Təhsil Nazirliyinin məlumatına görə, may ayında qurumun “qaynar xətt” xidmətinə daxil olan müraciətlər arasında özəl ali təhsil müəssisələri ilə əlaqədar 2 şikayət olub.
«Özəl ali təhsil müəssisələrindən daxil olmuş hər 2 müraciət Odlar Yurdu Universitetində diplom üçün rüsum tələb olunması barədədir» deyə nazirliyin mətbuat xidməti bəyan edib.
Məsələyə münasibət bildirən Odlar Yurdu Universitetinin rektoru, deputat Əhməd Vəliyev Modern.az saytına açıqlamasında deyib ki, bu təhsil ocağı özəldir və burada diploma görə rüsum tələb olunmasında qeyri-adi heç nə yoxdur. Ə.Vəliyevin sözlərinə görə, Odlar Yurdu Universitetinin döş nişanı bir qədər bahadır, o da Türkiyədə hazırlanır, onunla əlaqədardır. Diplomun alınmasına görə, rüsum isə çox aşağı məbləğdir.
Rektor deyib ki, bəzi tələbələr təhsil haqqını ödəməyi ləngidirlər və belə şəxslərin diplomla bağlı rüsum məsələsini qabartmaları mümkündür.
Modern.az