərkibinə yenidən baxıldı. Burada artıq 5 nəfərdən ibarət komissiya üzvü müsahibə mərhələsində iştirak edir. İndi bu prosesi Dövlət İmtahan Mərkəzi həyata keçirir.  Burada mübahisəli məsələlər var. Niyə 5 nümayəndə heyəti  var? Sadəcə, qanunvericilikdə bu mövcuddur deyə heç bir əlavə fikir söyləməyə gərək qalmır.

 

Dünyanın inkişaf etmiş ölkələrində də dövlət qulluğuna qəbulla bağlı bu mərhələlər var. Azərbaycanda da bu, beynəlxalq qanunvericiliyə uyğundur. Eyni zamanda, səmərəli nəticələrə də gətirib çıxara bilir. Dövlət qulluğuna qəbul prosesi tam şəffaf aparılır. Heç bir korrupsiya halına rast gəlmək olmaz”

 

Namidə BİNGÖL 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir