Bu gün Milli Məclis Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məsələni müzakirə edib. Sənəd barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Sənəd millət vəkili Gülər Əhmədova tərəfindən tənqid olunub. Deputat bildirib ki, Azərbaycanda antikorrupsiya tədbirləri aparılır: “Ancaq bu qanundan belə görünür ki, hansısa ölkədə həmin ölkənin qanununa uyğun olaraq bir azərbaycanlı sahibkar öz işinin irəli getməsi üçün hədiyyə verəcəksə, bu, Azərbaycan qanunvericiliyinə zidd olacaq, deməli, bu şəxs Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunacaq. Hesab edirəm ki, bu düzgün məsələ deyil, gəlin biz iş görən adamlara qarşı bu şəkildə davranmayaq, iş bacaran adamları türmə ilə təhdid etməyək. Düşünürəm ki, bu lüzumsuz bir sənəddir, ona görə də deputatları bu sənədə səs verməməyə çağırıram”.
Deputat bildirib ki, onsuz da bu günə qədər Avropa Azərbaycanda xeyli sayda maraqlarımıza uyğun olmayan qanunlar qəbul etdirib:
“Buna Ailə Məcəlləsini, “Alternativ hərbi xidmət haqqında” qanunu, eyni cinsdən olanların evlənməsi ilə bağlı məsələni buna misal çəkə bilərəm. Biz nəyə görə bu məsələlərə getməliyik, qoy, bizim müzakirəyə çıxartdığımız sənədi heç olmasa 10 Avropa ölkəsi təsdiqləsin, heç olmasa, ondan sonra biz qəbul edək”.
Millət vəkili Siyavuş Novruzov isə qeyd edib ki, Azərbaycan dövləti korrupsiyaya qarşı gerçəkdən mübarizə aparır və hər bir normal demokratik dövlətdə korrupsiya cinayət hesab olunur: “Yox, hər hansı bir çirkli pullar yuyulan ölkədə azərbaycanlı sahibkar qanunları pozaraq iş görəcəksə, təbii ki, o cəzalandırılacaq. Buna misal da çəkə bilərəm. Tutaq ki, hər hansı bir xarici ölkədə tender keçirilir, bu tenderdə 2-3 Azərbaycan şirkəti iştrak edir. Azərbaycanın iki şirkəti qanuna uyğun şəkildə fəaliyyət göstərir, üçüncü şirkət isə rüşvət verərək o tenderdə qalib gəlirsə, bu, düzgün deyil. Ona görə də buna qarşı ciddi addımalr atılmalıdı”.
Sonda deputatlar sənədi təsdiqləyiblər.
Bununla da hər hansı azərbaycanlı sahibkar, Azərbaycandan kənarda Azərbaycanın qanunlarına uyğun olmayan (digər ölkənin qanunları burada önəm daşımır-red) hərəkətlərlə məşğul olacaqsa, fəaliyyət göstərəcəksə, elə o, Azərbaycan qanunlarına uyğun olaraq cinayətə cəlb olunacaq.
Modern.az