Modern.az

Avropa Parlamentinin deputatları Azərbaycan jurnalistlərinin müraciətinə baxacaqlar

Avropa Parlamentinin deputatları Azərbaycan jurnalistlərinin müraciətinə baxacaqlar

21 İyun 2011, 09:14


Azərbaycan Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin Qaçqın Jurnalistlər Departamenti tərəfindən beynəlxalq təşkilatlara ünvanlanan müraciəti Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 11-ci iclasında müzakirəyə çıxarılacaq. Bu barədə Modern.az saytına Milli Məclisin deputatı, Avropa Parlamenti Əməkdaşlıq Komitəsinin sədr müavini Fuad Muradov məlumat verib. F.Muradov bildirib ki, azərbaycanlı qaçqın-köçkün jurnalistlərin məktubu Avropa Parlamentinin deputatlarına təqdim olunub və onun müzakirəsi iclasın gündəliyinə daxil edilib.

Modern.az-ın məlumatına görə, Ümumdünya Qaçqınlar günündə beynəlxalq aləmə müraciət edən azərbaycanlı qaçqın-köçkün jurnalistlər bildiriblər ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində ailələri ilə birgə problem yaşayırlar.
”Sizə müraciətimizin səbəbi isə odur ki, ata-babalarımıza məxsus olan yerlər, onların dəfn olunduğu məzarlıq  barədə dəqiq məlumat əldə etmək istəyirik. Çünki Ermənistanın işğalçılığı öz evimizə getməyə imkan vermir.  
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgələrinə biz jurnalist olaraq səfər etmək istəyirik. Biz valideynlərimizin evinə getmək, evlərinin vəziyyəti barədə onlara məlumat gətirmək istəyirik. Bu işdə səlahiyyət və imkanlarınız daxilində bizə yardımçı olmağınızı xahiş edirik”.

Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 11-ci iclası dünən öz işinə başlayıb. Parlament Əməkdaşlığı Komitəsinin ikigünlük toplantısında əsasən iqtisadiyyat, təhsil, ətraf mühit sahələrində əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermək kimi məsələlər müzakirə olunur.

İclasın ilk günündə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov  ölkəmizin Avropa İttifaqı ilə əlaqələrin genişlənməsinə böyük önəm verdiyini qeyd edib. Komitənin Çexiyadan olan digər həmsədri Milan Kabrnox qurumun bu formatda sonuncu toplantısının 2009-cu ilin sonunda Brüsseldə keçirildiyini xatırladıb, ötən müddətdə baş verən mühüm hadisələrdən danışıb. O deyib ki, Avropa təsisatları Azərbaycan ilə əməkdaşlıqdan məmnundur və buna böyük önəm verirlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular