Modern.az

Gürcüstan müsəlmanları idarəsinin yaradılması azərbaycanlıların etirazına səbəb olub

Gürcüstan müsəlmanları idarəsinin yaradılması azərbaycanlıların etirazına səbəb olub

13 May 2011, 12:34

“Gürcüstan Müsəlmanları İdarəsi”nin yaradılmasına heç bir zərurət olmayıb. Bu barədə “Gürcüstan mənim vətənimdir” İctimai Birliyinin sədri Əli Babayev “Gürcüstan müsəlmanları idarəsi” qeyri-hökumət təşkilatının yaradılmasını şərh edərkən Modern.az-a bildirib.

“Belə bir qurumun yaradılması zamanı bütün müsəlman icmalarının rəyi nəzərə alınmalı idi. Əgər mətbuatın yazdığı kimi idarə artıq yaranıbsa, qurumda bütün müsəlman icmalarının nümayəndələri eyni səviyyədə təmsil olunmalıdırlar. Yalnız bu halda həmin idarənin fəaliyyətindən narazılıq olmaz”, - o deyib.

Ə.Babayevin sözlərinə görə, bu cür idarənin yaradılması bir neçə ildir ki, müzakirə olunurdu. “Lakin hesab edirəm ki, idarənin yaradılmasından daha vacib işlər var. Belə ki, Gürcüstanda müsəlman cəmiyyətində hökm sürən parçalanmanın aradan qaldırılması, müxtəlif dini cərəyanların qanunsuz fəaliyyətinin dayandırılması istiqamətində tədbirlər həyata keçirilməlidir”, - Babayev deyib. 

Onun sözlərinə görə, Gürcüstanın müsəlman cəmiyyətində ciddi problemlərdən biri də məscidlərin statusu ilə bağlıdır. “Təəssüf ki, məscidlərin dövlət qeydiyyatına alınmaması  probleminin həlli Gürcüstan və Azərbaycanın ali dini orqanları arasında danışıqlar səviyyəsində qalır. Dəfələrlə təklif etmişik ki, Gürcüstanda din sahəsindəki problemlərin müzakirəsi və onların həlli yollarının axtarılması üçün konfrans keçirilsin”, - o bildirib.

Bu yaxınlarda “Gürcüstan müsəlmanları idarəsi” qeyri-hökumət təşkilatı yaradılıb. Təşkilatın yaradılmasında məqsəd Gürcüstanda islam icmaları və məscidlərinin fəaliyyətinə nəzarət etməkdir. QHT-nin sədri müfti Camal Baqşadzedir. Bu vaxta qədər bu nəzarəti Qafqaz Mesəlmanları İdarəsi həyata keçirirdi.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular