Dövlət Neft Şirkətinin (ARDNŞ) Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev ölkəmizdə səfərdə olan İtaliyanın məşhur neft sahibkarı, “Saras S.p.A” korporasiyasının sahibi, Milanın “İnter” futbol klubunun prezidenti Massimo Morattini və onu müşayiət edən şəxsləri qəbul edib.
ARDNŞ-nin məlumatına görə, Massimo Morattini qiyabi olaraq çoxdan tanıdığını söyləyən Rövnəq Abdullayev onunla şəxsən tanış olmaqdan məmnunluq duyduğunu bildirib.
O deyib: “Bizim hər ikimizi həm neft işi, həm də futbol bağlayır. Azərbaycana xoş gəlmisiniz!” Ölkəmizin dinamik inkişaf edən və modernləşən demokratik bir respublika olduğundan danışan ARDNŞ prezidenti son illər Azərbaycanda gedən sürətli sosial-iqtisadi yüksəlişdən ətraflı bəhs edib, bu inkişafın hərəkətverici qüvvələrindən olan neft-qaz sənayesində əldə olunan nailiyyətlərə toxuub.
R.Abdullayev ARDNŞ-nin xaricdəki fəaliyyətindən danışarkən “SOCAR Trayding” müəssisəsinin perspektivləri üzərində xüsusi dayanıb. O, “SOCAR Trayding”in “Saras” şirkəti ilə sıx əməkdaşlıq əlaqələri qurduğunu nəzərə çatdırıb və bu əməkdaşlığı yüksək qiymətləndirib. R.Abdullayev “Saras”la SOCAR arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıldığını qeyd edərək, bu əməkdaşlığın qarşıdakı illərdə daha da dərinləşəcəyinə əminliyini bildirib.
Massimo Moratti Azərbaycanda ilk dəfə olduğunu və Bakı ilə tanışlığın onda böyük təəssürat doğurduğunu deyərək paytaxtımızın arxitekturasında qədimlik və müasirlik elementlərinin sıx qovuşduğunu xüsusi qeyd edib: “Bu iki cəhət Bakını fantastik dərəcədə gözəlləşdirir. Mən bundan sonra da Bakını və buradakı dostlarımı görməyə tez-tez gələcəyəm”.
Atası Ancelo Moratti tərəfindən yaradılmış “Saras” korporasiyasının sahiblərindən biri olduğunu söyləyən qonaq, bu şirkətin İtaliyada və digər ölkələrdə fəaliyyətindən geniş söz açıb. ARDNŞ-ni böyüyən və ilbəil inkişaf edən beynəlxalq səviyyəli bir şirkət kimi yaxşı tanıdıqlarını deyən qonaq əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını ifadə edib.
Sonra tərəflər arasında neft işi və futbol ilə əlaqədar qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda ARDNŞ-nin və AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Saras S.p.A” korporasiyasının sahibi, Milanın “İnter” futbol klubunun prezidenti Massimo Moratti bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Modern.az