Azərbaycanda alimlərin əmək pensiyaları əhəmiyyətli dərəcədə artırılacaqdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əlavə edilməsi barədə müvafiq təkliflər Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə təqdim olunub. Təqdim olunan layihəyə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya tədris müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının pensiyasının baza hissəsinin üzərinə əlavələr ediləcəkdir. Layihəyə əsasən, qeyd olunan kateqoriyadan olan pensiyaçıların pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat məbləğində, fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanması nəzərdə tutulur.
Dövlət Sosial Müdafiə Fondundan Modern.az-a verilən məlumata görə, artımlar təxminən 5960 nəfər pensiyaçıya şamil olunacaq. Onlardan 1460 nəfəri elmlər doktoru, 4500 nəfəri isə elmlər namizədidir. Qanuna edilən dəyişikilik işləməyən elmlər doktorlarına və elmlər namizədlərinə şamil ediləcək. Dəyişikliklərdə nəzərdə tutulan pensiyaların ödənilməsi üçün il ərzində təxminən 10 milyon manat vəsait tələb olunacaq.
“Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə əhalinin sosial müdafiəsinin daim mökəmləndirilməsinin xüsusi diqqət mərkəzində saxlanılması Azərbaycan Prezidenti cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətinin əsas məqsədlərindən biridir. Əmək pensiyalarına nəzərdə tutulan artımlar cənab İlham Əliyevin insan amilinə, yəni xalqın həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş ali siyasətinin reallaşdırılmasına mühüm töhfə verəcəkdir”-deyə Fonddan bildirilib.
Modern.az