Azərbaycan prezidenti İlham Əliyev iyunun 25-26-da Tehranda keçiriləcək, terrorizmlə mübarizəyə həsr olunan beynəlxalq konfransda iştirak etməyəcək. Modern.az İRNA agentliyinə istinadən bildirir ki, bu tədbirdə Azərbaycanı milli təhlükəsizlik naziri Eldar Mahmudov təmsil edəcək.
İran xarici işlər naziri Əli Əkbər Salihi bildirib ki, beynəlxalq konfransın işində altı ölkənin prezidenti, baş nazirlər və xarici işlər nazirləri gələcək. XİN rəsmisi Mubarəki isə bildirib ki, Tacikistan prezidenti İmamoli Rəhmon və Əfqanıstan prezidenti Həmid Kərzayi konfransda iştirak edəcək.
Qeyd edək ki, ötən həftə İran prezidenti Mahmud Əhmədinejad dövlət başçısı İlham Əliyevə zəng edərək onu adıçəkilən toplantıya dəvət edib. Salihi qeyd edib ki, konfransda müxtəlif məsələlər müzakirə olunacaq. Beynəlxalq konfransa İran prezidenti Mahmud Əhmədinejad sədrlik edəcək.
Modern.az