Serbiya prezidenti Boris Tadiç təcili keçirdiyi mətbuat konfransında 1996-cı ildən beynəlxalq axtarışda olan Bosniya serblərinin keçmiş hərbi komandanı, Bosniya müsəlmanlarına qarşı hərbi cinayətlər törətməkdə günahlandırılan Ratko Mladiçin yaxalandığını bəyan edib.
Modern.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, B.Tadiç bildirib ki, Mladiç səhər həbs edilib.
“Bu gün səhər Ratko Mladiç həbs edilib. Əməliyyat təhlükəsizlik xidməti rəhbərlik edib”-deyən Prezident bildirib ki, Mladiçin ekstradasiya prosesi artıq başlayıb. Mladiç Serbiya ərazisində həbs edilib. Prezident bunun təffərüatlarını açıqlamaqdan imtina edib.
Bundan əvvəl bir sıra media orqanları anonim mənbələrə istinadən Serbiyada R.Mladiçə bənzəyən bir şəxsin yaxalandığı barədə xəbər yaymışdılar.
Xatırladaq ki, Yuqoslaviyada törədilmiş hərbi cinayətlər üzrə yaradılmış Beynəlxalq Tribunal Radko Mladiçi 1992-1995-ci illərdə Bosniya-Herseqovinada hərbi cinayətlər törətməkdə ittiham edir.