Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin IV – V siniflərində riyaziyyat fənnindən test imtahanları keçirilib.
Modern.az saytının məlumatına görə, yoxlama imtahanı saat 11:00-da keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şagirdlərə təqdim olunan testlər hər birində 15 sual olmaqla 10 variantda tərtib edilib.
Suallar orta səviyyədə müəyyənləşdirilib. Testlərdə asan, orta səviyyəli və çətin suallar var. 1 - 4 suala cavab verə bilən şagirdlər “2”, 5 – 9 suala cavab verə bilənlər “3”, 10 – 13 suala cavab verənlər “4”, 14 – 15 suala düzgün cavab verən şagirdlər isə “5” qiyməti alacaqlar.
Test sualları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri tərəfindən hazırlanıb. Həm rus, həm də Azərbaycan bölməsi üzrə hazırlanan suallar və variantlar eynidir.
Cavab kartları bu gün toplanaraq İdarədə optik oxuyucu cihaz vasitəsilə yoxlanacaq və nəticələr təxminən 3 gün ərzində bəlli olacaq. Yoxlama imtahanında 59 minə yaxın şagird iştirak edib.
Qeyd edək ki, şagirdlərlə birgə onların riyaziyyat müəllimləri də həmin suallar üzrə imtahan olunublar.
Modern.az