Azərbaycanın Türkiyədəki Səfirliyi “28 May Respublika Günü” münasibətilə dünən Ankaranın “Sheraton Hotel” mehmanxanasında bayram tədbiri təşkil edib.
Tədbirdə Türkiyənin Baş Nazirinin müavini Cəmil Çiçək, Daxili İşlər Naziri Osman Güneş, Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi, Ordu Generalı İşıq Koşaner, yüksək rütbəli zabitlər, Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, ayrı-ayrı dövlət qurumlarında çalışan yüksək vəzifəli rəsmilər, tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, elm və incəsənət xadimləri, sənətçilər, fikir quruluşlarının nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, diaspor nümayəndələri və KİV nümayəndələri iştirak edib.
Səfir Faiq Bağırov 28 May Respublika gününün əhəmiyyətindən, tarixən Azərbaycan xalqının mədəniyyət səviyyəsinin yüksək olmasından, 1918-ci ildə ADR-nın qurucularının dövlətçilik tariximizdəki mühüm xidmətlərindən, 1991-ci ildə müstəqilliyimizi yenidən qazandıqdan sonra Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan xalqına əvəzsiz xidmətlərindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rasional siyasətindən və ölkəmizin mədəni, sosial həyatında Heydər Əliyev Fondunun mühüm fəaliyyətlərindən ətraflı şəkildə bəhs edib.
Tədbir zamanı 2011-ci ilin Azərbaycanda turizm ili olması münasibətilə ölkəmizin turizm potensialı ilə bağlı, eləcədə ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi ilə əlaqədar əyani materiallar səfirlik tərəfindən tədbir iştirakçılarına paylanılıb.
Modern.az