Modern.az

Deputat Sahibə Qafarova: "Əgər birgə yaşamaqdan danışılırsa, problemlər də etiraf edilməlidir"

Deputat Sahibə Qafarova: "Əgər birgə yaşamaqdan danışılırsa, problemlər də etiraf edilməlidir"

22 İyun 2011, 16:56

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası öz işini davam etdirir. Dünən keçirilən müzakirələrdə azərbaycanlı millət vəkilləri də çıxış ediblər.

«XXI əsrdə Avropada birgə yaşamaq» mövzusunda keçirilən müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova qeyd edib ki, XXI əsrdə xüsusilə, milli sərhədlərin assimlyasiyaya uğradığı, xalqların bir-birinə qaynayıb qarışdığı, sivilizasiyaların yaxınlaşdığı qloballaşan dünyada birgə yaşamaq mədəniyyətinin formalaşması olduqca böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, “qlobal təhdidlərin, terrorizm, dini qarşıdurma meyllilərinin xüsusilə həssas yanaşmaq tələb etdiyi bir məqamda birgə yaşamaq arzusu, bu yöndə atdığımız və gələcəkdə atacağımız addımlar bizim milli mədəni, mənəvi dəyərlərimizdən imtinaya gətirib çıxartmamalı, fərqli dinlərin, xalqların nümayəndələri olmağımız bizim aramıza nifaq salmamalıdır, əksinə, inanclarımızı, düşüncələrimizi bir-birimizə zorla qəbul etdirmək yolunu seçmədən bərabərlik, səmimiyyət, dürüstlük, sevgi, hörmət və xoş niyyətlə birlikdə çalışmalı, ortaq bəşəri dəyərlərimizi birgə qorumalıyıq”.
Azərbaycanda yaradılan yüksək tolerantlıq mühitindən də danışan Sahibə Qafarova xüsusi olaraq vurğulayıb ki, dövlətimizin vətəndaşlarına münasibəti heç bir dini, milli, irqi əsaslara söykənmir:

«Çox qürur hissi ilə qeyd etməliyəm ki, Azərbaycan dövləti olaraq, biz ölkəmizi fərqli dinlərin, fərqli xalqların nümayəndələrinin mehriban, dostluq şəraitdə yaşadığı bir məkana çevirə bilmişik. Bu gün Azərbaycanın xristian icması da, ölkəmizdə əsas çoxluq təşkil edən müsəlman cəmiyyəti ilə eyni hüquqlara, eyni haqqlara sahibdir. Bizim dövlətimizin vətəndaşlarına münasibəti heç bir dini, milli, irqi əsaslara söykənmir. Məhz buna görə də, Azərbaycanlı, rus, yəhudi, gürcü və s. olmasından asılı olmayaraq, bütün vətəndaşlarımız ortaq dəyərlərimizlə və ortaq maraqlarımız naminə yaşamağı özü üçün şərəf bilir. Heç də təsadüfi deyil ki, bu gün dünya liderləri, ölkəmizdə səfərdə olan müxtəlif xalqların nümayəndələri Azərbaycanı tolerantlıq, dini dözümlülük baxımından örnək ölkə hesab edir, ölkəmizdə tətbiq olunan modeli mütərəqqi qiymətləndirirlər».

Daha sonra Sahibə Qafarova deyib ki, əgər bu gün birgə yaşamaqdan danışılırsa, buna təhdid yaradan, mane olan problemlər də etiraf edilməlidir.
Millət vəkili daha sonra Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verərək bu problemin təhlükəsizlik və sülhə böyük təhdid olduğunu vunrğulayıb:

«Ermənistan dövlətinin Azərbaycana məxsus Dağlıq Qarabağ ərazisini və ona bitişik 7 rayonu işğal etməsi bölgədə qeyri - sabit durum yaratmışdır. 1994-cü ildə tərəflər arasında atəşkəs rejiminin yaranması və danışıqlar prosesinə başlanmasına baxmayaraq, hələ də münaqişənin həllinə nail olunmamışdır. Azərbaycan danışıqların ilk günündən obyektiv əsaslara və beynəlxalq hüquqa söykənən, ədalətli və kompromis həll yollarını dəstəkləmiş, münaqişənin həllində səmimilik nümayiş etdirmişdir. Amma çox təəssüf ki, qarşı tərəf Ermənistan bütün dəyərləri, beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq, müxtəlif manevrlərlə danışıqların uzanmasına çalışmışdır. Təbii ki, Avropanın sərhədləri daxilində 20 ildən artıqdır davam edən bir konfliktin mövcud olması, həm ümumilikdə insan hüquqları, beynəlxalq sülh prinsiplərinə ziddir, həm də bizim birgə yaşamaqla bağlı çağırışlarımızı şübhə altına alır. Mən bir daha beynəlxalq ictimaiyyəti bu məsələyə daha artıq diqqət ayırmağa, işğalçı dövlətə qarşı müvafiq addımlar atmağa çağırıram».

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular