Modern.az

Avropada İlham Əliyevə mükafat verildi

Avropada İlham Əliyevə mükafat verildi

23 İyun 2011, 18:03

İyunun 23-də Brüsseldə Krans Montana Forumunun rəsmi açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun “Azərbaycan: Şərqə doğru Avropanın qabaqcıl mayakı” sessiyasında iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə ölkəmizlə bağlı təqdim edilən sərgi ilə tanış olublar.
AzərTAc-ın məlumatına görə, forumda Azərbaycana maraq böyük olub. Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron, Belçika Krallığı Baş nazirinin müavini, maliyyə naziri Didier Reynders, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, Albaniyanın Baş naziri Sali Berişa, Əlcəzairin planlaşdırma naziri Həmid Temmar və İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri mərasimdə çıxış edib Azərbaycanda gedən iqtisadi inkişaf proseslərindən danışıblar.
Prezident İlham Əliyev Forumda çıxış edib. Dövlət başçısı ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə məlumat verib. Deyib ki, Azərbaycan inkişafının tam təmin edilməsi üçün güclü iradəyə malikdir. On ildir Azərbaycanın Avropa Şurasının üzvü olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, indi ölkəmiz Avropa İttifaqı ilə əlaqələri gücləndirir. Prezident İlham Əliyev Brüsseldə keçirdiyi görüşlərin əhəmiyyətinə toxunub və gələcəkdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib.
Neft ölkəsi olan Azərbaycanın gələcək illər üçün öz inkişafını qeyri-neft sektoruna yönəltdiyini deyən dövlət başçısı bildirib  ki, Avropa təsisatları ilə sıx əməkdaşlıq bizim üçün vacibdir. “Azərbaycan mədəniyyətlərarası dialoqda mühüm rol oynayır, cəmiyyətimiz çoxmədəniyyətlidir və Azərbaycan bu sahədə beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib”, - deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, ölkəmiz regional təhlükəsizliyə böyük diqqət yetirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bildirib ki, artıq 20 ildir Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır, ölkədə 1 milyon qaçqın və məcburi köçkün var. Ermənistan bu günə qədər beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirməyib.
“Münaqişə nə qədər tez həll olunsa bu, regional təhlükəsizliyə ən böyük töhfə olar”, - deyən dövlət başçısı enerji məsələsinə də toxunub, dünyada şəffaf qurum kimi tanınan Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətindən, Azərbaycanın şaxələndirilmiş neft-qaz infrastrukturundan, hazırda ciddi şəkildə müzakirə olunan “Cənub” qaz dəhlizinin əhəmiyyətindən danışıb. Prezident İlham Əliyev “Evrovision” beynəlxalq mahnı müsabiqəsində ölkəmizə səs verdiklərinə görə, Avropanın paytaxtı hesab olunan Brüsseldən hamıya təşəkkürlərini çatdırıb.

Forumun ən ali mükafatı “PRIX DE LA FONDATION” Prezident İlham Əliyevə təqdim olunub.
Prezident İlham Əliyev mükafata və xoş sözlərə görə, təşəkkürünü bildirib.
“Bizim hədəfimiz müasir Azərbaycanda sülhə nail olmaqdır”, - deyən dövlət başçısı bildirib ki, güclü mövqeyimiz ölkəmizə müstəqil siyasət yürütməyə imkan verir, mühüm qlobal və regional layihələrdə Azərbaycanın mövqeyi tərəfdaşların mövqeyi ilə üst-üstə düşür.
“Bu mükafatı Azərbaycana verilən mükafat kimi qəbul edirəm”, - deyən Prezident İlham Əliyev bir daha təşəkkürlərini çatdırıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular