Modern.az

MTN brilyant qaçaqmalçısını tutub

MTN brilyant qaçaqmalçısını tutub

23 İyun 2011, 15:51

Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə 141,14 karat brilyant daşları Azərbaycana gətirmiş şəxs yaxalanıb.

Nazirliyin ictimai əlaqələr mərkəzinin məlumatına görə,  Azərbaycan vətəndaşı Mayis Şahverdi oğlu Fərəcov bir qrup şəxslə cinayət əlaqəsinə girərək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində alınan külli miqdarda brilyant daşları gömrük nəzarətindən gizli yolla keçirib Azərbaycana gətirib.

Müəyyən olunub ki, Mayis Fərəcov 2011-ci il iyunun 15-də Dubaydan təyyarə ilə Bakıya qayıdarkən şampun qabının içərisində gizlətdiyi daş-qaşı hava limanının gömrük məntəqəsindən qaçaq yolla gizli keçirib.

Mayis Fərəcov Azərbaycan Respublikasının gömrük sərhədini keçdikdən sonra Hava Limanının avtomobil dayanacağında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalanıb. Onun üzərinə hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı onun əlində olan sellofan paketdəki şampun qabının içərisində gizlətdiyi ümumi çəkisi 141,14 karat, qiyməti 43 min 240 manat dəyərində olan brilyant daşlar aşkar edilərək götürülüb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılıb, Mayis Fərəcov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular