Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Gürcüstan Müsəlmanları İdarəsinin yaradılması ilə bağlı mövqeyini mətbuat konfransında açıqlayacaq. QMİ-dən Modern.az-a verilən məlumata görə, A.Paşazadənin iştirakı ilə Qafqaz Müsəlmanlar İdarəsində bazar ertəsi keçiriləcək mətbuat konfransında şeyx bu məsələ barədə ətraflı açıqlama ilə çıxış edəcək və İdarənin məsələ ilə bağlı atacağı addımlar barədə məlumat veriləcək.
Qeyd edək ki, Rəsmi Tiflis gözlənilmədən bu ölkədə fəaliyyət göstərən İslam icmaları və məscidləri üzərində nəzarəti təmin etmək məqsədi ilə Gürcüstan Müsəlmanları İdarəsi yaradıb. İdarəyə Camal Baqşadze mufti təyin olunub. Bu isə Gürcüstanda yaşayan müsəlmanları qəzəbinə səbəb olub. Müşahidəçilər hesab edir ki, İdarəni yaratmaqla rəsmi Tiflis Bakıda yerləşən Qafqaz Müsəlmanları İdarəsinin bu ölkədə yaşayan müsəlmanlar üzərində təsir və rəhbərliyinə son qoymaq məqsədi güdür.
Artıq QMİ-nin Gürcüstan üzrə nümayəndəsi məsələ ilə bağlı mövqeyini açıqlayıb. Əli Əliyev deyib ki, idarənin yaradılmasına mənfi yanaşırlar.
“İdarə rəhbərliyi həmişə Bakıda olub və azərbaycanlılardan təşkil edilib. Yeni yaradılmış İdarədə isə rəhbərlikdə bir azərbaycanlı yoxdur. Olanlar yalnız ikinci dərəcəli vəzifələri tuturlar. Hər kəsin şeyx və müfti seçməsi düzgün deyil”-deyə Əli Əliyev vurğulayıb.
Modern.az