«Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyevin naməlum şəxslər tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı şikayəti cinayət-prosessual qanunvericiliyə uyğun olaraq Abşeron Rayon Prokurorluğuna göndərilib. Bu barədə Daxili İşlər Nazirliyindən Mətbuat Şurasına daxil olan məktubda bildirilib. Bu barədə Modern.az-a Mətbuat Şurasından məlumat verilib.
Nazir Ramil Usubovun imzaladığı məktubda eyni zamanda qeyd edilib ki, S.Həziyevin Abşeron Rayon Polis Şöbəsinə müraciəti ilə bağlı araşdırma aparılaraq toplanmış materiallar üzrə 30 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi başlanıb. İşin istintaqı nəzarətə götürülüb, bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması üçün zəruri tədbirlər görülür.
Modern.az