Azərbaycan Respublikasinin Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə martın 27-də Suraxanı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu” mövzusunda konfrans keçirilib. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Suraxanı rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasov, 20-dən artıq media rəhbəri , Suraxanı rayon ziyalıları, aktiv gənclər və tələbələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqları salamlayaraq konfransın mahiyyəti və vacibliyi haqqında məlumat verib.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında Azərbaycan mətbuatına göstərilən dövlət dəstəyi və Fondun fəaliyyəti barədə geniş məlumat verib:
“Başqa sahələrdə olduğu kimi media sahəsinin inkişafı da dövlət başçısının diqqət mərkəzindədir. Belə ki, iki il öncə yaradılan Fond Azərbaycanın müstəqil mətbuatının inkişafına xidmət edir.
Fond KİV-lərin inkişaf etdirilməsi üçün layihə müsabiqələri və jurnalistlər arasında yazı müsabiqələri təşkil etmişdir. Bu da öz növbəsində jurnalistlərin peşəkarlığının artırılmasına va maddi-sosial vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır. Bundan əlavə KİV təşkilatlarına maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədilə birdəfəlik yardımlar edilmişdir”.
Bu mövzu ətrafında media rəhbərlərindən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə , “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas və “Olimpiya Dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev geniş çıxış ediblər.
Bundan sonra mövzu ətrafında müzakirələr olub. Müzakirələr zamanı əsasən gənclərin verdiyi suallara media nümayəndələri ətraflı cavab verib. Konfrans zamanı İstanbul və Kiyevdə ali təhsil alan tələbələr Şaiq Paşayev və Fariz Tağıyev konfransa internet vasitəsi ilə canlı olaraq qoşulub. Qeyd edək ki bu tələbələr orta tahsillərini Suraxanı rayonunda alıblar. Sonda qonaqlara Suraxanı rayonunda son illər görülmüş abadlıq və quruculuq işləri bağlı film nümaiş etdirilib.
Modern.az