1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl AES-da baş vermiş qəzanın ləğvində 8000 nəfərə yaxın Azərbaycan vətəndaşı iştirak edib. 1993-cü ildə Milli Məclis tərəfindən “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında qanunu qəbul edilib. Həmçinin Çernobıl Əlilləri İttifaqının müraciəti ilə əlaqədar faciənin 25 illiyinin qeyd olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəy və təkliflər hazırlanaraq Nazirlər Kabinetinə göndərilib.
Aprelin 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Çernobıl əlilləri ilə görüş keçirilib.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov 10 nəfər Çernobıl əlilinə “Slavuta” markalı avtomobillərin açar və sənədlərini təqdim edərək, onların daim dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu, bu sahədə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Bu barədə Modern.az-a nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Qeyd olunub ki, 2000-ci ildən 2011-ci ilədək nazirliyin sifarişi ilə respublikanın müxtəlif bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan yaşayış binalarındakı mənzillərin bölgüsü zamanı mənzil növbəsində olan Çerenobıl əlilləri də nəzərə alınıb və bu təbəqədən olan 101 nəfər əlil mənzillə təmin olunub. Eyni zamanda, 1998-ci ildən 2011-ci ilədək ölkəmizə əlillər üçün alınıb gətirilmiş avtomobillərdən 14 ədədi növbəyə dayanmış Çernobıl əlillərinə təqdim olunub.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, digər əlillərlə yanaşı, Çernobıl əlilləri də sanator-kurort putyovkaları ilə təmin olunur. Hər il nazirliyin vəsaiti hesabına 800 nəfərədək Çernobıl əlilinə birdəfəlik maddi yardım göstərilir. Cernobıl əlillərinin problemlərinin həlli ilə bağlı “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət müəyyən edilib.
“Qeyd edək ki, 2010-cu ildə 1662 nəfər Çernobıl əlilinin 2917 nəfər uşağının hər birinə aylıq müavinət ödənilib, 2606 nəfər Çernobıl əlilinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunaraq ödənilibr. Çernobıl əlillərinin tibbi reabilitasiyası sahəsində də məqsədyönlü işlər görülür. Bu məqsədlə Mingəçevir şəhərində radioloji tipli Reablitasiya və Bərpa Mərkəzinin tikintisi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, daha 4 ədəd minik avtomobili Naxçıvan MR–da yaşayan Çernobıl əlilləri üçün göndərilib-deyə nazirlikdən bildirilib.
Modern.az