Komissiyanın bu gün açıqladığı sənəddə dini icmaların qeydiyyat məsələsinin həll edilməsi vacib sayılır
Avropa Şurasının Milli Ayrı-seçkilk və Dözümsüzlük Əleyhinə Avropa Komissiyası (EQRİ) Azərbaycanla bağlı hesabatını açıqlayıb. Modern.az qurumun rəsmi saytına istinadən bildirir ki, Komissiyanın sədri Nils Muyjnieksin açıqladığı hesabatda Azərbaycanla bağlı bir sıra tövsiyyələr və iradlar yer alıb.
Hesabatda deyilir ki, Azərbaycanda irəliləyişlərə baxmayaraq, bir sıra sahələrdə problemlər qalır. “Dini icmaların qeydə alınması sahəsində və beynəlxalq dəstək axtaran insanların vəziyyəti ilə bağlı problemlər var”.
Sənəddə qeyd edilir ki, əməkçi miqrantlar üçün inzibati prosedurların sadələşdirilməsi üçün Dövlət Miqrasiya Xidməti yaradılıb və hakimiyyət həmçinin müvafiq qanunvericilik aktını da hazırlayıb.
“Qaçqınların sosial hüquqlarının təmin edilməsi üçün hakimiyyət bir sıra tədbirlər görüb. Hazırda iqtidar vətəndaşlığı olmayan şəxslərin problemlərini həll etmək istiqamətində işlər aparır. Son illər daha çox səylər məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması üçün ortaya qoyulub”-deyə hesabatda bildirilir.
Bununla yanaşı, sənəddə vurğulanır ki, dini icmalara münasibətdə bir sıra məhdudiyyətlər qoyulub.
“Dini icmaların qeydiyyata alınması prosesi çətinləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən azsaylı dini qrupların nümayəndələrinə qarşı vəzifə səlahiyyətlətinin aşması ilə bağlı bir sıra məlumatlar var. Bununla bağlı polislərin hərəkətindən şikayət faktlarının araşdırılması üçün müstəqil məhkəmə mexanizminə ehtiyac duyulur”-deyə hesabatda qeyd edilir.
Avropa Komissiyası qeyd edir ki, hazırkı vəziyyət qurumu Dağlıq Qarabağda və işğal altında olan digər yerlərdə yaşayan əhalinin vəziyyətini işıqlandırmağa imkan vermir.
“Hazırda bu ərazilər Azərbaycan hakimiyyətinin effektiv nəzarəti altında deyil”-deyə hesabatda vurğulanır.
Hesabatda həmçinin bildirilir ki, Ermənistanın adının rəsmi və digər vasitələrdə mənfi halda çəkilməsi erməni xalqı haqqında ictimai rəydə mənfi assosiyasiya doğurur. EQRİ hakimiyyəti Azərbaycanın yuridiksiyasında olan ermənilərə qarşı münasibətin dəyişdirlməsinə çağırıb. Komisisya siyasi partiyaları milli ayrı seçkiliyə, diskriminasiya cəhdlərinə qarşı dəqiq mövqe bildirməyə çağırıb.
“Siyasi qüvvələr ermənilərlə bağlı məsələlərin müzakirələri zamanı mənfi qiymət və münasibət açıqlamaqdan çəkinməlidirlər”-deyə hesabatda deyilir.
Özünün hesabatında Komissya bir sıra tövsiyyələrini irəli sürüb. Avropa Komissiyası hesab edir ki, tez bir zamanda dini icmaların qeydiyyatnı başa çatdırmaq və onların hüquqi vəziyyətini dəqiqləşdirmək, Miqrasiya Kodeksini tam qəbul etmək lazımdır.
Hesabat Komissiya üzvlərinin 2010-cu il sentyabr ayında səfərindən sonra hazırlanıb.
Bu Komissiya Avropa Şurasının insan hüquqları üzrə qurumu olmaqla müstəqil ekspertlərdən təşkil edilib. Komissiya milli və dini ayrı-seçkilik, etnik diskriminasiya, sahələrində olan problemləri araşdırır və AŞ üzvü olan ölkələr üçün hesabat hazırlayır.
Modern.az