Müxalifət partiyalarının birləşdiyi İctimai Palata etiraz aksiyalarının davam etdirmək niyyətində olduğunu bəyan edib. Modern.az bildirir ki, bu barədə İP-in 19 iyun aksiyası ilə bağlı yaydığı bəyanatda deyilir.
İP 2 aprel mitinqi ilə bağlı həbs olunmuş 15 fəalın azadlığa buraxılmasını tələb edir. Eyni zamanda vətəndaşlar polis və təxribatçıların zorakılığına cavab verməməyə çağırılır. Qurum həmçinin bazar günü Bakıda keçirilən aksiyanın polis tərəfindən dağıdılmasını qəti şəkildə pisləyib.
Bəyanatda deyilir ki, Bakı şəhər İcra Hakimiyyəti Konstitusiya və sərbəst toplaşma haqqında qanunu pozaraq İP-nin “Nərimanov” kinoteatrının qarşısında aksiya keçirməsinə icazə verməyib.
İP sərbəst toplaşma azadlığının növbəti dəfə kobud şəkildə pozulmasını qəti şəkildə pisləyir, tutulanların buraxılmasını tələb edir və 19 iyun aksiyasını kütləvi etiraz hərəkatının yeni mərhələsi kimi dəyərləndirir. Bazar günü aksiyasından sonra növbəti etirazların hazırlanması üçün məhəllə, həyət, qəsəbələrdə müstəqil monitorinq qruplarının yaradılmasına başlanılıb.
Aksiyanın qətnaməsində real siyasi, sosial və iqtisadi islahatların keçirilməsi, növbədənkənar parlament seçkilərinin təyin olunması, yeni Konstitusiyanın hazırlanması və proporsional seçki sisteminin bərpası, sərbəst toplaşma, ifadə, mətbuat, dina azadlığının təminatı tələb olunur.
Bundan əlavə, nazirlərin və digər vəzifəli şəxslərin fəaliyyətinin şəffaf araşdırılması tələb olunur. İP neft gəlirlərinin ədalətli bölünməsini, minimal əmək haqları və pensiyaların, digər ödənişlərin iki dəfə artırılmasını, keçmiş SSRİ-nin əmanət bankında toplanmış vəsaitlərin əhaliyə qaytarılmasını tələb edir.