Modern.az

3 qəzet barədə materialları «Reket jurnalistika»ya qarşı Komissiya araşdıracaq

3 qəzet barədə materialları «Reket jurnalistika»ya qarşı Komissiya araşdıracaq

27 May 2011, 18:44

Mayın 26-da Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya 5 qəzetləə bağlı məsələyə baxıb.

«Texnikabank» ACS-nin «Unikal» qəzetində gedən yazılarla bağlı müraciəti araşdırılarkən nəşr rəhbərliyinin nəzərinə çatdırılıb ki, mətbu orqan bu sayaq mövzuların təqdimatından öncə onlarda jurnalistika prinsiplərinin, xüsusən də balans prinsipinin nə dərəcədə gözlənildiyini müəyyənləşdirməlidir. Buna əməl olunmaması nəşrin tərəfli olduğu rəyini formalaşdırır. Komissiya məsələnin müzakirəsində tərəflərin nümayiş etdirdikləri mövqeni qənaətbəəxş sayıb. Qəzetin «Texnikabank» ASC-nin mövqeyini əks etdirən məktubunun dərcinə hazır olduğunu bildirməsi məsələnin həlli baxımdan məqbul qiymətləndirilib. İclasda bank təmsilçisinin mətbuatda banklarla bağlı mövzuların işıqlandırılması zamanı çoxsaylı yanlışlıqlara yol verilməsi ilə bağlı iradına da münasibət bildirilib. Qeyd olunub ki, bu kimi halların aradan qaldırılması üçün banklar fəaliyyətləri ilə bağlı cəmiyyətə mütəmadi olaraq məlumat vermələri, həmçinin bu mövzuda Mətbuat Şurası ilə birgə maarifləndirmə təşəbbüsləri həyata keçirmələri vacibdir.

Növbəti məsələnin müzakirəsi zamanı «Cənub xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənovun nəzərinə çatdırılıb ki, bu mətbu nəşrdə gedən «Lerikin təhsil başqanı» (20 mart 2011-ci il) sərlövhəli yazıda qarşı tərəfə ironik yanaşma, həmçinin onun şərəf və ləyaqəti, işgüzar nüfuzu ilə bağlı məsələnin nə dərəcədə həqiqətə uyğunluğunun digər mənbələrdən dəqiqləşdirilməməsi mətbu nəşrin etik prinsiplərin tələblərinə sayğısız yanaşması qənaətini formalaşdırmaqdadır. «Şikayətçilər Leriki silkələyir» (19 aprel 2011-ci il) sərlövhəli yazıda da balans prinsipinin tələbləri pozulub.

Müzakirə edilən şikayətlərin biri orijinal tərəfi ilə seçilib. Belə ki, Göygöl rayonunda fəaliyyət göstərən «Qold pen» şirkətinin rəhbərliyi MŞ-yə müraciətində bildirib ki, «Sağlamlıq keşiyində» qəzetində nəşrin saylarının uzun müddətdən bəri bu qurumun sponsorluğu ilə çıxdığı yazılır. Halbuki belə bir rəsmi və ya şifahi razılaşma heç vaxt olmayıb. Digər yandan qəzetin səhifələrində etik prinsiplərə zidd bir sıra digər materiallar da yer almaqdadır ki, bu da istər-istəməz mətbu orqanın fəaliyyəti barədə şübhələr yaradır. «Sağlamlıq keşiyində» qəzeti şikayət məktubunda yer alan fikirlərin əsassızlığını isbatlayan müvafiq sənəd də təqdim etməyib.

«Vətəndaş haqqı» qəzetinin təmsilçiləri isə komissiyadakı müzakirə gedişində Mingəçevir şəhər 13 saylı orta məktəb direktorunun şərəf və ləyaqətinin, işgüzar nüfuzunun açıq-aşkar təhqirinə yönələn qərəzli və məqsədli yazı ilə bağlı komissiya üzvlərinin iradlarını əsassız sayıb.

«Əyalətin səsi» qəzetində gedən «anons»da da Ağdam rayonunun Xındırıstan bələdiyyəsinin sədrinə qarşı belə qərəzli mövqe tutulub. Komissiya hər üç qəzet barədə materialların MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında araşdırılmasını məqsədə müvafiq sayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular