“Baku” Konsert Kompleksində ölməz Müslüm Maqomayevin ifası ekranda canlanıb
Rusiyanın məşhur “Krokus”şirkətinin sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov 28 may Respublika Günü münasibəti ilə Moskvada “Baku” Konsert kompleksində böyük konsert proqramı ilə çıxış edib. Bu barədə Modern.az-a Emin Ağalarovun rəsmi fan-saytından məlumat verilib. Azərbaycan Xalq Cümhuriyyətinin 93 yaşının tamam olması ilə bağlı keçirilən konsertə xeyli sayda tamaşaçı gəlib.
Möhtəşəm konsert zamanı Emin tamaşaçılara öz yeni mahnılarını oxuyub. Eminin ifasında "İrresistible Sin", "Better", "Coming Home'' mahnıları səslənib. Böyük coşqu ilə keçən proqram ölməz sənətkar Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısı ilə başlanıb. Zaldan gurultulu alqışlar və “Azərbaycan!, Azərbaycan!” nidaları yüksəlib.
Emin Ağalarov vətənini çox sevdiyini deyib. O qeyd edib ki, Azərbaycanın “Avroviziya” yarışmasının qalibi olması onu çox sevindirib. Konsert boyu fanatlarından böyük gül dəstələri qəbul edən Emin mahnıları ilə gecəni xeyli canlandırıb.
Qeyd edək ki, iş adamı Emin Ağalarov son illər ciddi şəkildə musiqi ilə məşğul olur. Onun artıq bir neçə mahnısı Avropanın radio çartlarında hitə çevrilə bilib. Bakıda da Emin bir neçə dəfə konsert proqramı ilə çıxış edib.
E.Ağalarov Azərbaycan Prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva ilə evlidir.
Modern.az